...Şuşa səfərinin pis mənada müzakirə obyektinə, daha doğrusu, qeybət predmetinə çevrilməsi və bunun kütləviləşməsi təəssüf doğurur.  Onların arasında qələminə hörmət etdiklərimiz, özünü ziyalı sayan dostlarımızdan da var. Digər tərəfdən özünü ədəbiyyata soxuşdurmağa çalışanlar, başı çıxdı-çıxmadı "harda aş orda baş" olanlar, hər mövzuya yeri oldu-olmadı mız qoyanlar da az deyil. Nədir axı bu bir-birinə nifrət püskürməyin, bir-birini aşağılamağın, bir-birinə qarşı barışmaz mövqe tutmağın, az qala qarşısındakıları didib- parçalamağa hazır olmağın məğzi?...
1-ci Qarabağ müharibəsində Rusiyaya getmiş və hərbi xidmət üçün yaşı keçdikdən sonra ölkəyə qayıtmış bir yazıçının "biz Xankəndiyə gedərik" replikası, mənim ona "mən Şuşaya döyüşçü kimi getmişəm" cavabıma "amandı Xankəndiyə getməyin, əlinizdən xəta çıxar" atmacası sadəcə küçə səfili düşüncəsindən başqa bir şey deyildir. Bu adamlar o qədər mənasızlaşıblar ki, hətta tərk etdikləri el-obaları uğrunda döyüşənləri belə sancmaqdan həzz alırlar. Doğrudur, Şuşaya gedənlər arasında bəlkə də bunu haqq etməyənlər var, amma onlara qarşı da bu cür aqressiya doğru deyil, onlar da bu ölkənin vətəndaşlarıdır və nəyə görə, hansı əsasla Şuşaya getməməlidirlər? Məqsəd Şuşanın yenidən canlaması, köhnə axar-baxarına qovuşması deyilmi, adamlarsız, vətəndaşlarsız şəhər olurmu? Yəni bu məsələlərə bu qədərmi cahilcəsinə yanaşılmalıdır, heyrət edirəm! Mənə gəldikdə isə, mənim düşüncəmə görə, həm bir köhnə döyüşçü kimi, döyüşən Milli Qvardiyanın zabiti və 37 illik yaradıcılığı respublika səviyyəsində göz qabağında olan bir qələm adamı kimi bəlkə də gedənlərdən də, getməyib qeybət edənlərdən də daha çox haqq edirəm. Şuşanı görmək mənim ən böyük arzularımdan biri idi, nəinki orda keçirilən tədbirlərdə iştirak etmək, şeir oxumaq... Heç şeir oxumadım da, Şuşanı görmək mənə dünyadakı bütün şeirlərin ən gözəli idi və orda olduğum müddətdə Şuşanın hər qarışını gəzib dolaşdım, az qala hər binasını, hər ağacını, hər daşını, hər otunu, hər cığırını yaddaşıma köçürməyə çalışdım. Bu qədər də olmaz axı, dostlar, qardaşlar, hər şeyin bir qaydası var, getmək istəyirsiniz müraciət edin, siyahıya adınız düşsün. Gedərsiniz lap yaxşı, getməzsiniz yenə "ağa durur, ağacan durur".
...Və sonda... Nifrət etdiyiniz o insanlar arasında çox dəyərli qələm adamları, çox gözəl insanlar, çox ziyalı şəxsiyyətlər, çox vətənpərvər vətəndaşlar var, hansısa eşşəkotaranın "hamısı alkaşdır" deməyi ilə qiymətləndirməyin hamını... Konkret kimlərəsə iradınız varsa, adı ilə, ünvanı ilə deyin, yoxsa bir-iki nəfərə görə hamını qınaq obyekti eləmək çox böyük günahdır...
Süleyman ABDULLA
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN