Hacı Əkbər Rüstəmovun "Qayıt, gəl" adlı kitabı işıq üzü görüb. Jurnalist-yazıçı-tərcüməçi Novruz İbrahimoğlunun redaktoru olduğu bu kitabda müəllifin səngər qeydləri yer alıb. N.İbrahimoğlunun "Ölümün ağuşunda doğulan düşüncələr" başlıqlı ön sözdə qeyd etdiyi kimi, "Qayıt, gəl" kitabı bir əlində silah, bir əlində qələm tutan Hacı Əkbər Rüstəmovun səngər qeydlərindən yaranıb.

Türk dünyasının bir əlində qılınc, bir əlində qələm tutan qəhrəmanlarının çox olduğunu xatırladan N.İbrahimoğlu Hacı Əkbər Rüstəmovun bu qəhrəmanların ardıcıl statusunu əməlləri və qəlb ilə qazandığını vurğulayır və onun gördüyü dəhşətlərdən doğan hayqırtıları toqquşan nəhəng buludların nərəsindən yaranan enerji qədər güclü və yaxşı mənada dağıdıcı olduğu qənaətinə gəlir.

Birinci Qarabağ müharibəsində vətənin müdafiəsi uğrunda döyüşən Hacı Əkbər Rüstəmov "Qayıt, gəl" kitabında şahidlik etdiyi və iştirakçısı olduğu hadisələrdən bəhs edir.

N.İbrahimoğlunun qeyd etdiyi kimi, kitabda toplanmış qeydlərin maraq doğuran məqamlarından biri müəllifin xəyal və xatirələri, vətəni və istəkləri ilə tez-tez ədəbi personaj qismində mükaliməyə girməsidir: "Bu cür ədəbi tryuk fikrin dəqiq izahı üçün əhəmiyyətli rol oynayır. Kitibda eyni fikrin eyni sözlərlə dəfələrcə ifadə edilməsi təkrarçılıq yox, dərddən çatlayan və vətən sevgisindən alovlanan bir qəlbin çırpıntılarıdır. Qarabağ müharibəsinin xronikası Əkbər Rüstəmovun yaşadığı həyatdır. O, şahidlik etdiyi, yaxud iştirakçısı olduğu hadisələri bütün çılpaqlığı ilə oxucuya danışır və açıq mühakimələri ilə dünyanı silkələyir: müharibə arzulamayın, ancaq ondan qaçmayın, ölümdən qorxmayın, ancaq ölümə təslim olmayın, insanları sevin, ancaq insanlığın düşmənlərinə nifrət edin, vətəni sevin və üzərində ilk addım atdığınız torpaqdan heç vaxt qopmayın, ədalət uğrunda vuruşun və bu yolda məğlub olmağı bacarmayın! Hacı Əkbərin insanlıq fəlsəfəsinin ruhu kitabın bütün səhifələrində aydın duyulur və dərk edilir. Buna görə də yazılarda şəlalə tək çağlayan vətənpərvərlik hissinin bədii-estetik təsir qüvvəsi kifayət qədər güclüdür".

Kitabda Hacı Əkbər Rüstəmovun "İrəli, hey irəli, milli ordu əsgəri!", "Qalx ayağa, vətən oğlu", "Sağ ol, Babək", "Vətən", "Biz qalib gəlmək üçün vuruşurduq", "Vətəni azad etməliyik", "Hər gecə yuxuma girir Qarabağ", "Vətən yanğısı", "Ana torpağı qoruyan ölməz" və digər başlıqlı yazıları daxil edilib. Müəllifin müxtəlif illərdə qələmə aldığı bu yazılarda xalqımızın heç zaman unutmayacağı Birinci Qarabağ müharibəsinin dəhşətləri, vətənin müdafiəsinə qalxan igid oğullarımızın çətin və eyni zamanda şərəfli mübarizəsi, o illərdə erməni cəlladlarının işğalına məruz qalan torpaqlarımızın itkisindən doğan ağrı-aclar, yurd nisgili və ötən illərin əzabları öz əksini tapıb.

Qeyd edək ki, Hacı Əkbər Rüstəmov "Qalx ayağa, vətən oğlu", "Qapımı vətən döydü" və "Vətən" adlı kitabların da müəllifidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN