Məşhur aktyor, gülüş ustası Hacıbaba Ağarza oğlu Bağırov 2006-cı ilin 4 oktyabrında Bakı şəhərində vəfat etmişdir.
Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.
1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.
Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. H. A. Bağırov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən Şöhrət» ordeni ilə təltif edilib.
1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Şakir QURBANOV