Rayonun E.Bayramov adına Talıstan kənd orta məktəbin müəllimi Surə Cəbrayılovanın (Ziyadqızı) pedoqoji təcrübəsi ölkənin bütün müəllimlərinə nümunə olasıdır…

…Onu şəxsən tanımıram. Bəlkə də yaxından tanısaydım, bu məqalə də arzuladığım kimi yazılmazdı. Hətta ola bilərdi ki, özü də barəsində təqdimatlı yazının dərcini istəməzdi. Çünki fəaliyyətindən görünür ki, pedoqoji sahədə püxtələşmiş, təcrübələnmiş və nümunəvi olmuş bir müəllim kimi təvazökardır, özü haqqında məxsusi təqdimatı istəməz. Amma həm də, Surə xanımın iş təcrübəsi, məktəbdə iş yoldaşlarının, ən vacibi, şagirdlərinin yanında qazandığı xətir-hörməti, nail olduğu nüfuzu barədə niyə də ictimaiyyət ətraflı bilməsin?!

***

 …Surə Ziyadqızı barədə isə İsmayıllıda olanda bir valideynin söhbətindən məlumatlı oldum. O da məlum oldu ki, həmsöhbətimin barəsində danışdığı Surə Ziyadqızı İsmayıllı rayonunun E.Bayramov adına Talıstan kənd orta məktəbin sinif müəllimidir. Həmsöhbətim olan valideynin danışdıqları bəlkə də müəllimin kimliyi və peşə təcrübəsi barədə yetərincə təsəvvür yaradır:

- Surə Cəbrayılovanın (Ziyadqızı) pedoqoji təcrübəsini bəlkə də çox adam incəliyinə qədər bilmir. Lakin mən bir məqamı övladımdan eşidəndə çox təsirləndim. Belə ki, uşaq məktəbə gedəndə dərs fasiləsində məktəbin bufetindən nəsə alıb yeməsi üçün cibinə az da olsa pul qoyurdum. Bir gün məktəbdən gəlib verdiyim pulu özümə qaytardı. Soruşdum ki, mənim balam, nə olub, xəstələnmisən, bəs niyə özünə nəsə almamısan? Uşaq özünə məxsus tərzdə bunları dedi: «Ata, Surə müəllimə bu gün dərsə başlayanda hamımıza bir tösiyyə verdi. Dedi, uşaqlar, siz hər gün fasilə zamanı dükandan, yaxud bufetdən nəsə alıb yeyirsiniz… Ola bilər kiminsə buna imkanı olmasın, amma sizin alıb yediklərinizdə şagirdlərdən kiminsə gözü qala bilər, tamahı keçər, o da yemək istəyər, amma utanıb sizdən istəməz. Gəlin bu gündən belə edək: siz evinizdən yeyəcəyiniz qədər çörək götürün, arasına evinizdə bişiriləndən, lap olsun, yağ, pendir, şor, qoyub gətirin, acanda yeyin… Hamı belə etsin. Bu həm də sizin həmrəyliyiniz, həmdostluğunuz, bərabərliyiniz demək olar. Aranızda isə kiminsə atasının imkanlı-imkansız olma fərqi də görünməz. Axı siz bir sinifdə təlim-tərbiyə, bilik, dərs öyrənirsiniz. Gəlin bu qaydanı müdafəiə edək! Razısınızmı?». Ata, hamımız razı olduğumuzu bildirdik. Həmin gündən məktəbə yemək üçün çörək götürməyi qərarlaşdırdıq…».

***

 Həmsöhbətimin kövrək təbəssümlə söylədikləri diqqətəlayiq idi. Müəllimin uşaqlara təlqin etdiyi məlum qayda isə olduqca təsirlidir, fəlsəfi düşüncə məhsuludur, uşaqların bir-birinə yanaşma fərqini aradan qaldıran psixoloji təsir vasitəsidir. Belə iş təcrübəsi, tədris təcrübəsi təbliğ olunasıdır, dəstəklənməlidir!

ism-8

 Təbii ki, məktəbdə müxtəlif sosial təbəqəli şagirdlər olur. Lakin bu fərq dərs mühitində, sinifdə aradan qaldırılırsa, bu həmin şagirdlərin gələcək həyatında da özünü göstərəcək. Mütləq göstərəcək. Ətrafına özünün baxışları ilə nəzər yetirən, özünü başqasının həyat tərzində hiss edən, fərq görməyən uşağın gələcəyi müdrik bir formada təzahür etmiş olacaq. Təbii, valideynin söylədiyi kimi, müəllimi də şagirdlərinə sevdirən bu ürək genişliyi və ənənəvi olmayan, hər bir şagirdinin qəlbinə yatan bir qayda tətbiqidir ki, öyünüləsi və təqdir olunasıdır!

 Dünya şöhrətli alim Xudu Məmmədovun daha bir dəyərli fikrini xatırlayıram. Xudu müəllim deyirdi ki, Vətəni uşaqlara sevdirməyə elə də səy göstərməyin, siz Vətəni onları yaxşı tanıdın, onlar Vətəni dəlicəsinə sevəcəklər!

 Bəli, müəllimini qeyri-adi fikirləri, nəcib təməlləri və dəyərli tövsiyyələri ilə tanıyan şagirləri də onu qəlbən sevəcək, hörmət bəsləyəcək…

 

 SONDA: İsmayıllı rayonunun E.Bayramov adına Talıstan kənd orta məktəbin müəllimi Surə Cəbrayılovanın (Ziyadqızı) haqqında əlavə bir məlumat da əldə etdik. Məlum olur ki, Surə müəllimənin həm də bədii yaradıcılığı var. Görünür, bu yaradıcılığı və istedadı onun həm də məktəbdə köməyinə gəlib, həmsirdaşı olub. Belə ki, Surə müəllimə pedoqoji iş təcrübəsi və yenilikləri, əlaçı şagirdlərinin üz ağardanlığına görədir ki, dəfələrlə Fəxri fərman və Diplomlarla təltif olunub. O, 2005-ci ildə «Ən yaxşı sinif kabineti» müsabiqəsində 2-ci yerin qalibi olub. Onun pedaqoji iş təcrübəsinin mahiyyətini açıqlayan 70-dən çox publisistik məqalələri ölkə mətbuatında çap olunub. 5 kitabın müəllifidir.

***

 Bəli, müəllim ömrü sona yetməyəndir, çünki onun ömrü şagirdlərinin həyatı-gələcəyi, həyatda yer tutduğu yüksəlişi ilə davamlıdır… Adını eşidib, üzünü görmədiyimiz Surə Ziyadqızına məhsuldar və şagirdləri ilə davamlanan, izi qalan  həyat eşqli fəaliyyətinə görə minnətdarlıqla, daha böyük uğurlar arzulayırıq.

A.Məmmədli

P.S.Professor, Azərbaycan Dövlət Texniki Universitetin kafedra müdiri Valeh Baxşəlinin dünya şöhrətli alim Xudu Məmmədov haqqında söylədiyi bu fikirlərini xatırlamağı özümə borc bildim. Deyir: «…Xudu müəllim müəllifi olduğu  bir kitabını mənə avtoqraf yazaraq hədiyyə edib. O, avtoqrafında yazır: «Arzu edirəm, mənim bu kitabda buraxdığım səhvləri sənin kimi tələbələrim düzəltsin…».

Bu, böyük alim Xudu Məmmədovun güvəndiyi tələbəsinin gələcəyinə olan böyük ümidinin ifadəsi idi…

ism-7

 

 

  

  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN