Qazaxıstan alimlərinin maaşı 257 min təngəyə (930 AZN) qədər artırılıb.

Bu barədə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.

Bildirilib ki, əvvəllər Qazaxıstanda alimlərin maaşları sabit deyildi və müsabiqələrin nəticələrindən asılı idi. İndi onlar qrant və proqram-məqsədli maliyyələşdirmə üzrə müsabiqə prosedurlarından asılı olmayaraq sabit əmək haqqı alacaqlar.

Vurğulanıb ki, həyata keçirilən maliyyə islahatları 1200-ə yaxın aparıcı alimin maaşını 70% - 152 min tengedən 257 min təngəyə  (təxminən 568 Azərbaycan manatından 930 manatadək) qədər artıracaq. Bu tədbirlər 74 elmi-tədqiqat institutunun kadr potensialının və yerli alimlərin səriştələrinin gücləndirilməsinə kömək edəcək.

“Nazirlik tədqiqatçı alimlər üçün lazımi şəraitin yaradılmasına xüsusi diqqət yetirir.  Qurum alim peşəsinin maliyyə baxımından daha cəlbedici olması, mühüm elmi ideyaların sabitliyinə və həyata keçirilməsinə təminat vermək üçün sistemli iş aparır. Dövlət başçısının tapşırığının icrası çərçivəsində fundamental elm və elmi-tədqiqat institutlarının əsas maliyyələşdirilməsinin həcminin artırılması məsələsi də öz həllini tapıb. Elm haqqında qanunvericiliyə də müvafiq dəyişikliklər edilib”, - deyə nazir bildirib.

Hazırda Qazaxıstanda Elm və Ali Təhsil Nazirliyinin 2023-2025-ci illər üçün elmi və ya elmi-texniki layihələrin, o cümlədən gənc alimlərin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr elan etdiyi də bildirilib.

Bəs Azərbaycanda vəziyyət necədir?

Məlumata görə, Azərbaycanda 2022-ci ilin büdcəsindən elmə 182273052 manat ayrılıb. Və bu məbləğin 116 milyon manatı AMEA-nın, 4 milyon manatı Elmin İnkişaf fondunun payına düşür.

Bu ilin yanvarında isə Baş nazir Əli Əsədov Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında qərar verib.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilib.

Lakin məlum olduğu kimi, alimlərimiz, yaxud bu ada iddialılar maaşlarından narazıdırlar.

 Sabiq Təhsil naziri, professor  Firudin Cəlilov isə bir müddət əvvəl bildirmişdi ki, AMEA-da  elə institutlar var ki, onların 150 işçisi var və onlardan yalnız 10-15 nəfəri elmlə məşğuldur.

Onun sözlərinə görə, AMEA-da ciddi islahatlar aparılmalı, ixtisarlar tətbiq edilməlidir. İşdən kənarlaşdırılan şəxslərin məvacibləri hesabına daha məhsuldar çalışan alimlərin maaşları artırılmalı, hətta onlara 4-5 qat artıq maaş verilməlidir...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN