Fevralın 14-də

Özbəkistanın ali təhsil, elm və innovasiyalar naziri İbroxim Abduraxmonov ali təhsil müəssisələrinin rektorlarına bütün tələbələri öyrənmək, onları davranışlarına görə şərti olaraq qruplara bölmək və siyahılar formalaşdırmaq barədə göstəriş verib.

Bu barədə Özbəkistanda təhsil sahəsi üzrə ekspert Komil Cəlilov Telegram kanalında məlumat verib.

 O bildirib ki, “təcili” qeydi ilə göndərilən müraciətdə ali məktəblərin rektorlarına tələbələri aşağıdakı qruplara bölmək tapşırılıb:

 cinayətə meylli;

digər insanların fikirlərinin təsiri altına düşməyə meylli;

qaydalara əməl etməyənlər.

Qeyd olunur ki, ayrı-ayrı qruplara ayrılan tələbələrə nazirliyin və ali məktəblərin rəhbərləri və əməkdaşları təhkim olunmalı, onların valideynləri ilə söhbətlər təşkil olunmalı, tələbələrlə fərdi iş aparılmalıdır.

Nazirin keçirdiyi müşavirədə bu tapşırıqların icrası ilə bağlı məlumatın üç gün müddətində birinci rəhbərin imzası ilə göndərilməsi tapşırılıb.

Vəziyyəti şərh edən Komil Cəlilov Özbəkistan Konstitusiyasının hər kəsin fikir, söz və əqidə azadlığı, şəxsi həyatına müdaxilədən müdafiə hüququna malik olduğu maddələrinə istinad edib.

Ölkənin əsas qanununun 26-cı maddəsinə əsasən, cinayət törətməkdə təqsirləndirilən hər kəsin təqsiri qanunla sübuta yetirilməyənə qədər, onun müdafiəsi üçün bütün imkanların yaradıldığı açıq məhkəmə prosesində təqsirsiz sayılır.

“Tələbənin belə siyahılara salınması və ümumiyyətlə, dövlət orqanı tərəfindən belə siyahıların formalaşması və aparılması Konstitusiyanın yuxarıda göstərilən normalarına və təqsirsizlik prezumpsiyasına uyğundurmu? – deyə Komil Cəlilov belə bir sualla Özbəkistanın Ədliyyə Nazirliyinə və hüquqşünaslara müraciət edib.

Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyindən isə bildirilib ki, fevralın 14-də universitet və filial rəhbərlərinə göndərilən məktub rektorlarla görüşlərin birində səslənən fikir və iradlara əsaslanan göstərişdir.

“Yəni, bu yazılı göstərişlər ilkin olaraq rektorlarla müzakirə olunur və razılaşdırılır və ali məktəblərin daxili qaydaları ilə bağlıdır”, - deyə nazirlikdən bildirilib.

Məlumatda qeyd edilib ki, universitet qaydalarına əməl etməyən və ya onları pozan tələbələrin siyahısının tərtib edilməsi tələbələrin mənəvi-maddi problemlərinin aradan qaldırılmasına, onların istedadlarının reallaşdırılmasına köməklik göstərilməsinə, tələbələrin asudə vaxtlarının və təhsil imkanlarının istiqamətləndirilməsinə, tələbələrin təhsil alması üçün şərait, həmçinin tələbələr və müəllimlər arasında dostluq mühiti yaratmaqdan ibarətdir.

Qeyd edək ki, təhsil eksperti Komil Cəlilov “Tələbələrin sosial-psixoloji portreti” ilə bağlı anketi də dərc edib.

foto-ozbekis

Onun sözlərinə görə, bu anketlər universitetlərdə yayılır.

Anket tələbənin tam adı, yaşı, yaşadığı ünvan, bitirdiyi məktəb, davranışı, bacarıq və qabiliyyətləri, xasiyyəti, ailə mühiti, dini təhsili və s. toplamaq üçün tərtib edilib. Sənəd qrup tərbiyəçisi və universitet psixoloqu tərəfindən imzalanır.

Ekspert Ədliyyə Nazirliyindən bu cür sorğuların keçirilməsinin və tələbələrin kateqoriyalara bölünməsinin nə dərəcədə qanunauyğun olduğuna münasibət bildirməyi xahiş edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN