Sosial şəbəkələrdə və mediada MİQ (müəllimlərin işə qəbulu) müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarının maddi maraq qarşılığında əvvəlcədən ötürülməsinə dair məlumatlar yer alıb.

Belə ki, test bankına daxil edilməsi üçün təqdim olunan orijinal sualların məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına zəmanət verilməsinə baxmayaraq, bu məlumatların yayılması ciddi etirazlara səbəb olub. Vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri, müstəqil ekspertlər təcili olaraq MİQ imtahanlarının ləğv edilməsini, yenidən keçirilməsini və Təhsil İnsitutu rəhbərliyinin istefa göndərilməsini tələb edirlər.

Videogörüntülər yayılan zaman məsuliyyəti üzərindən atmağa çalışan Təhsil Nazirliyi və tabeliyindəki Təhsil İnsitutu sonradan rəsmi açıqlama ilə çıxış edib. İmtahan suallarını tərtib edən mütəxəssislərdən birini ittiham etməklə işini bitmiş sayan nazirlik rəsmilərindən isə ictimaiyyət konkret izah tələb edir. Daha bir iddia isə imtahan suallarının tərtibatı zamanı səhvlərə yol verilməsi, məqsədli şəkildə sualların çətinləşdirilməsi ilə bağlıdır.

Aydınlar Partiyasının sədri, sabiq deputat, professor Qulamhüseyn Əlibəyli mətbuata açıqlamasında bildirib ki, baş verənlər dövlətə qarşı ağır cinayətdir: “Bu, dövlətin mənəvi dayaqlarını sarsıdır. Buna yol verənlər barəsində mütləq ölçü götürülməlidir. Məsələyə məsul qurumun rəhbərliyi hüquqi məsuliyyətə cəlb edilməlidir. Təhsil İnsitutunun rəhbərliyi istefaya göndərilməlidir. Yox, əgər buna getməsələr, deməli, özləri maraqlıdırlar ki, bu cür hallar davam etsin. Təhsil millətin gələcəyidir. Müəllimlik peşəsi ən nəcib və müqəddəs peşədir. Övladlarımıza təhsil verəcək pedaqoqları əyri yollarla işə qəbul etməyin bir adı var – biabırçılıq”.

Q.Əlibəyli qeyd edir ki, MİQ imtahanlarının nəticələri ləğv olunmalıdır: “Sualların tərtibatı zamanı səhvlər var, buna göz yumuruq. Çətin suallar təqdim edirlər, buna da göz yumuruq. Düşünürük ki, burada cinayət əməli yoxdur. Texniki xəta və təşkilati baxımdan yaxşı hazırlaşmamaq deyib üzərindən keçirik. İmtahanların məxfilik prinsiplərini pozmaq isə bağışlanmaz əməldir. Buna görə də mütləq cəza tədbirləri görülməlidir. Əks halda, gələcəkdə də bu cür hallar davam edəcək”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN