Ucar rayonu, H.Əliyev prospekti, ev 136 ünvanında yaşayan Şirinov Raqif Ayaz oğlunun redaksiyamıza Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevə ünvanlanmış müraciəti daxil olub.

R.Şirinovun müraciəti Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində oxuyan yaxın qohumu ilə bağlıdır.

Müraciət müəllifi yazır ki, sözügedən təhsil müəssisəsində baş verənlərə bir müddət seyrçi qalsa da, sonda yüzlərlə tələbənin oxuduğu kollecdə yaşananları ictimailəşdirmək qərarına gəlib.

Müraciətdə deyilir: “Bibim qızı Sevinc Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alır. Sevincin atası vəfat etdiyi və qardaşı olmadığı üçün onun, bibimin bütün işlərinin arxasınca mən gedirəm. Qış imtahan semestrində bu təhsil ocağına gedəndən sonra çox məyus olmuşdum. Belə ki, bibim qızı həm orta məktəbdə, həm də kollecdə daim dərslərinə məsuliyyətlə yanaşıb, ona xüsusi diqqət verib. Kollecdə də öz biliyi hesabına imtahanlardan keçib. Amma bu il aldığı təqaüdü kəsiblər.

Məsələni aydınlaşdırmaq üçün kollecə gedib direktor İrşad Abbasovla görüşdüm. Gəlişimi bilənə qədər xüsusi diqqət nümayiş etdirən direktor gəlişimin məqsədini biləndən sonra səsini ucaltdı. Mən direktora qohumumun hansı imtahandan kəsildiyini və imtahanın nəticələrini istədim. Gah mənə “qohumun oxumur gəlib bizdən niyə yapışırsan”, gah da “burda nə var, düz olub” desə də, mən ondan təkidlə imtahanın nəticələrini bildirən vərəqi istədim. Nəhayət, Kamilə müəlliməni (əyani şöbənin müdiri) cağırtdırıb tələbənin ad-soyadını verdi. Qısa zamandan sonra Kamilə müəllimə gəlib Sevincin bir fənndən qiymət almadığını, birindən isə aşağı qiymət aldığını dedi. Mən yenə bu vərəqləri görmək istədiyimi desəm də, direktor “sizin kimi bura gündə yüz adam gəlir ona vaxtımız yoxdur” deyib imtina etdi. Bundan sonar nə direktor, nə müavini, nədə ki, şöbə müdiri mənə heç bir açıqlama vermədi. Yalnız məni yola verməyə çalışdılar. Ancaq öyrəndiklərimdən məlum oldu ki, imthanlarda heç də bilik maraqlı deyil”.

R.Şirinov iddia edir ki, kollecdə əsas amil rüşvətdir, yəni deyilənlərə görə, direktor İrşad Abbasov, müavini Şahin Əliyev, həmçinin əyani şöbənin müdiri Kamilə Həmidovanın imtahanlarla bağlı öz kriteriyaları var və onlar tələbələrə imtahanlar üçün haqq kəsiblər: “Burda da xüsusi qaydalar var. Sadəcə, imtahandan keçmək bir qiymət, təqaüdə düşmək tamam başqa qiymətdir”.

Şikayətçinin iddiasına görə, təqaüd almaq istəyənin də əlaçı olmaqla bağlı arzusu ən azı 400-500 manata başa gəlir: “Burada tələbənin savadı rol oynamır. Sanki hansısa idarədə dövlət rüsumu təyin edilib. Hər işin öz qiyməti var. Əlaçı olmaq bir qiymət, sadə təqaüd başqa qiymət. Hələ deyilən qədər adın orda olub evdə ola-ola direktorun haqqın çatdırırsansa kollecə getməyə bilərsən. Bunun da öz qiyməti var. Deyilənlərə görə, aylığın xərci 200-350 manat arası dəyişir. Hələ pulun yoxdursa, təqaüd kartını təhvil verib razılaşa bilərsən. Bu baş verənlər tələbələri təhsildən soyudub. Sonunda rüşvət hesabına qiymət almaq düşüncəsi olduğu üçün təhsilin keyfiyyəti də aşağı düşüb. Ona görə də oxuyan tələbələrin sayı günü-gündən azalır. Oxuyan tələbələr də mənim qohumum kimi haqsızlıqla üzləşir. Bu məsələlərlə bağlı araşdırma apararkən kifayət qədər valideyn və tələbənin də bu durumdan narazı qaldığının şahidi oldum. İnsaf naminə deyə bilərəm ki, burda öz sahəsini bilən çoxlu sayda müəllimlər tanıyıram. Əksəriyyəti də öz işinə məsuliyyətlə yanaşır. Kollec rəhbərliyinin rüşvət atmosferi yaratmağı onları da narahat edir. Sadəcə, danışdığım müəllimlər direktora və onun rüşvət ortaqlarına nazirlik səviyyəsində “Dur!” deyən tapılmalıdır deyə fikrini bildirdilər.

Bəli, cənab nazir, baxın, əsl həqiqətlər budur. Əldə etdiyim bir məlumata görə, direktorun oğlu Orxan Abbasov Təhsil Nazirliyində mühüm vəzifə tutur. Açığı bunu eşidəndə təəccübümü gizlədə bilmədim...

Cənab nazir, biz dövlətimizin təhsilə xüsusi önəm verdiyini və bu sahəyə böyük vəsait xərcləndiyini görürük. Yeni açılan məktəb və təhsil ocaqları, yüksək səviyyəli infrastruktur bunlara bir misaldır. Lakin İrşad Abbasov kimi direktorlar və onları himayə edənlər bu cür hallarla təhsilə kölgə salır, onun nüfuzuna xələl gətirirlər. Hər halda, baş verənləri araşdırıb müvafiq tədbir görmək sizə qalır.

İnanıram ki, müraciətdə toxunduğum məsələlər ciddi araşdırılacaq və xüsusi nəzarətə götürüləcək”.

Məsələ ilə əlaqədar qarşı  tərəfin münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, müraciətdə iddia olunanlarla bağlı bütün maraqlı tərəflərin  mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN