BİR SALAMA DƏYMƏDİ


Bu gün mən səni gördüm, 
Salam vermək istədim, 
Üzünü yana tutdun. 
Söylə, illərdən bəri 
Qəlbimizin bir duyub 
bir vurduğu illəri, 
Axı, nə tez unutdun? 
Beş ildə gözümüzdən axan o qanlı sellər, 
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin? 
Sən eşqin salamını qorxuyamı dəyişdin? 
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? 
O qədər yaxın ikən, bu qədər uzaq oldun. 
Şirin gülüşlərimiz, acı fəğanlarımız 
Bir salama dəymədi? 
Qayğılı anlarımız, qayğısız anlarımız 
Bir salama dəymədi? 
Sən neylədin, bir düşün! 
Yalnız indi anladım; ah, sən daha mənimçün 
Əlçatmaz bir çiçəksən, 
Yaşanmış günlərim tək geri dönməyəcəksən!… 
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm 
Düz beş il ürəyimdə 
Bəslədiyim məhəbbət, bir salama dəymədi. 
Bir günlük həsrətimə dözə bilməyən gülüm, 
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi? 
Getdin, dalınca baxdım, can ayrıldı canımdan, 
Sən necə etinasız ötə bildin yanımdan? 
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm, 
Sənin qəlbin əsmədi. 
Arxana da baxmadın! 
Niyə sənin yolunu məhəbbətin kesmədi?… 
Qazancımız de, bumu? 
Deyilməmiş o salam əlvidamız oldumu? 
Sən mənə zülm eylədin, mənə zülm yaraşır. 
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

AXI DÜNYA FIRLANIR

Vaxtın dəyirmanında daş əridi, qum oldu, 
Tarixə atdığıımız qayıtdı, lüzum oldu. 
Dünənin həqiqəti bu gün tərs yozum oldu, 
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Çox ovlaqlar içində çox ovları ovladım, 
Aşıb-daşan arzumu mən artıq cilovladım. 
Mən atamı ötmüşəm, məni ötür övladım, 
Bu, belə də olmalı, axı, dünya fırlanır.

Dünən düz sandığımı bu gün əyri sanıram. 
Bəzən olur, özümdən özüm oğurlanıram. 
Hər il başqa arzunun başına fırlanıram, 
Niyə də fırlanmayım, axı, dünya fırlanır…

Çox əyilən görmüşəm, əyilməyən başları. 
Sular duruldu, gördük dibindəki daşları 
Ünvanmı dəyişdi dünənin alqışları; 
Niyə də dəyişməsin, axı, dünya fırlanır…

Necə dönür bu dövran, necə dönür bu gərdiş, 
Tazılarm üstünə dovşanlar da gülərmiş. 
Dünya bina olandan hər şey dəyişilərmiş, 
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

əbədini dünyada mən əbədi sanmadım, 
Bir atəşə tutuşdum, min atəşə yanmadım, 
Bütlər gəldi və getdi, birinə inanmadım 
Niyə inanmalıyam, axı, dünya fırlanır.

Fırlandıqca bu dünya, yox da dönüb var olur, 
Quruyan çeşmələrdən sular yenə car olur. 
Bu dünyanm xeyri də, şəri də təkrar olur, 
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da, 
Bir yuvanın bülbülü min budağa qonsa da, 
Aylar, illər, fəsillər bir-birini dansa da, 
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

Nə qədər istəyirsə, min o qədər fırlana, 
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana. 
Çərxi-fələk istəyir lap dolana tərsinə, 
əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

YAMAN DARIXMIŞAM

Yaman darıxmışam səninçin, yaman! 
Mən əsir düşmüşəm öz istəyimə. 
Nifrəti gizlətmək asandan asan, 
Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə, 
Bu necə haraydı, bu necə haydı? 
Öhdəmdən gələrdim… Gözüm üzünə, 
Qulağım səsinə darıxmasaydı…

Elə bil hər yerdən üzülüb əlim… 
Mən azıb qalmışam qəm dərəsində. 
Dirilib yaşanır sənli günlərim 
Sənsiz günlərimin xatirəsində.

Yaman darıxmışam… Bu nədir yenə 
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə 
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam… Hər axşamçağı 
Arzumu günəşin telinə sardım. 
Mənimlə olsaydı, mən darıxmağı 
Zamana ən uzun ölçü sanardım.

Yuxuma gəlmişdin… Qısıldıq küncə. 
Danışdıq… Yel əsdi… Dağıldı dərd-qəm. 
Kölgəyə dönmüşdüm, Səni görüncə 
Sənin işığında yox oldu kölgəm

ALLAH

İdrakda yol açmış gecədən gündüzə Allah, 
Güldürməsən öz könlünü, gülməz üzə Allah. 
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş, 
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.

Allah! Bilirik cisim deyil, bəs nədir Allah? 
Ən yüksək olan haqda, həqiqətdədir Allah. 
Dondunsa təkamül və gözəllik qabağında, 
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insandakı qüdrət, 
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət. 
İnsanın əzəl borcudur insanlığa hörmət, 
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət. 
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət. 
Gördüklərimiz zahirdir, bətnə nüfuz et! 
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim. 
Seçmiş, seçəcək daima tükdən tükü fikrim. 
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim, 
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən, 
Nəfsində doyumsuz, fəqət eşqində mələksən. 
Zülmün üzünə haqq deyilən şilləni çəksən, 
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz, 
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz. 
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz, 
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah. 
1984

SEVƏ BİLİRƏMSƏ…

Ancaq məhəbbətçün yaranmışam mən,
Alammaz əlimdən bu haqqı kimsə.
Xoşbəxtem,
küsmərəm öz taleyimdən,
Əgər sevirəmsə…
sevilirəmsə…

Məhəbbət – amalım, arzularımdır,
Ona kainatım, cahanım deyim.
Mənim dövlətimdir, mənim varımdır
Bütün varlığımla sevə bilməyim.

Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən gözəl adamıyam mən.
Səni sevirəmsə, sevirəm demək
Həyatı,
dünyanı,
yoxdur düşmənim…
Əgər sevirəmsə – qəlbim aynatək
Şəffafdır,
həssasdır,
kövrəkdir mənim…

Bu könül aynama gülümsəyərək,
Göylər də,
yerlər də
əks olur həmən.
Sevirəm,
sevirəm,
sevirəm,
demək,
Bütöv bir aləməm, kainatam mən.

Mən ki, kainatam, aləməm, nə qəm,
Ayım da,
Günüm də,
Ulduzum da var.
Həm zülmət,
həm də ki,
aydınlıq gecəm,
Həm açıq,
həm tutqun
gündüzüm də var.

De məndən varlısı dünyada varmı?
Sevən də özünü yoxsul sanarmı?
Mənim öz eşqimin öz ulduzları
Dağıdır, könlümə nur, qucaq-qucaq…
Axı, bu sərvəti, dövləti, varı
Məhəbbət bəxş edir insana ancaq.

Bəli, ilk insanla həmyaşam artıq,
Bilmirəm aydayam, ya gündəyəm mən.
Zamandan, məkandan çıxmışam artıq,
Dünyəvi aləmin fövqündəyəm mən.

Öz böyük eşqimlə fəzadayam mən.
Məni endirməyin yerə, amandır.
Dünya çox kiçikdir məhəbbətimdən,
Hər arzum bir cahan, bir asimandır.

Verir arzularım göydə səs-səsə,
Deməyin yerdə uç, yer bəs deyilmi?
Yanan bir ürəyə, sevən bir kəsə
Asiman özü də qəfəs deyilmi?
Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən yaxşı adamıyam mən!

ŞƏKİ

“Özünüz şəkili olduğunuz halda, hələ
Şəkiyə bir şeir həsr etməmisiniz “.
Bir məktubdan

Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın

Könlümdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına “sevirəm” deməz,
Mən də deməmişəm, a Şəkim, mənim.

Sən öz keçmişini daim qorudun,
Babamın şöhrəti yaşayır səndə.
Bu eşqə eşq olsun!
Dünənlə bu gün
Çiyin-çiyinədir küçələrində…

Mən sənə borcluyam öz balan kimi,
Çox da ki şeirimdə görünmür adın.
Mənim oxuduğum nəğmələrimi,
Mənim qulağıma sən pıçıldadın.

Şerimin mayası – bu qaynar nəfəs
Sənin öz çiçəyin, sənin öz barın.
Şerimdə dil açıb danışımı bəs,
Sənin bulaqların, göy çinarların?
Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam.
Mən sənin qoynunda gəldim cahana,
Məni bəxş elədin Azərbaycana.
Həmişə mən sənin həndəvərində
Üçan bir quşam.
Bir eldə doğulub
xoşbəxtəm ki, mən
Böyük bir Vətənə oğul olmuşam.

SƏN GETDİN

Sən getdin, elə bil dünya boşaldı
Yaz da köçüb getdi, yeri boş qaldı,
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam, qışı neylərəm?

Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir könül nəyimə gərək?
Soyuq daşa döndü o gündən ürək
Sinəmdən asılan daşı neylərəm?

Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük.
Üstünün qaşıyla tanmar üzük,
Əgər üzük yoxsa, qaşı neylərəm?

Niyə yaşayıram, mən niyə sənsiz?
Nə yerə baxmaram, nə göyə sənsiz.
Mən ki, kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neylərəm?

QOCALMIR

Qocaldır insanı, qocaldır zaman;
Ürəyin atəşi, közü qocalmır.
Dağları, daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə özü qocalmır?

Getdi baharımız, yer qışa qaldı.
Düzlər qara qaldı, yağışa qaldı.
Bizimki bir quru baxışa qaldı,
Neyləyək arzunun gözü qocalmır.

Bəxtiyar, düşünək biz dərin-dərin.
Xəyallar möhtəşəm, arzular şirin.
Əsl sənətkarın, əsl şairin
Özü qocalsa da, sözü qocalmır.

ÖMÜR 

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.

Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.

Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.

«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

VƏTƏN VAR

Hardaysa bu 
dəmdə
Dəryada batan var. 
Vardırsa köməksiz 
Fəryada çatan 
var. 

Dünyada alandan 
Əvvəlcə satan var.
Atəş öz-özündən 
Birdən-birə
yanmır. 
Bir şey bu cahanda 
İzsiz və səbəbsiz 
Bihudə 
yaranmır.

Vardırsa, yaranmış, 
Mütləq yaradan var. 
Varsansa…
özündən 
Əvvəlcə atan var.

Dünya quru bir səs, 
Qəm 
çəkməyə dəyməz. 
Yüz-yüz itən olsun, 
Min-bir də bitən var.
Şükr
eyləyəlim ki, 
Bizlərdən həm əvvəl, 
Həm sonra Vətən var.

ÖZÜMDƏN NARAZIYAM

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min səsli nəğməsi var.

Bu arzular, bu nəğmələr,
Bu səslər bir saz kimi
Mənim solğun sözlərimdə
Heç dil aça bildimi?

Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndən əvvəl doğulubdur
Sinəmdəki duyğular.

Səhv atılan addımları
Sonradan anlayıram.
Baxıb vicdan güzgüsünə
Özümü danlayıram.

Six ey yanlış addımlarım,
Məni dərdə saldınız.
Mən sizinlə döyüşdükcə,
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.

DÜNYANIN

Baş çıxarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün bir mələyən cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən? Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Biz özümüz özümüzdən öc aldıq,
Keçən günə gələn günü bac aldıq.
Ömrümüzün yarısında qocaldıq
Şilləsindən, kötəyindən dünyanın.

Könül üzgün, xəyal küskün, dərbədər,
Özün söylə zülm olarmı bu qədər?
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsam ətəyindən dünyanın.

Könül düşdü min arzumun izinə
Biləmmədik əyrisi nə, düzü nə?
İndi kəfən toxuyuruq özünə
Öz gülündən, çiçəyindən dünyanın.

MƏN KİMƏM?

Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.

Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.

İmkanla arzuların
Arasında vurnuxan
Saat kəfkiriyəm mən.
Zamanın dəhrəsilə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.

Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.
Mən özümün düşməni!
Hər gün çəkir çarmıxa
Öz içimdə mən, məni.
Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı, özgəsinə vəkiləm.
Bildiyim bu qədərmiş
Məni məndən gizlədən.

Topladı:Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN