Günel Səfərova: “...Onlar da mediadan istifadə edirlər”.

 “Mən 1990-cı illərdə təhsil almışam və o illərdəki situasiyanı çox gözəl bilirəm. Mən hüquq fakultəsində təhsil alanda tələbələr imtahan biletinin arasında bəzi müəllimlərə pul verib qiymət alırdılar”.

Bu fikirləri  Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova son vaxtlar,  bəzi məktəblərdə baş verən hadisələrin  (pul yığma, rüşvət tələb etmə, intihar, zorakılıq ... və s.) KİV-də yayımlanması zamanı yol verilən xətalardan danışarkən bildirib. 

 O, təhsil aldığı dövrün rüşvətlə qiymət alma problemlərini  xatırladaraq qeyd edib ki, “hətta bunu çəkinmədən, utanmadan təşkil edirdilər,  amma təbii ki, hamıya şamil olunmur”.

 Şura sədri seminar və mühazirələrdə iştirak etməyən tələbələrin sonda qırmızı diplom aldıqlarına da diqqət çəkib.

“...Bununla yanaşı heç dərsə gəlməyən, dərs oxumayan tələbələr vardı, sonda onların hamısı çox yaxşı qiymətlərlə diplom aldılar. Məsələ bundan ibarətdir ki, neqativ hal varsa və bu  hansısa konseptual məzmuna əsaslanırsa, işıqlandırılsın, biz də müzakirəyə çıxaraq. Yox, əgər məsələ orta səviyyədə qalacaqsa, biz problemin həllinə nail ola bilməyəcəyik”, - deyə qeyd edib.

Onun sözlərinə görə, elm və təhsildəki müsbət nailiyyətləri gözü götürməyən, mane olmaq istəyənlər var və onlar mediadan istifadə edir:

“Düşünürəm ki, elm və təhsildə innovativ, müsbət, gələcəyə yönəlik bir hərəkətlənmə var. Bu da köhnə qaydalara uyan, korrupsiya və rüşvətə yol açan bir qrupu narahat edir. Buna mane olmaq istəyən qüvvələr var və onlar da mediadan istifadə edirlər”, - deyə Günel Səfərova vurğulayıb.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN