(Varlığı ilə bir inci, peşəsində isə birinci olan pedaqoq Sevda Səmədovaya həsr olunur)

...Şüur insan mənəviyyatını, onun duyğularını, təcrübələrini, narahatlığını, xəyal və fantaziyalarını, bir sözlə, insanın daxili aləmini formalaşdırır. Eyni zamanda, şüür yaddaşın, duyğuların və qavrayışın normal fəaliyyətini təmin edir.

Məlumdur ki, estetikanın dərk edilməsində həssaslıq və estetik xüsusiyyətlər, obraz və obrazlılıq, gözəllik və harmoniya kimi kateqoriyalar mühüm rol oynayır. Bu baxımdan, estetika və gözəlliyi rəngsiz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyildir ki, insan gözü ən mühüm hiss orqanlarından biridir. Rənglər isə təkcə görmə ilə deyil, həm də onlarda gözəlliyin aşkar edilməsi ilə dərk edilir və bu proses öz növbəsində insanın estetik hisslərinə bilavasitə təsir göstərərək, insanı kamilliyə doğru yönəldir.

Bizi əhatə edən kainatın, daxilindəki bütün maddi varlıqların forma və rəng kimi iki əsas əlaməti var. Məhz buna görə də yer üzündə rəng xüsusiyyətlərinə malik olmayan heç bir əşya və ya canlı tapmaq qeyri-mümkündür. Çünki Yaradan bizi fiziki gerçəkliyin, həqiqətin və ətraf mühitin düzgün dərk edilməsi üçün hətta çalarların belə qayğısına qalmışdır.

İnsan isə düşüncələri ilə bəzən qaranlığı, siması isə bəzən nuru tərənnüm edir. Ancaq insan Yer üzünə göndərildiyi gündən həyatına daha çox rəng, çalar qatmaq istəyir ki, onu əhatə edən aləmin hər bir xüsusiyyətini vurğulaya bilsin. Maraqlısı odur ki, həyatın rəngini düzgün seçmək qabiliyyətinə malik olanlar təkcə rəssamlar deyil, onlar öz varlığı ilə həyata yeni məna gətirən, xüsusi missiya həyata keçirən və fəaliyyətləri ilə bir çox insanın həyatını işıqlandıran əvəzolunmaz insanlardır.

Bu o deməkdir ki, ətrafımızda öz həyat mövqeyi, peşəsi və məşğuliyyətindən birbaşa asılı olaraq, ətrafdakıların həyatına bu və ya digər şəkildə rəng qatan xüsusi kateqoriyaya aid insanlar vardır ki, çox zaman bu rəngarəngliyi emosiya və duyğular şəklində bizə ötürür, yaradıcı ilhamımızı artırır, xüsusi əhval-ruhiyyə yaradır və hətta, nə qədər paradoksal olsa da, ruhumuzun rənglərini formalaşdırır. Belə bir nəcib xanımlardan biri və hətta birincisi pedaqoq Sevda Səmədovadır.

Sevda xanımın həyatını, yaşam tərzini və əmək fəaliyyətini kompleks şəkildə araşdırıb təhlil edərkən bir daha əmin oluruq ki,  Azərbaycan xalqı hər zaman öz pedaqoqları və sənətkarları ilə öyünə bilər. Çünki Sevda xanımın simasında onlar sələflərinin ən yüksək nailiyyətlərini layiqincə yaşadır, təbliğ edir və gələcək nəsillərə ötürə bilirlər. Həyatının 36 ilini Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə həsr edən Sevda xanım Səmədova bu əlahiddə missiyanı layiqincə yerinə yetirir.   

Sevda xanım Bakıda pedaqoq ailəsində anadan olub. Valideynlərinin ona aşıladığı vətənə, ana dilinə, mədəniyyətə, incəsənətə olan hörmət və məhəbbət sayəsində Sevda xanım tez bir zamanda layiqincə təmsil etdiyi ailəsinin fəxrinə çevrilmişdir.

konsert

Əslən Qarabağın dilbər guşəsi, mirvarisi - Şuşa şəhərindən olan Sevda xanım Səmədova sözün əsl mənasında sənət fədailərindəndir. O, 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, dram rejissoru ixtisası üzrə təhsil alarkən Rza Təhmasib, Mehdi Məmmədov, Turan Cavid, Qulu Əsgərov, Şəfiqə Axundova kimi görkəmli sənətkarlarımızdan sənətin sirlərini öyrənmişdir. Sevda xanımın tələbə yoldaşları arasında Zakir Məlikov, Oqtay Seyidbəyli, Yusif Şeyxov, Gülşən Qurbanova, Sevda Teymurova kimi peşəkar təhsil, elm və sənət xadimləri də vardır. 

O, sənət təcrübəsini Azərbaycan Akademik Milli Dram Teatrında keçərək, Tofiq Kazımovun rejissorluğu ilə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin bir neçə əsərinin səhnələşdirilməsi prosesinin canlı şahidi olmuşdur. Məhz o zaman Sevda xanım Azərbaycanda çox nadir sənət növü olan qrim sənətinin sirlərinə yiyələnmişdir. 1975-ci ildə məzun olduqdan sonra professor Elşad Quliyevin rəhbərlik etdiyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çox böyük həvəslə könüllü şəkildə çalışmışdır. Burada əldə etdiyi təcrübə onu sənətə olan sevgi və bağlılığını daha da möhkəmləndirmişdir.

1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbində fəaliyyətə başlayan Sevda xanım 36 il ərzində xoreoqrafiya sahəsi üzrə bir neçə sənətkar nəslinin formalaşmasında bilavasitə iştirak etmişdir. Qrim sənətinin ənənələrinin qorunub saxlanılması, inkişafı və gələcək nəsillərə çatdırılması onun həyati məsləyinə çevrilmişdir.

Qrim - rəssamlıq sənəti ilə bağlı olan, onun ecazkar növlərindən biridir. Qrim sənətinin təcrübi cəhətdən tətbiqi nəticəsində aktyorun xarici görkəmi dəyişir, aktyor canlandırdığı obrazların birindən digərinə məharətlə keçid ala bilir. Müasir dövrdə qrim sənəti inkişaf edərək, özü də bir neçə növə, sahə və istiqamətə ayrılır. Tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və bu kimi digər faktorlar qrim sənətinin özünəməxsus və spesifik tərəflərini əks etdirir. Teatr və balet tamaşalarında, xoreoqrafik kompozisiyalarda qrimin xarakteri əsərin daha çox bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dəri rənginin, üz cizgilərinin dəyişdirilməsi və uyğunlaşdırılmasından tutmuş, saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur və bu iş böyük səbr, zəhmət tələb edir. 

Bu cür incə, nəcib və bununla belə mürəkkəb bir sənət növü ilə məşğul olan Sevda xanım Səmədova Bakı Xoreoqrafiya Akademiyasının müxtəlif təhsil pillələrində təhsil alan uşaq və yeniyetmələrin ən sevimli və istəkli müəllimlərindən, dostlarından biridir. Əlamətdar haldır ki, bu gün Sevda xanımla çiyin-çiyinə çalışanlar arasında onun istəkli tələbələri də vardır.

Sevda xanım Səmədova boyaların köməyi ilə müxtəlif növ təsvirlər yaratmağı öyrədir. Odur ki, kədər və sevinc, gülüş və göz yaşı, insan və heyvan, mələk və şeytanın mahircəsinə yaratdığı təsvirlərini özündə əks etdirən obrazlar ustadın əsl peşəkarlığından xəbər verir. Təsadüfi deyil ki, düzgün rəng seçimi, uyğun boya seçimi, fırçanı düzgün tutma və ondan düzgün istifadə etmə qabiliyyəti və vərdişləri Sevda xanımın təliminin özəyini təşkil edir. Əsas məqsəd isə yaradılmış obrazları reallığa yaxınlaşdırmaq, tamaşaçını obrazın gerçək olmasına inandırmaqdır. Eyni zamanda, yalnız Sevda xanımın şəxsiyyəti, fəaliyyəti və yaradıcılığında müşahidə etdiyimiz zəngin mənəvi dünya, ustadın müsbət xarakteri və həssaslığı bu məqsədə çatmağa kömək edə bilər. 

Comərdlik, xeyirxahlıq, peşəkarlıq, tələbkarlıq və eyni zamanda gözəl xanım, qayğıkeş ana və nənə, sadiq dost və mehriban əməkdaş – Sevda xanımın ən səciyyəvi insani keyfiyyətlərindəndir.

cemiyyet

Sevda xanım Səmədovanın yubileyi Azərbaycan Respublikasında elan edilmiş “Şuşa ili”nə təsadüf etmişdir. Azad olunmuş Şuşa, “Şuşa ili” çərçivəsində ölkə ərazisində təntənəli şəkildə keçirilən tədbirlər özünün də qeyd etdiyi kimi yubilyara ən böyük hədiyyə olmuşdur.

Əlamətdar haldır ki, Sevda xanımın yubileyi, onun həyatının ən gözəl illərini qurban verdiyi Bakı Xoreoqrafiya Akademiyasında qeyd edilmişdir. Lakin Sevda xanım nadir peşə sahibi olsa da, təəssüflər olsun ki, müsir dövr təshil prosesi və tətbiq olunan yeni qaydalar onun dərs yükünə xeyli mənfi təsir göstərmişdir. Eyni zamanda bir neçə ildir ki, məhz Sevda xanımın dərslərinə hiss olunancaq qədər biganəlik vardır. Amma, atalarımız demişkən “sonda ölən ümidlərdir”. Vaxtilə tələbələri olmuş, bu gün isə akademiyanın rəhbər vəzifələrinə təyin olunmuş şəxslər yəqin ki, Sevda xanım təkrarolunmaz dərsləri barədə ədalətli qərar verib, bundan sonra ona əsl sevinc yaşada biləcəklər. 

Bakı Xoreoqrafiya Akademiyasının inzibati və professor-müəllim heyəti nəzərə almalıdır ki, Sevda xanım Səmədova özlüyündə bir inci, peşəsində isə birincidir. Məhz buna görə Sevda xanımın yaşayıb yaratması, xoreoqrafiya və onunla əlaqəli digər sənət sahələri üzrə yeni nəsil yüksək ixtisaslı kadr hazırlığı üçün münbit şərait yaradılmalı, pedaqoqun bilik və bacarıqlarından mümkün qədər səmərəli istifadə olunmalıdır.

 

Əbülfəz Babazadə,

kulturoloq-yaponşünas,

Azərbaycan Jurnalitlər Birliyinin üzvü

“Bakinskiy raboçiy” qəzetinin baş redaktorunun müavini

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN