Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin gömrük mayoru, 12 il qüsursuz işləmiş Tahir Tahirinin heç bir səbəbsiz vəzifəsindən azad olunmasından xəbərdardırmı?

 Ölkə mediasında Dövlət Gömrük Komitəsinin (DGK) bəzi işçilərinin səhlənkarlığı, məsuliyyətsizliyi, işinin öhdəsindən gələ bilməməsi, sahibkarları, ayrı-ayrı iş adamlarını haqsız olaraq incitməsi və s. barədə çoxsaylı yazılar, şikayətlər kifayət qədərdir. «Təzadlar»a da belə şikayətlər daxil olmaqdadır, araşdıranda maraqlı məqamlarla qarşılaşırıq. Səbəblər hər kəsi ciddi düşünməyə vadar edəndir…

***

 Yenə də gömrük sistemində hüquqları həqiqətən də haqsız yerə pozulan bir insan barədə məlumat almışıq. 12 il DGK sistemində qüsursuz işləmiş,  sonuncu iş yerində- “İpək yolu” gömrük postunda  baş inspektor vəzifəsini daşımış gömrük mayoru Tahir Tahirinin işdən çıxarılması barədə məlumat eşitdik. T.Tahiri mərhum Xalq şairi, o taylı, bu taylı Azərbaycanın vahid simvolu olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunmuş, Ulu Öndər Heydər Əliyev haqqında «ATA» Ensiklopedik əsərin müəllifi Söhrab Tahirin oğludur.

 Məlumat üçün qeyd edək ki, 90 il çox şərəfli bir ömür yaşayan, “Şərəf” ordenli, Prezident təqaüdçüsü Söhrab Tahir ömrünün son illərində xəstələnən zaman Azərbaycanın Birinci Vitse-Prezidenti, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva “Mərkəzi Neftçilər Xəstəxanasında” yatan şairin, nəinki bütün müalicə xərclərini qarşılamış, hətta bir neçə dəfə şəxsən ziyarətinə getmişdir. Bu, bir daha göstərir ki, Söhrab Tahir dövlətimiz üçün çox dəyərli və qiymətli yaradıcı insan olub. Bu gün isə, ömrü boyu dövlətə, onun Prezidentinə sədaqətlə xidmət etmiş bir insanın oğlunu, 12 il qüsursuz işlədiyi vəzifədən heç bir əsas göstərilmədən, qəflətən, hər hansı xəbərdarlıq edilmədən işdən çıxarılır…  Düzdür, onu DGK-nın Maştağada yerləşən “Azterminal Kompleks Birliyi”nə inspektor göndəriblər. DGK-də çalışmış mütəxəssislərin birindən aldığımız məlumata görə, bu Terminalın işi xaricdən gətirilən mallara bəyannamə (deklarasiya) yazmaqdan ibarətdir. Bunu isə gömrüyə işə təzə qəbul olunan və bir növ sınaq müddəti keçən, hətta orta texniki təhsili olan  işçilər yerinə yetirir. 12 ilin mütəxəssisi və gömrük mayorunun bura göndərilməsi işdən çıxarılmaga bərabər kimidir, açıq desək, təhqirdir!  

Bəs bu münasibətin müəllifi kimdir??? Bütün bunlara aydınlıq gətirmək üçün xalq şairi Söhrab Tahirin oğlu Tahir Tahirini aradıq. Çox təəssüf ki, məzuniyyətdə olduğundan telefonu bağlı oldu, bəzi məlumatları özündən ala bilmədik. Amma bizə məlumat verən mənbə bildirdi ki, fakt dəqiqdir. Əlbəttə, görkəmli bir şairin oğluna qarşı belə münasibət, haqsızlıq yolverilməzdir. Məlum oldu ki, bu məsələnin baş qəhrəmanı elə Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük polkovniki Pərviz Kəngərlidir. Təbii ki, P.Kəngərlinin təqdimatı olmasa, baş idarədə əmrə imza atılmaz. Ən azı Mənbə xüsusi olaraq qeyd edir ki, Tahir Tahirinin işlədiyi 12 il ərzində heç bir nöqsanı, olmayıb. Hətta deyim ki, mərhum Xalq şairi ilə bir dəfə söhbətimiz zamanı öyrəndim ki, DGK-nın Qazaxdakı “Qırmızı körpü” gömrük postunda növbə rəisi olan oğlu Tahiri rəhbərliyə müraciət edərək iş yerinin başqa bir işə dəyişdirilməsini sədrdən xahiş edib. Səbəbini soruşanda şair o vaxt belə izah izah vermişdi: “…Ora çox pullu yerdir. Qorxuram Tahirin də əli rüşvətə bulaşar”.

Əlbəttə, Söhrab Tahir kimi təmiz, vicdanlı, şərəfli bir ömür yaşamış kişinin oğlu, heç vaxt onun tövsiyyəsindən çıxa bilməzdi və bu gün də ata tövsiyyəsinə sədaqətli olması təəccüblü deyil.

 Amma inanırıq ki, DGK-nın sədri, hörmətli Səfər Mehdiyevin bu məsələdən xəbəri yoxdur. Mən tam ciddiliyi ilə bildirirəm ki, cənab S.Mehdiyev bu məsələdən xəbərdar olsa, dərhal bu ədalətsizliyi aradan qaldıracaq. Çünki onsuz da adı qeyri-peşəkarlıqda və s. hallanan bəzi işçilərin cəb olduğu sistemdə peşəkar kadrlara ehtiyac var. Elə isə, baş verənin mənası nədir??? Biz S.Mehdiyevin dövlətə və Prezidentə sadiqliyinə şübhə etmirik. Ona görə də əmin olduğumuzu bildirmək istəyirik ki, Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunmuş bir ailənin- mərhum Xalq şairi Söhrab Tahirin oğluna qarşı Pərviz Kəngərli tərəfindən yol verilmiş bu özbaşınalığı  aradan qaldırılacaq.

Elçin MƏMMƏDLİ

P.S.Tahir Tahirinin işdən çıxarılmağının səbəbini öyrənmək üçün vikipediyada tərcümeyi-halını oxuyuram və araşdırdım. Bircə nöqsanı var: Nehrəm kəndində anadan olmayıbmış…

(2022-03-16 17:26:16)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN