“Teatrlarımızın açılması, təbii ki, hər kəsin vaksinasiyasından da çox asılıdır"

 Bu sözləri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib. Onun fikrincə, əhalinin bütünlüklə peyvənd olunması prosesinin ləngiməsi genişmiqyaslı kütləvi tədbirlərin həyata keçirilməsini, o cümlədən teatr-konsert müəssisələrinin fəaliyyətə başlamasını şübhə altına alır.

 “Koronavirusa yoluxanların, bu xəstəlik səbəbindən vəfat edənlərin sayı çoxaldıqca narahatlığımız birə - beş artır. Bütün teatr müəssisələri gözləyirdilər ki, sentyabrdan yeni mövsümün başlanmasına start verə biləcəyik. Nazirlik tərəfindən müəyyən tədbirlərin, hətta ənənəvi beynəlxalq festivalların planlaşdırılması da ümidlərimizi artırır. Odur ki, insanları vaksinasiya olunmağa çağırırıq. Elə bilirik ki, teatrımızın əməkdaşlarının bu xüsusda hazırladığı sosial çarx sevimli tamaşaçılarımız tərəfindən yenə də maraqla qarşılanacaq. Hər kəsi bu video-çarxa baxmağa dəvət edirik.  https://www.youtube.com/watch?v=xCPctulFL74

Biz doğrudan da səhnəmiz üçün, tamaşaçılarımız üçün çox darıxmışıq",- deyə Əliqismət Lalayev bildirib.

‌Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı respublikanın ən böyük teatrlarından biridir. Teatrın binası 2011-2013-cü illərdə yenidən təmir olunaraq istifadəyə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il qərarı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Azərbaycan Dövlət Musiqili Teatrı adlandırılıb.

2019-cu il ildə isə  Azərbaycan Respublikası Prezidentinin  imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Teatrına "akademik" statusu verilib.

Qeyd edək ki,  pandemiya səbəbindən digər teatrlarımız kimi  Akademik Musiqili Teatrı da tamaşaçılarına həsrət qalıb, həmçinin tamaşaçılar da yeni tamaşalara və sevimli aktyorlarına. 

Ümid edirik ki, yeni mövsümdən teatrlarımızın qapıları yenidən tamaşaçıların üzünə açılacaq.

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN