Nevroloji problemlərlə əlaqədar Kliniki Tibbi Mərkəzə müraciət edən vətəndaşların sayında artım müşahidə olunur. Təxminən hər ay 1800-2000 nəfərə yaxın insana sözügedən mərkəzin Nevrologiya şöbəsində ambulator xidmət göstərilir.

Qurumdan verilən məlumata görə, bu, ötən illə müqayisədə bir neçə dəfə çoxdur.

KTM-in Nevrologiya şöbəsinin həkim-nevroloqu Gülarə Kazımova açıqlamasında bildirib ki, burada əsas faktor icbari tibbi sığortanın insanlar üçün əlçatan olması ilə bağlıdırsa, digər səbəblər müasir dövrdə insanların həyat tərzi ilə əlaqədardır: "Stress, əsəb, iqlim dəyişikliyi kimi hallar bu xəstəliklərin artmasına təsir edən əsas faktorlardandır. Həmçinin, qida rejimi də burada mühüm rol oynayır. "Fastfood" və digər qeyri-sağlam qidaların qəbulu bu xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Bununla yanaşı, mobil telefon və digər texnoloji cihazlar da nevroloji xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Sadalanan faktorlar nəinki xəstəliyin artmasına, eyni zamanda bu xəstəliklərin cavanlaşmasına gətirib çıxarır. Əvvəllər biz adətən 50 yaşdan yuxarı insult xəstələrinə rast gəlirdik. İndi isə hətta 28 yaşında belə kəskin insult xəstəliyindən əziyyət çəkən insanlar bizə müraciət edir. Sosial şəbəkələrdən həddən çox istifadə edən şəxslərdə də nevroloji problemlər müşahidə olunur".

G.Kazımovanın sözlərinə görə, sosial mediadan aldığımız neqativ yüklü informasiyalar insanların sağlamlığına çox ciddi mənfi təsirlər göstərir və nəticədə, nevroloji problemlər özünü büruzə verməyə başlayır: "Əgər insanlar özündə dərmana tabe olmayan baş və bel ağrıları, baş gicəllənmə kimi hallar müşahidə edirsə, dərhal nevroloqa müraciət etməyi tövsiyə olunur. Bəzən bu cür ağrılardan əziyyət çəkən insanlar tamamilə başqa sahənin həkimlərinə müraciət edir. Nəticədə, xəstələrə düzgün müayinə və müalicə təyin olunmur. Bu isə nevroloji xəstəliklərin daha da inkişaf etməsinə səbəb olur. Ona görə də, baş və bel ağrısı olan xəstələrin ilk olaraq, nevroloqlara müraciət etməsi məsləhətdir. Xəstənin vəziyyəti ağırlaşdıqda poliklinika göndərişi əsasında və ya təcili tibbi yardımla stasionar müalicəyə qəbul olunur".

Qeyd edək ki, nevroloji problemlərin kəskinləşməsi səbəbi ilə son üç ayda 365 nəfər stasionar müalicə almaq üçün KTM-in Nevrologiya şöbəsinə müraciət edib. Onlardan 124 pasiyent iyun, 126-sı iyul və 115-i isə avqust ayında bu şöbədə stasionar müalicə alıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN