Elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda çıxışı zamanı etiraf edib ki,

sertifikasiya imtahanında iştirak edən hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. 

Yəni sertifikasiya imtahanında iştirak etmiş hər 100 müəllimdən 25-i savadsızdır və ən minimal biliklərə belə sahib deyil.

Savadsız müəllim isə məlumdur ki, savadsız şagird yetişdirəcək. Bu məsələdə günahkar kimdir? Yəqin ki,  bunun kökü pedaqoji təhsil verən müəssisələrdə axtarılmalıdır. Axtarılmalıdır ki, savadsız müəllim ordusu yetişdirilməsinin qarşısı alınsın. Bəs bu qədər sertifikasiyadan keçməyən müəllimlərin gələcək taleyi necə olacaq? Onlar məktəblərdən uzaqlaşdırılarsa,  əvəzləyəcək savadlı müəllimlərimiz mövcuddurmu?

Sertifikasiyadan keçməyən müəllimlərin gələcək taleyi ilə bağlı  Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova qeyd edib ki, sertifikasiyadan keçə bilməyən müəllimlərin təhsil sistemində fəaliyyətinə son qoyulmalıdır. 

“Elm və təhsil naziri tərəfindən səsləndirilən çox sadə sualları cavablandıra bilməyən müəllimlər müşahidə etdik. Düşünürəm ki, növbəti illər ərzində bu müəllimlər təhsil prosesindən kənarlaşdırılmalıdır. Təhsil millətin gələcəyidir. Bu gün ibtidai sinif müəllimi dərsini doğru tədris edə bilmirsə, yuxarı siniflərə nəzər saldıqda daha çox problemlərin olduğunu müşahidə edəcəyik. Bu problemin zamanla aradan qalxacağını düşünürəm”.

Onun sözlərinə görə, sertifikasiya prosesində müəllimlərin yenidən imtahana hazırlığı üçün verilən bir illik hazırlıq müddətindən sonra, imtahanda yenidən mənfi nəticə göstərənlər təhsil sistemindən kənarlaşdırılmalıdır. 

 Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib isə bildirib ki, sertifikasiya qaydalarını  və tələblərini daha da  möhkəmləndirmək lazımdır.

“Bununla da  savadsız müəllimləri məktəblərdən uzaqlaşdıra bilək.  Düşünürəm ki, bu zaman müəllimlərə  heç bir şans verilməməlidir"- ekspert deyib. 

Xatırladaq ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədəki çıxışı zamanı bildirib ki,  yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərin hər biri ilə sıx işlənəcək, onlar ixtisasartırma təlimlərinə cəlb olunacaqlar və iyun ayında yenidən imtahan verəcəklər.

Nazir sertifikasiya imtahanında aşağı nəticə toplayan 2 368 nəfər müəllimin təkrar şansdan yararlanaraq uğur qazanacaqlarına ümid etdiyini bildirmişdi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN