Ölkə başçısının “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, müvafiq laboratoriya infrastrukturlarının qurulması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar və modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə müvafiq baytarlıq-sanitariya normaları hazırlanaraq qəbul edilib. Həmçinin kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyəti orqanlarına göndərilib. Həmin layihələr əsasında kəsim məntəqələrinin yaradılması istiqamətində regionlarda sahibkarlarla çoxsaylı maarifləndirici görüşlər keçirilib və mütəxəssislər tərəfindən onlara hərtərəfli metodiki kömək davam etdirilməkdədir.

Görülmüş işlər nəticəsində ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 74-ə çatdırılıb. Hansı ki, bu rəqəm agentlik fəaliyyətə başladığı dövrdə 15 idi. Hazırda bu istiqamətdə fəaliyyətlər daha da genişlənməkdədir.

Bu barədə Tezadlar.az-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, hazırda Bakı şəhərində müasir tələblərə uyğun 22 kəsim məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələr Bakı şəhəri üzrə gündəlik kəsim tələbatını qarşılamaq imkanına malikdir. Həmin kəsim məntəqələrində gündə 1025 baş iribuynuzlu və 9470 baş xırdabuynuzlu heyvanın kəsimi həyata keçirilə bilər. Həmçinin Sumqayıt şəhəri üzrə də gündəlik tələbata uyğun yetərincə kəsim məntəqələri qurulub. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkə ərazisi üzrə hələ də 21 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir.

Müasir tipli heyvan kəsimi məntəqəsi olmayan rayonlarda sahibkarlar tərəfindən kəsim məntəqələrinin yaradılmasının təşviqi istiqamətində agentliyin regional bölmələri ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçirir, həmçinin metodiki köməklik məqsədilə “Kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi” sahibkarlara təqdim olunur.

Sahibkarlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları əldə etmək üçün agentliyin regional bölmələrinə müraciət edə bilərlər.

Agentliyin müvafiq regional bölmələrinin əlaqə vasitələri ilə http://afsa.gov.az/az/media/news_details/3422 linkindən məlumat almaq mümkündür.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN