Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədovanın layihəsi əsasında hazırlanmış və şəhid İsrafil İbrahimliyə həsr olunmuş “Yalnız irəli-4” sənədli filmin Bakıdakı Alı Mustafayev adına 202 nömrəli məktəbdəki təqdimatı yüksək qiymətləndirildi...

2020-ci il sentyabrın 27-də başlayıb Zəfərlə bitən 44 günlük Vətən müharibəsində Vətənimizin igid oğulları misilsiz qəhrəmanlıqlar göstərdilər. Məhz onların bu qəhrəmanlıqları sayəsində 30 il erməni işğalında olan torpaqlarımız, nəhayət, azad olundu. O dövrdə bəzi təxribatçı qüvvələr səs-səsə verib bildirirdilər ki, bunu qələbə saymaq olmaz, çünki Ağdərə, Əskəran, Xocalı, Xocavənd, Xankəndi hələ də düşmən tapdağı altındadır. Bu ilin sentyabrın 19-da və 20-də Azərbaycan ordusunun keçirdiyi 24 saatlıq lokal antiterror əməliyyatı nəticəsində bu təxribatçı qüvvələr yasa qərq oldu. Çünki bu gün artıq Ağdərədə, Xocavənddə, Əskəranda, Xocalıda və nəhayətseparatçıların mərkəzi yuvası olan Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Biz bu uğur və böyük qələbə üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə və bu odun, alovun içindən möcüzə nəticəsində salamat çıxıb, işğaldan azad olan bölgələrimizdə Azərbaycan bayrağını ucaldan veteranlarımıza minnətdarıq. Azərbaycan ordusunun qəhrəmanlığı isə dünyanın hərbi mütəxəssislərini heyrətə gətirib. 44 günlük döyüş zamanı Şuşanın əlbəyaxa döyüşlə azad olunması taktikası dünya hərb tarixinə qızıl həriflərlə yazıldı. 44 günlük döyüşlər gedən ərəfədə “Şuşa da azad olunacaqmı” – sualına Ali Baş Komandan, Prezident İlham Əliyevin cavabı belə olmuşdu: “Şuşasız işimiz yarımçıq görünər”.

facebook_1696247129504_7114576120270706973

Bəli, Şuşa nəinki Qarabağın və Azərbaycanın baş tacıdır, hətta bu gün türk dünyasının mədəniyyət paytaxtıdır. Şuşa və Qarabağ uğrunda canından keçən şəhidləri yad etmək və yaşatmaq isə bizlərin borcudur. Bu yöndə Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova (Tahirə Şuşalı) da Qeyri-Hökumət təşkilatı (QHT) kimi böyük işlər görür. Tahirə xanım müəyyən edib ki, Şuşanın alınmasında o yerləri görməyən 9 nəfər şuşalı da şəhid olub. 9 nəfərin hər biri qaçqınçılıq şəraitində dünyaya gəliblər, Şuşanı da şəkillərdə və sənədli filmlərdə görüblər, haqqında isə Şuşanın əbədi sakinləri olan ata-analarından eşidiblər. Maraqlıdır ki, bu 9 nəfər şuşalının hər biri ayrı-ayrılıqda ata-analarına söz veriblər ki, böyüyəndə Şuşanı mən alacağam. Tahirə xanım da bir Şuşalı, QHT rəhbəri, şairə və ictimai xadim kimi Şuşanın alınması uğrunda gedən döyüşlərdə 9 nəfər şuşalının hər biri haqqında sənədli filmlər çəkərək, onları tarixin yaddaşına yazmaq qərarına gəlib. Artıq adı “Yalnız irəli” olan 3 şəhid şuşalı haqqında sənədli filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib. Sentyabrın 29-da növbəti bir şəhid, İbrahimli İsrafil Zülfüqar oğluna həsr olunmuş “Yalnız irəli-4” sənədli filmin, Bakıdakı 202 nömrəli məktəbdə təqdimat mərasimi oldu.

facebook_1696247264789_7114576687696847356

Bu da təsadüfi deyildi. Axı İsrafil İbrahimli məhz bu məktəbin məzunu olub. Tədbirdə Elm və Təhsil Nazirliyinin, Şuşa şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhidin valideynləri, uşaqlıq və döyüş dostları, jurnalistlər və ictimaiyyət nümayəndələri, həmçinin 202 nömrəli məktəbin rəhbər heyəti və şagirdləri iştirak edirdi. Məktəbin gənc direktoru Gülüstan xanım Əliyeva gələn qonaqlara təşəkkür edib, məktəbdə məzun şəhidlərə və döyüşçülərə göstərilən diqqətdən, qayğıdan söhbət açdı. Eyni zamanda bildirdi ki, şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasında belə tədbirlərin böyük rolu var. Daha sonra tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin, Şuşa şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək, 44 günlük Zəfərin qazanılmasında Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəlik bacarığından və Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlığından söhbət açdılar. Sonra bu tədbirin səbəbkarı Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə xanım Məmmədova “Yalnız irəli silsiləsindən olan və şəhid İsrafil İbrahimliyə həsr olunmuş 4-cü sənədli filmin araya-ərsəyə gəlməsindən söhbət açdı. Film Azərbaycan Rezpublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb. Məlum oldu ki, film “Vətən Media” Pradaqşın studiyasının rəhbəri, eyni zamanda ssenari müəllifi və rejissoru  Teymur Zahidoğlu tərəfindən hazırlanmışdır.  Filmin hazırlanmasında göstərdiyi xidmətə görə studiyanın rəhbəri Teymur bəyə və bütün kollektivə Tahirə xanım öz təşəkkürünü bildirdi. Bundan sonra 202 nömrəli məktəbin balaca şagirdləri şəhid İsrafilə və digər şəhidlərimizə, həmçinin 44 günlük Zəfərə, Qarabağa, Vətənə torpağa, bayrağa həsr olunmuş şeirləri çox böyük coşqu ilə söylədilər. Şagidrlərib bu çıxışları da tədbir iştirakçıları tərəfindən coşqu ilə qarşılandı. Şagirdlərin çıxışından sonra şəhid İsrafil İbrahimliyə həsr olunmuş “Yalnız irəli-4” sənədli filmin nümayişibaşlandı. Yüksək peşəkarlıqla hazırlanmış filmdə şəhid atası Zülfüqar kişinin və anasının heç bir ağlaşma olmadan, böyük fəxarət və qürurla şəhid oğulları İsrafil haqqında danışması adamın qəlbini fərəh hissi ilə doldururdu. Zülfüqar kişinin söhbətindən məlum oldu ki, onun özü də Birinci Qarabağ döyüşünün iştirakçısıdır. Filmdə şəhid atası Zülfüqar bəy bunları deyir: "...O vaxt mən döyüşə getmişdim ki, bu problemi gələcək nəsillər görməsin. Mən bu yolda şəhid olmağa da hazır idim. Ancaq şəhidlik mənə yox, 30 ildən sonra 23 yaşlı oğluma qismət oldu. Taleyin qismətindən qaçmaq olmaz. Mən fəxr edirəm ki, şəhid atasıyam və oğlum Vətən yolunda canını fəda edib.

1695820191974

Bu sözləri adamın içini yerindən oynatdı. Bir şəhid atası kimi insandakı dözüm, mətnlik, vüqar, şəhid anasının gözündə heç bir kədər olmadan oğlu haqqında fəxarətlə danışması adamı heyrətə gətirirdi.

Şəhid İsrafil İbrahimlinin əmisi, Respublikanın xalq artisti, xanəndə Mənsum İbrahimovun filmdə söylədikləri də olduqca diqqət çəkən idi: “İsrafil mənim atamın adıdır. Mənim atam da hərbiçi olmuşdur. İsrafil bir gün mənə yaxınlaşıb dedi ki, mən də musiqiçi olmaq istəyirəm. Onu musiqi məktəbinə göndərdim. Atası ona bir tar da aldı. Lakin bir müddət sonra gəldi ki, əmi, bu sənət mənlik deyil. Mən babam kimi hərbiçi olmaq istəyirəm. Mənim atam da döyüşçü olub, ona görə də hərbiçi sənəti ilə məşğul olmaq istəyirəm. Heç kim gözləmirdi ki, o şəhid olar. Böyük arzuları var idi”.

Şəhid İsrafilin döyüş dostları onun qəhrəmanlığından söhbət açdılar. Maraqlıdır ki, 2020-ci il oktyabrın 16-da İsrafilin 23 yaşı tamam olub. Ad günündən 10 gün sonra, oktyabrın 26-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Çox təsirli döyüş səhnələrinin yer aldığı filmi zalda oturan hər kəs böyük diqqətlə izələdi və hər kəsdə xoş təəssürat yaratdı.

facebook_1696247294874_7114576813882895659

Filmin nümayişindən sonra bu sətirlərin müəllifi olaraq keçmiş döyüşçü və həm də döyüşçü atası kimi mənə də söz verildi. Mən də öz çıxışımda bunları qeyd etdim: “Şagirdlərə vətənpərvərlik ruhunu aşılanmasında belə tədbirlərin keçirilməsinə şərait yaratdığı üçün 202 nömrəli məktəbin direktoru Gülüstan xanım Əliyevaya və məktəbin kollektivinə təşəkkürümü bildirirəm. O cümlədən filmdən aldığım təəssüratı da tədbir iştirakçıları ilə bölüşdüm. Qeyd etdim ki, şəhid atası Zülfüqar bəyin ağrı, acılarını başa düşürəm. Onun və şəhid anasının bu mərdanə duruşlarının qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhəmət eləsin. Bu zalda oturan şəhid analarına tövsiyə edirəm ki, daha qara geyinməsinlər. Çünki şəhidlər torpaqlarımızı işğaldan azad edərək bizə qələbə sevinci yaşadıblar. Qələbə günündə isə qara geyinmək olmaz. Daha qaradan çıxmalıyıq ki, şəhidlərimizin də ruhu şad olsun. Mən inanıram ki, biz bir daha şəhidlər verməyəcəyik. Çünki Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 1988-ci ildən bəri yaradılmış Qarabağ probleminə 44 günlük döyüşlə son qoydu və 24 saatlıq döyüşlə bu probelmin nöqtəsini qoydu. Artıq bayrağımız Xankəndidə və ətraf rayonlarda dalğalanır. Onu əminliklə deyirəm ki, vətənpərvər böyüyən bu məktəbin şagirdlərinə və digər uşaqlara daha müharibə qismət olmayacaq”.

Tədbirin sonunda layihə rəhbəri kimi Tahirə xanım Məmmədova və 202 nömrəli məktəbin direktoru Gülüstan xanım Əliyeva gələn qonaqlara bir daha təşəkkür etdilər. Bununla da şuşalı şəhid İsrafil Zülfüqar oğlu İbrahimlinin həyat və döyüş yoluna həsr olunmuş “Yalnız irəli-4” sənədli filmin təqdimatı başa çatdı.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN