...2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.

Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hislərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.”

Doğrudan da, Dədə Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsində dayanan el sənətkarı olub, aşıq şeirinin inkişafında, onun mürəkkəb formalarının yaranmasında böyük xidmətləri olan ustad aşıqdır. Aşıq Ələsgər bütün varlığı ilə Allaha, onun sevgisinə, Rəsuluna bağlı bir insan olub. Əgər desək ki, Aşıq Ələsgər yaradıcılığı bəhərli bir ağacdır, heç də yanılmarıq.

Nəsillər zaman-zaman onu ziyarət edəcək, bu möcüzəli dünyadan sehrli misralar, fikirlər dərəcəklər. Bəli! Aşıq Ələsgər dünyası bitib-tükənməyəcək. Sehr dolu şeirlərilə insan qəlbini fəth edən, insanda ruh yüksəkliyi yaradan Ələsgər möcüzəsi həm də sadəliyin göstəricisidir. Belə sənətkarlara eldə “Haqq aşığı” deyərlər.

Aşıq Ələsgər aşıq poeziyasının sonuncu nəhəngidir. Onun dilinin şirinliyi, müdrikliyi, səmimiyyətin zirvəsidir. O, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Demək olar ki, o, aşıq şeirinin bütün formalarına müraciət etmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmışdır. Aşıq Ələsgərin böyüklüyü onda idi ki, heç kəsi təkrar etməmiş, hamının söylədiyi adi sözlərdən hamını heyrətləndirəcək bir poeziya yaratmışdır.

Aşıq sənəti XIX əsrlərdə formalaşmağa başlamışdır. Aşıq sənəti kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir. Aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalıb rəqs edir. Azərbaycanın peşəkar aşıqları iki qismə bölünür: ifaçı aşıqlar və şair aşıqlar.  İfaçı aşıqlar poetik yaradıcılıqla məşğul olmurlar. Şair aşıqlar isə dastançı fəaliyyəti ilə yanaşı fərdi poetik yaradıcılıqla da məşğul olurlar. Azərbaycan ədəbiyyatına güclü təsir göstərmiş aşıqlardan biri də Aşıq Ələsgərdir. Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərov 1999-cu ildə “Sazlı-sözlü Göyçə” adlı kitab nəşr etdirmişdir. Otuz dörd aşıq və el şairinin həyatı və əsərlərindən nümunələr vermişdir. Buradan məlum olur ki, Göyçə aşıq mühitinə aşıq Ələsgərin böyük təsiri olmuşdur.

Aşıq Ələsgər Azərbaycanın böyük şəxsiyyətlərindən biridir. Belə nadir şəxsiyyətlər az-az doğulur. Aşıq kimi onun misli-bərabəri yox idi. Həmçinin o, əvəzsiz ifaçı olub. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə elə keyfiyyətlər olub ki, bunu ancaq övliyalarda görmək mümkün idi. İslam Ələsgərov öz xatirələrində bildirirdi ki, Aşıq Ələsgər üz-üzə söhbət etdiyi adamın ürəyindən keçənləri bilirdi. Hətta danışırlar ki, o yaşadığı ərazidən kənarda baş verəcək hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini bədahətən deyərmiş. Onun alqışı da, qarğışı da təsirsiz ötüşməmişdir. Güclü hafizəyə malik imiş. Bir dəfə eşitdiyi şeiri ömürlük yadda saxlayarmış. Aşıq Ələsgər yazıb oxumağı bacarmırmış. Getdiyi yerlərdə kitab oxutdurar,onlara diqqətlə qulaq asarmış. Eşitdiklərini güclü hafizəsində hifz edib saxlamışdır. Aşıq Ələsgər yaradıcılığının əsas qolunu məhəbbət lirikası təşkil edir. Bu lirikada insanın daxili aləmi, sevgi duyğuları, həyəcan və iztirabları təsvir edilir. Aşığın lirik qəhrəmanı sevgilisindən ayrı düşüb, vüsal həsrəti ilə yanan bir gəncdir. O, həyatının mənasını sevgilisinə qovuşmaqda görür. Lakin arzusuna çata bilmir. Ona görə də günləri ah-vayla, qəm-kədərlə keçir, həmdəmi “hicran qəmi” , işi dərd alıb qəm satmaq olur:

Ala gözlüm, səndən ayrı düşəli,

Hicranın qəmiylə kef eyləmişəm,

Ah-vayınan günüm keçib dünyada,

Dərd alıb,qəm satıb, nəf eyləmişəm.

İstifadə etdiyi “Hicranın qəmiylə kef etmək”, “dərd alıb qəm satmaq” kimi  təzadlı bədii ifadələr ayrılığın, onun insan qəlbində yaratdığı qəmin,kədərin təsir gücünü yüksək poetik bir zirvəyə qaldırır. Aşiqlə Məşuqun bir-birindən ayrı düşüb dərd-qəm çəkməsinə, nakam qalmasına etiraz edən sənətkar bütün sevənlərin xoşbəxt yaşamasını arzulayır.

Düzdür, onun yazıb oxumaq savadı olmamışdır, lakin güclü hafizəsi və yeni şeylər öyrənmək marağı ona zəngin bilik əldə etməyə imkan yaratmışdır. O, dövrünün ziyalıları və din xadimləri ilə söhbətlər aparar, savadı olan dost-qohumlarına bədii və dini kitablar, xüsusilə Qurani-Kərimi oxutdurub saatlarla onları dinləyərmiş. Aşıq Ələsgərin şeirlərində rast gəldiyimiz  “Ürəyim bir Kərəmə, bir Şeyx-Sənana yanır” ,”Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün” kimi misralar, Firdovsi, Nizami, Nəsimi kimi şairlərin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” söyləməsi bir sübutdur.

Aşığın qoşmalarının çoxu el gözəllərinin tərifinə həsr edilmişdir. Gözəlləmə adlanan bu cür şeirlərində o, çiçək kimi saf, təmiz Azərbaycan qızlarının şuxluğu və incəliyi lətafət və məlahəti haqqında söhbət açır. Bu şeirlərində gözəli o qədər canlı, dolğun təsvir edir ki, insan bir anlıq onu haradasa gördüyünü düşünür. Sanki sözlə rəsm çəkir, Ələsgər...

Ələsgər yaradıcılığında yüksək məhəbbətlə təriflənən ən yaxşı sifət mərdlikdir. Aşığa görə bu sifət daxili gözəlliyin, insanlığın əsas göstəricisidir. Namus, qeyrət, xeyirxahlıq, düzlük, səxavətli olmaq mərdliyin əlamətidir. Namərddə isə bu keyfiyyətlər yoxdur.

Aşıq Ələsgər ədəbiyyatımızda yeganə poeziya dühasıdır ki, Azərbaycan klassik və aşıq yaradıcılığının bütün formalarında şeir nümunələri qoyub getmişdir.

Aşıq Ələsgərin yaradıcılığında təbiət gözəlliklərinin təsviri də mühüm yer tutur. Aşıq dağ, dərə, gül, çiçək və s. predmetləri insanla vəhdətdə poetikləşdirir.

Aşıq Ələsgərin ictimai-əxlaqi məzmunlu şeirləri də vardır.

Xalq şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm.”

Aşıq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı beləcə bəzəmiş, xalqın ruhuna, yaddaşına köçmüşdür.

Bəli, Aşıq Ələsgərin şeirləri olduqca oynaq, axıcı və ahəngdardır. Misralar musiqidir. Bütün bu keyfiyyətlər aşıq Ələsgərin poeziyasını Azərbaycan ədəbiyyatının inciləri sırasına daxil etmişdir. Aşıq Ələsəgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır və daim yaşayacaq.

Allah Dədə Ələsgərə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

Mələk Nağıyeva,

Bakı Texniki Kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN