“Musiqinin məqsədi qəlblərə toxunmaqdır”- İohan Sebastyan Bax

 …Yüksək sənət nümayəndələrinin düşüncələri bir qayda olaraq dialektikaya uyğun yenilənir və bilavasitə yaradıcılıq axtarışlarının zirvəsinə yüksəlir. Geridə qoyduğumuz hər il, hər ay və gün ölkəmizin mədəni irsini nadir musiqi, xoreoqrafiya, təsviri və dekorativ-tətbiqi sənət nümunələri ilə zənginləşdirir, inkişaf etdirir. Bununla belə, klassik irsin ölməzliyini dərk edənlər hər zaman keçmişin ölməz əsərlərini canlandırıb, tamaşaçı və dinləyici auditoriyasını keyfiyyətcə yüksəldir, məzmunca isə zənginləşdirir.

Əlamətdar haldır ki, bu gün minlərlə insanın qəlblərini fəth edən“Avanqard” kamera orkestri keçmişin əsərlərinə yeni nəfəs verməklə, yetkin nəslin yaddaşında unikal şəkildə həkk olunmuş Azərbaycan melodiyalarının canlanmasına öz töhfəsini verir. Həqiqətən, keçmiş illərin musiqi poetikasında xoş hisslərin bütöv bir kompleksini izləmək olar. Kino musiqisi isə bizlərə səmimiyyətlə dolu söz və ifadələri pıçıldayaraq, bizi bir neçə anlıq keçmişə səyahət etməyə dəvət edir.

Onlar şüurumuzu həyəncanlandıraraq, müasir nəslin genetik yaddaşının dərinliklərinə nüfuz edir və sonrakı həyatımızda özünü ifadə edir. Bəli, Azərbaycan musiqisi bizi həyat yolumuzda qarşımıza çıxan çətinlikləri sinə gəlməyə ruhlandırır, hər bir dinləyiciyə həyatın bütün təzahürləri ilə necə gözəl olduğunu xatırladır.

Təəssüf ki, həyatın əvəzolunmaz əhəmiyyəti və dəyərini insan yalnız dəhşətli kütləvi kataklizm zamanı dərk edir. Bu dəfə də belə oldu. Həyatımızın son üç ili çox mürəkkəb olmuş, bu müddət ərzində bəşəriyyət çox çətin sınaqdan keçmişdir. Koronavirus pandemiyası planetimizdəki bütün canlıların həyati fəaliyyətini iflic etmişdir.

Azərbaycan üçün bu tarixi dövr ikiqat ağır, ən sınaqlı və nə qədər təzadlı olsa da şərəfli dövr idi. Çünki bizim üçün müqəddəs sayılan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında otuz ildən sonra 44 günlük Vətən müharibəsində əladə olunan Böyük Qələbə nəticəsində düşmən məğlub edildi, soydaşlarımızın doğma el-obasına Böyük Qayıdışı başladı.

Həmin dövrdə insanın yaradıcı ruhu yorulmadan özünüifadə və özünürealizə etmə vasitələri axtarışına çıxmışdı. Heç nə onu nə dayandıra, nə də ki, yolundan edə bilməzdi. Bu müddət ərzində sosial məhdudiyyətlərə rəğmən yaradıcı ruhumuzun şüaları fani dünyamızı işıqlandırmağa müvəffəq oldu.

Bu baxımdan qeyd etmək vacibdir ki, 2022-ci il həyatımızda silinməz izlər qoyub. Nə qədər çətin olsa da, ölkəmiz həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də mədəni-maarif baxımından irəliyə doğru addımlaya bilmişdir.

41

Həqiqətən, hər bir işdə xeyir var. Yer üzündəki hər bir insana təsir edən pandemiya səbəbindən tətbiq olunan total məhdudiyyətlər ünsiyyətin yeni element və metodlarını, məlumatların, hisslərin və emosiyaların ötürülməsini ərsəyə gətirə bildi. Yalnız, bu prosesin müsbət mahiyyətini saxlamaq üçün konseptual yanaşma tələb olunurdu. Etiraf edək ki, həyatda qalmanın və problemin öhdəsindən gəlmənin bu mühüm amilini az adam hiss edib dərk edə bildi.

Fürsətdən istifadə edib silsilə yaradıcılıq uğurlarına start verənlər isə ən ideal üsula - Azərbaycan milli mədəniyyətinin və mədəniyyətlərarası dialoqun təbliği kontekstində öz yaradıcılıq potensiallarını realizə etməyə əl atdılar.

Son iki ildə konsertləri və şou proqramları ölkəmizin mədəni həyatında kifayət qədər əlamətdar hadisəyə çevrilmiş gənc musiqiçilərdən ibarət “Avanqard” Kamera Orkestri də buna nail oldu.

***

Ötən müddət ərzində “Avanqard” Kamera Orkestri öz çıxışları ilə ölkədə və ölkə hüdudlarından kənarda milyonlarla tamaşaçının rəğbətini qazanıb.

“Art-East Media Group”un brendi olan, və yarandığı gündən uğurla fəaliyyət göstərən “Avanqard” kamera orkestri respublikada və xaricdə böyük rezonans doğuran orijinal yaradıcılıq konsertləri ilə çıxış edir. Ölkəmizin mötəbər səhnələrində çıxış edən, məharət və peşəkarlıq nümayiş etdirən orkestr geniş ictimaiyyətin böyük rəğbətini qazanmışdır.

Əlamətdar haldır ki, “Avanqard” Kamera Orkestrinin müəllif layihəsi olan “Musiqili proyektor” multimedia şousu ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş, bu da, ölkədə multimedia şousunun müntəzəm nümayişinə ehtiyac yaratmışdır. Və bu heç də təsadüfi deyil.

Bu unikal multimedia şousunda Avanqard kamera orkestrinin ifasında tamaşaçılara Azərbaycan və dünya kinomatoqrafçılarının ən məşhur filmlərindən olan musiqi və saundtreklər yeni aranjimanda təqdim olunur. Şounun özəlliyi isə sevimli filmlərdən olan musiqi əsərlərinin parlaq rəqs nömrələri, xoreoqrafik kompozisiyalar və animasiya filmlərindən məşhur fraqmentlərlə müşayiət olunub canlandırılmasıdır.

 “Avanqard” son iki ildə yaradıcı layihələri ilə respublikada yüksək bədii gündəm formalaşdırıb, yeniliklərə imza atmağa davam edir. Bu yaxınlarda orkestr tərəfindən təqdim olunan yaradıcılıq layihəsi “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondu ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Belə ki, “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yüksək bədii zövqlə yeni aranjiman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini özündə ehtiva edən “Kinokonsert” multimedia şousu qarşısına qoyduğu məqsədlərə, habelə ölkəmizin ictimai və mədəni həyatında fəal iştirak etmək, dünyada və ölkədə cərəyan edən sənət prosesinə uyğun ideyalar reallaşdırmaq və yüksək sənəti dərk etməyə qadir mütərəqqi tamaşaçı zövqünü formalaşdırmaq kimi məqsədlərə nail olmuşdur. Bunu səhnə əsərini izləyənlər arasında yer alan həm görkəmli sənət adamları, sənət tənqidçiləri, ictmai xadimlərin, həm də sıravi tamaşaçı rəyləri sübut edir.

Tanınmış aktyor Ruslan Sabirlinin aparıcılığı ilə baş tutan multimedia şousunda “Avanqard” Kamera Orkestri “Arşın mal alan”, “Sehirli xalat”, “Baladadaşın ilk məhəbbəti”, “Güllələnmə təxirə salınır”, “Bəxtiyar”, “Alma almaya bənzər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ölsəm bağışla”, “Uşaqlığın son gecəsi”, “O olmasın , bu olmasın”, “Gün keçdi”, “Dərviş parisi partladır”, “Rəqiblər”, “Tıq-tıq xanım”, “Gümüşgöl əfsanəsi”, “Yuxu”, “Ordan burdan” və s. filmlərinin saundtreklərini təqdim etmiş, bir çox səhnələr peşəkar rəqqas qismində çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik nömrələrlə müşayiət edilmişdir.

Sevindirici haldır ki, sözü gedən multimedia şousunun səhərisi orkestr nağıl və ən məşhur cizgi filmlərinin qəhrəmanlarını bir araya gətirib, ölkəmizin ən gənc tamaşaçılarının böyük marağına səbəb olan “Disney” multimedia şousu təqdim edib. Gün ərzində iki seansla təqdim olunan və anşlaqla keçmiş şouda nəhəng videoekranda, peşəkar orkestrin və virtuoz rəqqasların, animatorların müşayiətilə canlanan bədii obraz və hadisələr nəinki uşaq və gənclərə, hətta onların valideynlərinə ən xoş hiss və təəssüratlar bəxş etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik süjetlər klassik, xalq-səhnə və modern üslubları əhatə edərək, Azərbaycanda xoreoqrafiya sahəsində sənət prosesinin uğurla cərəyan etməsindən xəbər verir.

Populyarlıq və tamaşaçı alqışları baxımından ilin əvvəlinə ən uğurlu orijinal və kreativ multimedia şousu qismində debüt edən “Disney” yaradıcılıq layihəsi mədəniyyət və incəsənət sahəsində gündəm yaratmış və uzunmüddətli rekordla tarixə yazılmışdır.

Belə ki, tamaşaçı və ekspertlərin “Disney” multimedia şousunun dünya müstəvisində təqdim oluna və daha geniş kütlə əhatə edə biləcək bir yaradıcılıq işi olduğu qənaətindədir. Bununla da görüntü, səs və hərəkətin vəhdətindən yaranmış “Disney” multimedia şousu artıq gələcəyə vəsiqə qazanmış oldu.

Vətənimiz Azərbaycan sənətkarlar və istedadlar ölkəsidir. Bununla yanaşı ideya və bədii təfəkkür də dayanmadan inkişaf etməkdədir. Odur ki, cəmi iki il ərzində kifayət qədər böyük uğurlar qazanmış “Avanqard” Kamera Orkestri bizdə əminlik yaradır ki, o, dünya klassik ənənələrinə sadiq qalaraq, zamanın çağırışlarına uyğun yüksək sənət nümunələri ərsəyə gətirməkdə davam edəcəkdir. 

 Əbülfəz Babazadə,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

kulturoloq

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN