"Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan aqrar elmini dünya elminə öz elmi əsərləri ilə inteqrasiya etdirən, aqrar sahədə tədris olunan fənlər üzrə tədris-metodiki işləri, o cümlədən dərslikləri, dərs vəsaitləri və monoqrafiyaları olan bir qrup alimlərin əməyi qiymətləndirilmək əvəzinə, hər iclasda rektor tərəfindən təhqir edilir və aşağılanır. Ona görə ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərova savadlı, elmli, tədrisi bilən kadrlar yox, əksinə, alveri, rüşvəti və korrupsiyanı bacaran insanlar, xüsusilə də gənclər lazımdır. Rektora söz deyə bilən bir qrup insan bu gün rektorun qarşısında gözükölgəlidir. Belə ki, həmin insanların oğlunu, qızını, gəlinini, qardaşını və yaxud qohumunu işə götürən rektor qəsdən onları susdura bilmişdir. Ona görə də bu gün İbrahim Cəfərov istənilən professoru, dosenti belə, aşağılaya bilir və təhdid edir. Heç kim səsini çıxara bilmir. Bəzi insanlar da səsini çıxarsa belə, ona dəstək olan yoxdur".

Bu, ADAU-nun bir qrup müəllimi adından dövlət başçısına edilən müraciətdəndir.

Müraciət müəllifləri daha sonra yazır: "Bunlarla yanaşı, rektor İbrahim Cəfərov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də işdən qovulan insanları cərimə batalyonu kimi Aqrar Universitetdə kafedra müdiri və prorektor vəzifələrinə yerləşdirib. Bunlara görə rektora gözün üstündə qaşın var deyən yoxdur. Bir müddət dekan və kafedra müdiri vəzifələrindən qazanc götürən rektor ənənəni davam etdirir.

Bir müddət öncə rektor ADAU-nun "Kənd təsərrüfatı texnikası" kafedrasına ticarət yarmarkasında ayaqqabı satan Aydın İsayevi kafedra müdiri seçmişdir. Hansı ki, Aydın İsayev bir neçə il əvvəl korrupsiya ilə əlaqədar "Magistratura" şöbəsinin midiri vəzifəsindən qovulmuşdur. Buna baxmayaraq, İbrahim Cəfərov onu və onun yaxın dostu olan Ayaz Həsənovu da kafedra müdiri vəzifəsinə təyin etmək üçün imkan axtarır. Aydın İsayevi kafedra müdiri kimi yerləşdirdi, indi də qarşıda yaxın günlərdə qəssablıq edib Ayaz Həsənovu da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına müdir qoymaq istəyir. Halbuki həmin kafedrada bu vəzifəyə daha layiqli kadrlar var. Ayaz Həsənov da 5 il öncə "Aqromühəndislik" fakültəsinin tələbələrinin hər birindən kurs işinə görə 60 manat pul almışdı. Bu hadisənin üstü komissiya və dekan Cəmaləddin Məmmədov tərəfindən açılanda İbrahim Cəfərov Ayaz Həsənovu müdafiə edə bilmədi. Bu gün kafedra müdiri olan təmiz, haqqın tərəfində olan Vaqif Mirzəliyevin qəti mövqeyindən sonra Ayaz Həsənovun fəaliyyətinin yoxlanılması ilə əlaqədar komissiya yaradılmış və nəticə olaraq yekunda kafedra müdiri vəzifəsindən uzaqlaşdırılmışdı. Vaqif Mirzəliyev kafedrada təmiz və tələbkar işgüzar şərait yaratmışdır. Eyni kafedrada çalışan bu iki dostdan Aydın İsayev kafedra müdiri asan seçildiyi kimi, Ayaz Həsənov da "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasına maddi maraqlar əsasında kafedra müdiri seçilmək üçün hazırlaşıb. Bunlar bilir ki, kafedra müdiri seçilmək üçün nə qanun, nə elmi tədqiqat işləri, nə də tədris-metodiki işlər lazımdır, ancaq rektor İbrahim Cəfərova pul lazımdır.

Bir qədər öncə İbrahim Cəfərov 240 elmi əsərin müəllifini, bir çox dərslikləri, dərs vəsaitləri olan kafedranın professorunu kənara qoyub informasiya texnologiyalarından (kompüterdən) başı çıxmayan Aydın İsayevi müdir qoyduğu kimi, Ayaz Həsənovu da kafedra müdiri qoymaq istəyir. Ayaz Həsənovun da informasiya texnologiyalarından təsəvvürü yoxdur, əlavə heç bir dil, elektron yazışmanı belə bilmir, heç bir tədris metodiki işlə məşğul olmur. Əgər bu kafedra müdirləri elekton kitabxanaya daxil ola bilmirsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi məktubu belə göndərə bilmirlərsə, universitetdə əmək bazarına çıxarılacaq hansı mütəxəssis hazırlığından danışmaq olar? 

Ümumiyyətlə, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır. Rektorun professor-müəllim kollektivinə qarşı təhqiramiz rəftarı dözülməzdir. Bunlarla yanaşı, Dövlət Qulluğuna və Dövlət İmtahan Mərkəzində imtahan verib keçə, ixtisasını bilməyən kadrlar gənc müəllimlər kimi universitetdə kafedralara maddi maraqlar əsasında işə götürülür. Əgər həmin müəllimlərin əksəriyyətinin savadını yoxlasalar, onlar attestasiyadan belə keçə bilməzlər. Müasir dünya standartlarına cavab verən auditoriya və laboratoriyalarda bu formada təhsil ilə yüksək peşəkar mütəxəssis hazırlığı aparmaq mümkün deyildir. Savadlı, qabiliyyətli, xarici ölkə alimləri və universitetləri tərəfindən beynəlxalq təhsil sistemində və elmində sözünü deyən, tanınan alimlərin əməyi qiymətləndirilmir.

Hörmətli cənab Prezident! Bu məsələ ilə bağlı müvafiq tədbir görməyinizi sizdən xahiş edirik".

Müraciətlə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN