“İddia edə bilmərik ki, direktorlar ancaq pula görə bunu edir, əgər bu kimi hallar varsa, valideyn yaşadıqları yerin prokurorluğuna və Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər”.
***
Məlum olduğu kimi, bir çox məktəblər iki növbəlilik əsasında fəaliyyət göstərir, yəni bəzi siniflərin şagirdləri səhər, bəzilərininki isə günorta növbəsində məktəbə gəlirlər.
Növbə ilə bağlı narazılıqlar da yox deyil. Hətta sosial şəbəkələrdə bəzi valideynlərin növbə məsələsini direktorla “anlaşaraq” həll etdiyi barədə söz-söhbətlər də yayılmaqdadır. İddialara görə, direktorlar özləri bunun müqabilində validenlərdən pul tələb edirlər...
Təhsil eksperti Elşən Qafarov KİV-ə açıqlamasında ölkəmizdə 1000-dən yuxarı məktəbin iki növbəli sistemdə işlədiyini bildirib.
O, qeyd edib ki, bunun qarşısını almaq üçün dövlət proqramı qəbul edilməli və yeni məktəblər tikilməlidir.
Ən çox sıxlığın Bakı, Abşeron və Sumqayıt ərazisində olduğuna diqqət çəkən ekspert, çoxnövbəli məktəb sisteminin ləğv edilməli olduğunu da vurğulayıb.
Elşən Qafarov ölkə Prezidentinin yeni məktəblərin tikilməsi ilə bağlı sonuncu dəfə (2019-cu ildə) 47 milyon manat pul ayırdığını bildirib.
Onun sözlərinə görə, çoxnövbəli məktəb sistemində valideynlərin iş yeri və məskunlaşma sahəsi nəzərə alınmalıdır:
“Valideynlər məktəb müəllimlərinə müraciət edir və övladlarınının başqa növbəyə keçirilməsini xahiş edirlər. Deyə bilmərik ki, bütün hallarda burada pul alınmasından söhbət gedir. Belə vəziyyətlərdə məktəb direktorları çıxış yolu kimi müəyyən güzəştli addımlar atırlar. Lakin bu güzəştin arxasında nə durduğunu deyə bilmərik. İddia edə bilmərik ki, direktorlar ancaq pula görə bunu edir, əgər bu kimi hallar varsa, valideyn yaşadıqları yerin prokurorluğuna və Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər”, -deyə ekspert bildirib.
Bəli, bütün hallarda konkret faktlar tələb olunur. Təhsil ekspertinin də dediyi kimi, belə hallar varsa, aidiyyəti qurumlara şikayət edilməlidir ki, vaxtında tədbir görülsün.
Y.MƏMMƏDLİ