Orta məktəb müəllimləri sertifikasiya imtahanlarına cəlb edildikdən sonra bir çox təhsil verən bu imtahandan üzüağ çıxmadı desək, daha doğru olar: zəif nəticə nəticə göstərən kim, sıfır bal toplayan kim...

Bəs ölkəmizdə hər il yüzlərlə müəllim yetişdirən, tələbələrin əlinə diplom verən ali təhsil ocaqları və  pedaqoji kadr hazırlığında cavabdehlik daşıyan (bir çoxunun elmi dərəcələri var) pedaqoqlar necə ola bilər ki, çox zəif müəllim ordusu yetişdirir? İllərlə auditoriyalara təpik döyən tələbələr niyə bu qədər zəif nəticə göstərə bilirlər: təhsil verənmi zəifdir, təhsil sistemimi, yoxsa tələbələrə “asan yol” tapmaqla “çulunu sudan çıxaracaq”ları barədə arxayın salanlarmı?

Sual çoxdur. Amma görünən odur ki, son zamanlar müəllimlərin sertifikasiya imtahanlarına cəlb edilməsi təhsilimizin paxırını açdı, həm də illərlə yığılıb qalmış paxırını...

İndi təsəvvür edin: sertifikasiya digər sahələrdə çalışanlara tətbiq edilsə, vəziyyət necə olar?  

Belə zamanda isə sadəcə olaraq ayıbımıza “kor olub” susmalı deyilik, ayıbımızı görüb nəticə çıxarmalı və hər bir tələbənin savadlı kadr, mütəxəssis kimi yetişməsinə  çalışmalı, gələcəyimizi, elmimizi etibarlı əllərə həvalə etməliyik.

Bunun üçün isə bəhanə yoxdur – həmin auditoriyada əyləşən hər bir tələbə test imtahanlarından normal bal toplayaraq (universitetin tələbinə, keçid balına uyğun) o imtiyaza sahib olanlardır. Və o tələbələri savadlı kadr kimi yetişdirmək üçün bütün çabaları göstərmək də, tələbəni oxumağa həvəsləndirmək də, istənilən yüksək nəticəyə nail olmaq da müəllimlərdən asılıdır.

Odur ki, ali məktəb ocaqları heç də yaxalarını kənara çəkməsinlər...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN