Məşhur türk müğənnisi Seda Sayan 7-ci dəfə ərə getmək istədiyini bildirərək mətbuata belə deyib: "7 rəqəminin əlamətləri çox gözəldir. 7-ni tanımalıyam, yaşamalıyam. Bu günə kimi heç bir kişi yatağıma səhər yeməyi gətirməyib".

P.S. Mən başa düşə bilmirəm, məgər Seda Sayan bir xanım olaraq, bilmir ki, kişi yatağa yeməyi yox, özünü gətirir. Bəlkə Seda Sayan unudub ki, o, xanımdır və bir kişi ilə evlənib, xanımla yox. O ki qaldı 7-ci dəfə ərə getməyə, burada qəbahət heç nə yoxdur. Şou-əhli xanım üçün ərin 1-i qaydadır, 2-si cana faydadır, 3 nəhsdir, 4 bəsdir, çıxdın 5-ə- vur 15-ə. "Vopşe" ər nədir, say nədir? Yaşa özün üçün dəə...

***

Prezident İlham Əliyevin Kəlbəcər səfəri erməniləri və bizdə özünə müxalifət deyən kəsləri narahat edib. Ermənistanı başa düşmək olar. Bəs bizim müxalifət niyə narahat olub? Bizim müxalifət ona görə narahat olub ki, niyə Prezident Kəlbəcərə Ağdərədən yox, başqa yolla gedib?

P.S. Heç dəxli var, mən ölüm? Elə hər şeyə "mız" qoyduqları üçündür də, onlara hər yerdə "mız" müxalifət deyirlər. Adama deyərlər, sizin rəhbərliyiniz dövründə işğal olunan Kəlbəcəri İlham Əliyev bir güllə atmadan azad edib. "Çox sağ ol" demirsiniz, canınız cəhənnəm, heç olmasa "mız" qoymayın dəə...

***

Xəbər verilir ki, Xankəndindəki separatçı ermənilər sentyabrın 2-də geydirmə Artsaxın 30 illiyini qeyd etməyə hazırlaşır.

P.S. Belə yerdə deyiblər e, utanmasan oynamağa nə var?! Rusun arxayın olan bu daşnak köpək uşağı yaxşı olar ki, Qarabağa ilk dəfə ayaq basmaqlarının 193-cü illiyini qeyd edərdilər. Bununla da bütün dünya ictimaiyyəti bilərdi ki, 10 fevral 1828-ci ildə çar Rusiyası ilə Qacar İranı arasında bağlanan Türkmənçay sülh müqaviləsi kimi tarixə düşən müqavilədən sonra ermənilər rus imperiyasının sayəsində ilk dəfə Qarabağa köçürülməyə başlanılıb. Bu köçürülmə isə düz 193 il əvvəl olub və bunu qeyd eləməyə haqqınız çatır. Amma 44 günlük ikinci Vətən savaşında darmadağın olan ermənilərin nə duxu çatır ki, olmayan qondarma "respublika"nın 30 illiyini qeyd etsinlər? Ölünün ilini qeyd etməkdirsə, bu olar... Fatihəsi də çoxdan verilib... Bəs keşişiniz hardadır???

***

Tanınmış bəstəkar, əməkdar artist Gövhər Həsənzadə "Müğənnilərimiz niyə savadlı deyil" - sualına belə cavab verib: "Əlbəttə, bir sənətçi olaraq, biz xalqı, dövləti ən geniş auditoriyada təmsil edirik. Yəni, bu sahədə bizim imkanlarımız daha çoxdur. Ona görə də biz daha çox dünyagörüşünə, intellektual səviyyəyə malik olmalıyıq..."

P.S. Ay Gövhər xanım, ay pir olmuşun qızı, şou-əhli hara, intellektual səviyyə hara? Gövhər xanım, səni inandırım ki, bizim şou-əhli arasında elələri var ki, "intellektual" sözü elə bilirlər ki, kiminsə klipindən danışmaq deməkdir, ya da bu sözü özlərinə söyüş, təhqir kimi qəbul edirlər. Gövhər xanım, bizim şou-əhli müğənnilərin əksəriyyəti bir şeyi yaxşı bilirlər ki, bilik, savad, intellektual səviyyə, dünyagörüşü, səs, sənət olmasa da olar, əsas gözəl, yəni 90-60-90 bədən quruluşuna sahib olmaq, efirlərdə və sosial şəbəkələrdə yaxşı soyunmağı bacarmaqdır. Ondan sonra bütün efirlərin qapısı sənin üzünə taybatay açılır və pul da sel kimi gəlir. Pulu saymaq üçün isə, Gövhər xanım, savad, dünyagörüş və intellektual səviyyə lazım deyil...

***

Mətbuatdan məlum olur ki, Azərbaycanda pensiya yaşına çatmadan ölənlərin sayı getdikcə artır.

P.S. Artar dəə... Pensiya yaşını getdikcə artıranda, əlbəttə, insanlar indiki ağır iqtisadi şəraitdə o yaşa çata bilmirlər. Rəhmətlik Mirzə Babayevin oxuduğu "Kəpənək" mahnısındakı kimidir: "Qaçdım sənin dalınca mən, dalınca mən, gördüm yoxsan".

 İnsanlar pensiya yaşına çatmaq üçün ha qaçırlar, amma çata bilmirlər. Çünki Sahil Babayevin nazirliyi pensiya yaşını hər il 6 ay artıra-artıra irəli, pensiyaçılar isə eyni addımla geriyə gedir... Səhərdən axşama qədər, şənbə, bazar, bayram bilmədən işləyən adam pensiya yaşına necə gəlib çata bilər axı? Ona görə də pensiya yaşına çatmadan ölənlərin sayı getdikcə artır və artacaq da...

***

İçərişəhər Cümə məscidinin axundu Hacı Surxayın "Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99 % sual altındadır" kimi məntiqsiz, düşük açıqlamasına dini ekspert sayılan Hacı Şahin belə reaksiya verib: "Mən deyə bilmərəm ki, bu ayda toy edənlərin axırı necə olacaq?"

Daha bir dini ekspert sayılan Kənan Rövşənoğlu isə, belə münasibət bildirib: "Hacı Surxayın bir xatalı cümləsini bayraq edib, dini təhqir edənlər, dinə düşmənçilik edənlər dinə müharibə elan edənlərdir".

P.S. Baxın, adlarını dini ekspert qoyanların biri də demir ki, Hacı Surxay böyük bir səhv edib və minlərlə gəncin hissiyyatı ilə oynayıb. Hacı Şahin Hacı Surxaya "Məhərrəmlikdə toy edənlərin axırı necə olacaq, deyə bilmərəm" deməklə, dolayısı ilə paqon yoldaşını... üzr istəyirəm, molla yoldaşını müdafiə edib. Konkret heç nə demir. Daha bir dini ekspert Kənan Rövşənoğlu isə, "Hacı Surxayın bir xatalı cümləsini bayraq edib dini təhqir edənlər"dən danışır. Mən həqiqəti deyə bilməyən bu "dinşünaslara" necə dini ekspert deyə bilərəm? Əgər istəmirsinizsə ki, dini təhqir etsinlər, onda Hacı Surxayın məntiqsiz sözlərinə, toy edən gənclərin psixologiyasına mənfi təsir etdiyinə görə, hansısa dini qayda ilə onu cəzalandırın. Bundan sonra məhərrəmlikdə toy edənlərə xoşbəxtlik arzulayaraq deyin ki, hər şey Allahın əlindədir. Hacı Surxay kimi savadsız bəndələr kimdir ki, kiminsə xoşbəxtliyini şübhə altına alsın? Hörmətli Şahin bəy və hörmətli Kənan bəy, Hacı Surxay kimilərini düz yola səsləməyə sizə nə mane olur? Əgər kimsə haqsız olaraq müqəddəs dinimizi təhqir edirsə, bunun günahkarı təkcə Hacı Surxay deyil, sizin kimi həqiqəti deyə bilməyənlər, yəni iki əmioğlu ərəbin vəzifə üstündə bir-birini qırmasına görə gənclərin xoşbəxtliyini şübhə altına alanlar, daha artıq günahkardır.

***

Müğənni Tünzalə Ağayeva "İnstaqram" hesabında yeni fotosunu paylaşıb. Fotoda dərin sinə dekolteli geyimi ilə, yəni el dili ilə desək, sinəsi açıq görünən şəklini izləyicilər birmənalı qarşılamayaraq, tənqid ediblər.

P.S. Çox haqlı olaraq izləyicilər Tünzalənin sinəsi çöldə qalan şəklini tənqid ediblər. Görünür Tünzalə xanım "palaza bürün, şou-əhli ilə sürün" prinsipilə bədən əzalarını çöldə qoymağı sənətin əsas talismanı sayır. Amma müğənni xanım unudub ki, onun artıq 44 yaşı var və bu yaşda qadın sinəsini çöldə qoymaqla yox, ağır oturub-durmaqla, sinəsini çöldə qoyan gənclərə ağıl, öyüd-nəsihət verməklə gündəmə gəlməlidir. Yəni, qocalıqda yorğalığa gərək yoxdur...

 ***

Aktrisa kimi bircə rolu da yadda qalmayan, əvəzində soyunub, lüt-ətcəbala olmaqla gündəmə gələn Pərvin Abıyeva illər öncə evindən 120 min manat pulu oğurlandığını açıqlayaraq deyib: "Kimin etdiyini bilirəm, hadisə araşdırıldı, üstü açıldı, oğrunu tapdıq. Pulu ala bilmədik, xərcləmişdi".

P.S. Pərvin xanım, soyunmaqla qazandığın o pullar soyulmaqla aparılıb və sovrularaq, yoxa çıxıbsa, həmin oğruya halaldır, mən ölüm. Sən də halal elə getsin. Maşallah, hələ qocalmamısan ki? İnşallah bir daha lüt-ətcəbala şəkillər çəkdirib yaymaqla, o pulları yenə qazanarsan və bəlkə də ondan artığını qazanmısan. 120 min manat pul sənin üçün nəmənə şeydir ki, onun da dərdini çəkəsən?

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN