AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevin “Səfəvilər Venesiya və Avropa mənbələrində”, (“Safavids in Venetian and European Sources”) adlı monoqrafiyası Venesiyanın Ka’Foskari Universitetinin “Edizioni Ca' Foscari” nəşriyyatında çap olunub.

Science.gov.az-a istinadən məlumata görə, ingilis dilində işıq üzü görən kitab müəllifin Avropa Kommissiyasının “Horizon 2020” Mariya Skladovskaya Küri Fərdi Təqaüd Proqramı çərçivəsində Venesiyanın Ka’ Foskari Universitetində 2019-2021-ci illərdə həyata keçirmiş olduğu “SAFVEN-West meets East in Venice: Cross-cultural interactions and reciprocal influences between the Safavids and Venetians” (“Şərqlə Qərb Venesiyada qarşılaşır: Səfəvilər və venesiyalılar arasında mədəni əlaqələr və qarşılıqlı təsirlər”) layihəsinin nəticələri əsasında yazılıb.

Kitabda Venesiya Dövlət Arxivinin materialları və dövrün digər mənbələri əsasında Səfəvilər dövlətinin Venesiya Respublikası ilə diplomatik münasibətlərində Türk dilinin rolu, Səfəvi şahlarının Venesiya dojlarına göndərdikləri məktubların vizual və material cəhətləri, Venesiyaya göndərilmiş Səfəvi elçilikləri, diplomatik münasibətlərdə hədiyyələr mübadiləsinin əhəmiyyəti, Səfəvi-Venesiya münasibətlərində Osmanlı amilinin rolu və digər məsələlər tədqiq edilib. Müəllifin Venesiya Dövlət Arxivində aşkar etdiyi I Şah Abbasın Venesiya doju Marino Qrimaniyə yazdığı məktubun italyan dilinə tərcümə nüsxəsi əsasında Şah Abbasın hakimiyyəti dövründə ilk Səfəvi elçiliyinin Venesiyaya 1600-cı ildə (Sücəddin Əsəd bəyin başçılığı ilə) deyil, 1597-ci ildə (Xoca İlyas və Mehmed Emin bəyin başçılığı ilə) göndərildiyi məlum olub.

Arxiv materiallarının tədqiqi nəticəsində Venesiyada ticarətlə məşğul olmuş bir sıra yeni Səfəvi tacirlərinin, o cümlədən Qazi Əvəz, Məhəmməd Hüseyn, İlyas bəy, Şahverdi bəy, Xoca Dərviş, Xoca Hidayətulla, Xoca Musa, Xoca Qubad, Sahib ibn Murad, Məhəmməd bəy, Xəlil ibn Miri, Qaraxan ibn Hacı Bayram, Həsən ibn Hacı Əbülqasım, Hüseyn ibn Əli və digərlərinin adları aşkar olunub.

Qeyd edək ki, kitabın “Əlavələr” bölməsində Venesiya Dövlət Arxivinin müxtəlif fondlarında saxlanılan Səfəvi-Venesiya əlaqələrinə dair itayan dilində 13 əlyazma sənədinin müəllif tərəfindən transkripsiya olunmuş mətnləri verilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN