Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Aslan Kənan “Təzadlar”a göndərdiyi və elm və təhsil naziri Emin Əmrullayevə ünvanlı müraciətində hər kəsi düşündürən bir vacib məsələyə toxunub.

Şikayətçi yazır:

Azərbaycan Respublikası Elm və təhsil naziri cənab Emin Əmrullayevə

Açıq məktub

Cənab nazir!

Nəvəm Mahmudova Fatimə Fərid qızı 22 mart 2017-ci ildə Bakı şəhərində anadan olub. İki yaşında “Good luck” tədris mərkəzinin “Rus bölməsi”nə qəbul olunub. 2023-cü ilin may ayında hazırlığı müvəffəqiyyətlə başa vurduğuna görə xüsusi diploma layiq görülüb. Mahmudova Fatimə “Avropa liseyinə” daxil olmaq üçün həmin liseyin müəllimindən xüsusi hazırlıq keçib. Bir sözlə, nəvəm Mahmudova Fatimə Fərid qızı rus dili bölməsinə daxil olmaq üçün tam hazır olub. Bu ilin may ayının 24-də nəvəm Mahmudova Fatimə birinci sinfə daxil olmaqdan ötrü Elm və Təhsil Nazirliyinin 276 saylı məktəbdə keçirdiyi müsahibəyə cəlb olunmuşdur. Müsahibə götürənlər Sizin rəhbərlik etdiyiniz nazirliyin “müəllim-psixoloq”ları (əgər bu adı onlara demək caizdirsə) 6 yaşlı uşaqla 22 dəqiqə sual-cavab aparmışdır (kamerada bu müsahibə öz əksini tapıb). Lakin nəvəm ilk dəfə belə vəziyyətə düşdüyündən suallara sıxıla-sıxıla da olsa cavab vermiş, bu da onları qane etməmişdir. Mənə elə gəlir ki, 6 yaşlı uşağın düşdüyü vəziyyət onlar tərəfindən normal qarşılanmalı idi. Mən apellyasiya şikayəti verdim. 06 iyun tarixdə Apellyasiya şıkayətinə baxan, özünü Elm və Təhsil Nazirliyinin işçisi kimi təqdim etdiyi “üzrü günahından betər” əməkdaşınız həmin “müəllim-psixoloq”lardan geri qalmamış, Fatimə Mahmudova ilə söhbət aparmadan, kamera ilə tanış olmuş, sonra uşağın anasına “Siz niyə həyəcan keçirirsiniz, uşaq normal cavab verib də”-demişdi. Lakin 07 iyun tarixdə cavab gəldi ki, “...sizin apelyasiya müraciətinizə baxılmış və komissiyanın rəyinə əsasən övladınızın əvvəlki nəticəsi qüvvədə qalmışdır.”

Maraqlıdır, “Good luck” tədris mərkəzində və  “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olmaq üçün həmin liseyin müəllimindən xüsusi hazırlıq keçmiş uşağa necə “rus dilini bilmir” demək olardı? Bununla da məndə 6 yaşlı uşaqdan müsahibə götürən müəllimlərə qarşı ikrah hissi yaratdı. Bu həm də rəhbəri olduğunuz nazirliyin səviyyəsiz işçiləri ucbatından nəvəmin “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olması üçün verəcək müsahibəyə birdəfəlik qara xətt çəkildi. Bu da Sizin nazirliyin gələcək nəslə göstərdiyi münasibət.

Nəzərinizə çatdırım ki, mənim böyük nəvəm Mahmudlu Mehdi Fərid oğlu 132-134 saylı tam orta məktəbin 5-ci sinfinin “Rus bölməsi”ndə təhsil alır. Dərs əlaçısıdır. Onu da vaxtilə məktəbə qəbul etmirdilər. Əlaqədar təşkilatların müdaxiləsi nəticəsində məktəbə qəbul olundu. Nəvəm Mahmudlu Mehdi öz ana dilindən başqa rus, ingilis dillərini mükəmməl bilir, hal-haırda da ərəb dilini öyrənir. O dəfələrlə respublika və dünya üzrə ingilis dili fənnindən birinci yeri tutub, qızıl medala layiq görülüb. 

Azərbaycan Respublikasının Konstitusiyasının 21 maddəsinin II bəndində deyilir ki, “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Mən ruspərəst deyiləm. Uşaqlarımı da ana dilimdə tərbiyə edirəm. Böyük nəvəm rus dili bölməsində oxusa da o, tariximizi, ədəbiyyatımızı, folklorumuzu Azərbaycan bölməsində oxuyan uşaqlardan heç də pis bilmir. Sadəcə, nəvəmi rus bölməsində oxutdurmaqda məqsəd, bu dili qrammatik cəhətdən mükəmməl öyrənməsidir. Təsadüfi deyil ki, dili, əlifbası, mədəniyyəti başqa xalqlardan oğurlayan mənəviyyatsız qonşularımız ermənilərin “dili” Bakı Dövlət Universitetində tədris olunur. Səbəb də aydındır. Məhz mən də bu aydınlıq səbəbindən nəvələrimi rus bölməsində oxutdurmaq məcburiyyətində oldum. Düşündüm ki, sonralar əziyyət çəkib oxumaqdansa, əlavə maliyyə sərf etməkdənsə, bu ən gözəl imkandır. Həm də bu dili qrammatik cəhətdən mükəmməl bilərsə o zaman rəqibini öz dilində ram edə bilər. Vaxtilə böyük şair, maarifçi (Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərinin nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif etmişdi) rus dilinin öyənilməsi haqqında oğluna öyüd verərək yazırdı:

Ey oğul hər lisanə ol raqib

Müyəssər ol rus elminə talib

Onlara ehtiyacımız çoxdur

Bilməsək dil əlacımız yoxdur.

 Bəli, cənab nazir, hal-hazırda Siz də gözəl bilirsiniz ki, rus, ingilis dillərinə ehtiyac duyulur. Heç kimə gizli deyil ki, bu dilləri bilmədən keçinmək çətin olur. Kimsə mənimlə razılaşmaya bilər, lakin bu belədir. Azərbaycan həqiqətlərini dünyaya bu iki dillə çatdırmırıqmı? Məgər böyük şair indiki üzdəniraq “müəllim-psixoloq”lardan az bilirdi?

Xatırladım ki, “Təhsil haqqında” qanunun 42-ci maddəsinin II bəndində göstərilən “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir” maddəsinə inansaq, o zaman nə səbəbdən Bakı Şəhər Təhsil İdarəsinin məmuru mənə “aparın nəvəniz özəl məktəblərdə oxusun” deməlidir? Bu hansı tərbiyəvi məntiqə sığır? Görünür həmin məmur mənim dolanışığımla  özünün dolanışığını “səhv salır”.

Əgər Azərbaycan Respublikasının Konstitusiyasının  45-ci maddəsinin I bəndində  “Hər kəsin istədiyi dildə təhsil almaq hüququ vardır” yazılırsa, o zaman bu nə məmur özbaşınalığıdır?

Cənab nazir!

Mən apelyasiya şikayətindən sonra etiraz olaraq yenidən Elm və Təhsil Nazirliyin qaynar xətti ilə əlaqə saxladım. Oradan mənə dedilər ki, bu məsələ ilə Bakı Şəhər Təhsil İdarəsi məşğul olur. Bakı Şəhər Təhsil İdarəsinin rəisi ilə görüşmək istədiyimi bildirdim. Cavabında bildirdilər ki, ilk öncə idarənin sektor müdiri ilə görüşməli, əgər söhbətiniz alınmazsa, o zaman üç gün müddətinə rəislə görüşə bilərsiniz. Beş gün sonra iyun ayının 12-də Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım. Mənə bildirdilər ki, sektor müdiri ilə görüşünüz bir aydan sonra, yəni iyul ayının 17-də baş tuta bilər. Bu zaman Azərbaycan xalqının ümummilli lideri, mərhum Heydər Əliyevin 70-ci illərdə çıxışlarının birində dediyi “JEK” (Mənzil-İstismar Sahəsi) müdirləri kimdir ki, onların qəbuluna düşmək olmur?” sözlərini xatırladım. 50 il bundan öncə peyğəmbərcəsinə deyilən bu qiymətli deyim indiki Sizin məmurların ünvanına aid etmək olar.

Elm və Təhsil Nazirliyinin müraciətimə etinasızlıqla yanaşmaqda məqsədi nəvəmin “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olmasını əngəlləmək idi və buna da nail oldular. Görünür Elm və Təhsil Nazirliyinin işçilərinin balaları özəl məktəblərdə oxuduqlarına görə onları bizim kimi sadə ziyalı övladların həyat dərsi düşündürmür.

Cənab nazir!

Mən nəvəmi məktəbə qoymaq üçün gecə-gündüzüm yoxdur. Sizin nazirliyin də insafı. Nəvəm mənə yaxınlaşıb deyəndə ki “Məni məktəbə götürməyəcəklər?”, ona müsbət cavab versəm də, lakin o məktəbə daxil olmasa, sonu nə ilə bitəcəyini özümdə götür-qoy edirəm.

Sizə qızım G.Qasımlı iki dəfə bu barədə müraciət ünvanlamışdır. Birinci məktubun cavabında bildirilir ki, məktubunuz Bakı Şəhər Təhsil İdarəsinə göndərilib. Qəribədir, biz Sizə Bakı Şəhər Təhsil İdarəsindəki özbaşınalığı qeyd edirik, lakin Elm və Təhsil Nazirliyi ərizəni həmin idarəyə göndərir. Bu nə ötür-ötürdür? Əgər müsahibə nazirlik tərəfindən keçirilibsə, nə səbəbdən Sizin nazirliyə müraciət olunan ərizəmiz Bakı Şəhər Təhsil İdarəsinə yönəldilməlidir? Axı apelyasiya şikayətimə burada barmaqarası baxıblar.  Belə çıxır ki, “səndən sənə şikayətim var”?! Bundan sonra həmin şikayətə, Siz bilən, düzgün baxılarmı?

Cənab nazir!

Nə vaxt bu özbaşınalığa son qoyulacaq? Yoxsa Sizin rəhbərlik etdiyiniz Elm və Təhsil Nazirliyinin işçiləri sözü bir yerə qoyub mənim nəvəmin oxumasına “tabu” qoyublar?! Çünki Sizə məktub göndərməyimizə baxmayaraq heç bir əməli tədbir görülmür. Görünür məktublar ünvanına çatmır. Əks halda, bəlkə də, Sizin tərəfinizdən müəyyən ölçü götürülə bilərdi.

İnanmaq istərdim ki, Elm və Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi etinasız işçilərinin bu soyuqqanlığına birdəfəlik son qoyacaq.

Hörmətlə,

Aslan Kənan,

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvü

Redaksiyadan: Biz də inanırıq ki, nazir qeyd olunanlarla bağlı lazımi tədbirlərin görülməsinə tapşırıq verəcək.  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN