Sənubər Hüseynova: “Mənfi emosiyalar insan orqanizmində olan bütün xəstəlikləri gücləndirən əsas faktorlardır”

Uzun illərdir ki, özünün peşəkar həkimləri ilə təkcə Sumqayıtda yox, həm də respublikada tanıdan və bir müddət regional xəstəxana kimi fəaliyyət göstərən Sumqayıt Onkoloji Xəstəxanası ilə mənim əlaqələrimin 30 ildən çox tarixi var. Çünki bir vaxtlar burada ən yaxın dostum, Azərbaycanda çox məşhur, onkologiya üzrə ən yüksək ixtisaslı həkimlərdən biri olan rəhmətlik  Mir Fazil Hüseynov olmaqla, uzun illər tanıdığım, öz işlərinin mütəxəssisləri olan çoxlu həkim və tibb bacıları işləyib və indi də işləyir. Bütün bu illərdə ən əziz adamlarım belə xəstələnəndə, xəstəliklərindən asılı olmayaraq ilk dəfə onlara müraciət etmişəm və sonra onların məsləhəti ilə hansı həkim yanına getmək lazımdırsa getmişəm. 

Sumqayıt Onkoloji Xəstəxanada xəstələrin və həkimlərin hamısının ən çox hörmət etdiyi və maraqlı məsləhətlərinə, təkliflərinə qulaq asdığı insanlardan biri də baş tibb bacısı Sənubər Əliş qızı Hüseynovadır. Sənubər xanım təkcə peşəkar tibb bacısı deyil, həm də elə həkim qədər savada, biliyə malik bir mütəxəssis, mehriban və yaxşı təşkilatçıdır. O, başqalarından fərqli olaraq, təkcə klassik təbabəti yox, həm də xalq təbabətini yaxşı bilir. Ən əsası tibb elmi ilə bağlı çoxlu kiatab oxuyur və müasir təbabət haqqında yüksək biliyə malikdir. Onunla hər dəfə həmsöhbət olduqda bunun tam şahidi olmuşam. Ona müraciət edən xəstələrə elə gözəl məsləhətlər verir ki, ondan tam razı qalırlar. Həkimlər də, xəstələr də ona bir növ ümid çırağı kimi baxırlar. Çünki hər bir xəstəyə ümid verir, onda özünə və sağalmasına qarşı inam yaradır. İlk öncə savadlı tibb bacısı olan Sənubər xanımı çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Sənubər Əliş qızı Hüseynova Sumqayıt şəhərindəki 21 nömrəli tam orta məktəbi bitirib. Müəllim olmaq istəyib. Amma Azərbaycan Dövlət Pedaqoji Universitetinə imtahan versə də keçə bilməyib. Bir il atasının işlədiyi Azərbaycan Boru Prokatı zavodunda mexanika sexində işləyib. Sonra sənədlərini Bakı 2 nömrəli Tibb Texnikumuna verib və yüksək balla qəbul olub. Texnikumu bitirəndən sonra Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın qəbul şöbəsində işə düzəlib. Öz işini yaxşı bildiyinə görə mədə-bağırsaq şöbəsinə keçiriblər. Orada da bir neçə il işləyəndən sonra 1998-ci ildən Sumqayıt Regional Onkoloji Xəstəxanasına işləməyə gəlib. O vaxtlar bu xəstəxana Azərbaycanın bütövlükdə şimal bölgəsinə xidmət edirdi. Elə o vaxtdan da fəaliyyətini bu xəstəxana ilə bağlayan Sənubər Hüseynovanı yaxşı mütəxəssis olduğuna görə az bir vaxtda baş tibb bacısı vəzifəsinə irəli çəkiblər. Bu günə qədər də həmin vəzifədə işləyir.  Kollektivin istəyi ilə uzun illərdir ki, Sənubər Hüseynova həm də Yeni Azərbaycan Partiyası Sumqayıt şöbəsinin bu xəstəxanada təşkilat sədridir. O, Azərbaycan dövlətinə və dövlətçiliyinə hamının böyük istəklə xidmət etməsinə çalışır. Mən çox istəyirdim ki, Sənubər xanım öz işi və kollektivdə belə hörmət qazanması haqqında söhbət eləsin. Amma o, özü haqqında yox, bu xəstəxanada çalışan həkimlər, tibb bacıları və texniki işçilər haqqında danışmağa razılıq verdi. Bu da bir daha onun böyüklüyünü, təvazökarlığını  sübut eləyir.

- Burada çalışan adamların sizə qarşı belə mehriban olmasının kökündə sizcə nə dayanır?

- Vallah, bilmirəm. Nə deyim? Bəlkə bu ondan irəli gəlir ki, daima çalışıram ki, hamıya əlimdən gələn yaxşılıq eləyim. Həmişə də obyektiv olum. Atam belə bir kəlamı həmişə deyir: “Çalış həmişə insanlara yaxşılıq elə. Pislik eləyən adam heç vaxt xeyir tapmaz”. Mən də çalışıram ki, onun bu məsləhətinə həmişə əməl edim.

- Siz burada işlədiyiniz 23 il müddətində bir neçə baş həkim, şöbə müdirləri və həkimlərlə çalışıbsınız. Onlardan kimlər yaddaşınızda daha yaxşı qalıb?

- Məni bu xəstəxanaya rəhmətlik baş həkim Zakir İsmayılov işə götürüb. O, həm peşəkar həkim, həm də yaxşı təşkilatçı idi. İki ilə yaxın onunla birlikdə işləmişik. Sonra xəstəxanamıza baş həkim Eldar Məmmədov təyin olundu. Eldar həkimin onkologiya sahəsində respublika üzrə çox böyük təcrübəsi, hörməti vardı. Həm də yaxşı təşkilatçı rəhbər idi. İşə başladığı ilk gündən onun adına görə xəstəxanamıza respublikanın hər yerindən çoxlu xəstə gəlməyə başladı. O, xəstəxanaya bir neçə peşəkar həkimi işləməyə dəvət elədi. Böyük təmir işləri gördü. Xəstəxanada yaxşı qayda-qanun yaratdı. Xəstəxanamız onun vaxtında respublika səviyyəsində tanındı. O, 15 il bu xəstəxanaya rəhbərlik etdi. Sonra haqq dünyasına qovuşdu. Açığı onun ölümü hamımıza çox pis təsir elədi. Amma nə yaxşı ki, onun yerinə cavan olmasına baxmayaraq çox bacarıqlı, savadlı həkim Murad Məmmədov 2016-cı ilin fevral ayından təyin olundu. Murad həkim də uzun illər Eldar həkimin yanında işlədiyinə  və ondan onkoloji sahəni mükəmməl öyrəndiyinə görə az bir vaxtda özünü baş həkim kimi tam doğrultdu. Eldar həkimin xəstəxanada başladığı təmir işlərini böyük uğurla sona çatdırdı. Xəstəxanaya çoxlu müasir tibbi avadanlıq aldı. Bir peşəkar həkim kimi də özünü tam sübut elədi. Məhz ona görə də bu gün Murad həkimə görə respublikanın hər yerindən xəstəxanamıza çoxlu xəstə gəlir və əksəriyyəti də sağalır. Murad Məmmədovun gözəl xasiyyəti olduğuna görə hamı ilə tez dil tapır və bütün kollektivi idarə etməyi bacarır. Mən 23 il bu sahədə təcrübəsi olan bir insan kimi qətiyyətlə deyə bilərəm ki, onkologiya sahəsində hətta fəxri adları və böyük təcrübələri olan həkimlər gəlib, bu sahənin sirlərini Murad həkimdən öyrənə bilərlər.

- Sizin xəstəxanada çoxlu şöbə müdiri və yüksək ixtisaslı həkimlər də işləyib. Onlardan kimin haqqında danışmaq istərdiniz?

- Onlardan daha çox rəhmətlik Mir Fazil Hüseynov haqqında danışmaq istəyirəm. O, həm yaxşı həkim, həm də gözəl insan idi, bütövlükdə kollektivin sevimlisi idi. Hamıya dəyərli məsləhətlər verirdi. Mən də ondan çox şey öyrənmişəm. Eldar həkim və Mir Fazil həkim çox vaxt cərrahiyyə əməliyyatlarını bir yerdə edirdilər. Hər ikisi də bir-birini yarı sözdən başa düşürdülər. Eləcə də onlar cavan Murad həkimi də çox vaxt özləri ilə birlikdə cərrahiyyə əməliyyatlarına aparıb, ona öz təcrübələrini mükəmməl öyrədirdilər. Murad həkim də onların ümidlərini doğruldurdu. Eldar Məmmədov və Mir Fazil Hüseynov Murad Məmmədovun gələcəyinə böyük inamla baxırdılar. Eldar Məmmədov dünyasını dəyişəndən sonra, yəni 2015-cı ilin noyabr və 2016-cı ilin  fevral  ayına kimi Mir Fazil Hüseynov onu əvəz elədi. Sonra Mir Fazil həkimin təkidi və təqdimatı  ilə Murad Məmmədovu 2016-cı ilin fevral  ayından bizim xəstəxananın baş həkimi təyin etdilər. İşlədiyi bu beş ildə də Murad Məmmədov həddindən çox iş görüb. Ən əsası isə həkimlərdən, tibb bacılarından ibarət peşəkar bir komanda yaradıb. Xəstəxanamızın başqa həkimləri haqqında da çox səmimi deyə bilərəm ki, hamısı öz peşəsinin yaxşı mütəxəssisləridi. Hər biri çalışır ki, xəstələrə əllərindən gələn köməklikləri eləsin ki, onlar sağalsın. Bura işləməyə gələn təzə həkimlər də buradakı mehribançılığı görüb, tez bir zamanda kollektivə uyğunlaşırlar.

- Onkologi xəstəlik bu gün dünyada yayılan ən geniş bir xəstəlikdir. Bunun qarşısını almaq üçün hansı işlər görülməlidir?

- İnsanların ilk öncə heç biri inanmır ki, bu xəstəlik onda ola bilər. Ona görə də vaxtlı-vaxtında müayinə olunmurlar. Artıq xəstəlik tutandan sonra həkimə müraciət edirlər və bu zaman xəstəliyi sağaltmaq çətin olur. Ümumiyyətlə, onkoloji xəstəliyə tutulmamaq üçün insan özünün həyat tərzini dəyişməlidir. Sağlam qidalanmaq lazımdır. Əsəbiləşmək olmaz. Çünki əsəb bütün xəstəlikləri vurub üzə çıxarır. Və insan orqanizmində olan xəstəliklərin inkişafını tezləşdirir. Əsasən də onkoloji, kardioloji və şəkər xəstəliyini. Ümumiyyətlə, mənfi emosiyalar insan orqanizmində olan bütün xəstəlikləri gücləndirən əsas amillərdir. İnsanlar Onkoloji Xəstəxana deyəndə onlarda bir qorxu xofu yaranır. Amma burada işləyən insanlarla yaxından tanış olanda görürlər ki, onlar həm öz işlərini mükəmməl bilir və həm də insanlara qarşı çox diqqətcil və mehribandırlar. Bizə müraciət edənlərdən ilk öncə qorxu xofunu götürməyə çalışırıq və onlarda yaşamağa inam hissi yaratmaq istəyirik. Buna görə də bütün həkimlərimiz, tibb bacılarımız demək olar ki, ümidlərini itirən xəstələrə çox mehriban yanaşırlar. Onları tam inandırırlar ki, sağalacaqlar. Əlbəttə, artıq vaxtı ötmüş şiş xəstəliklərini sağaltmaq mümkün olmasa da, amma biz bütün tibbi vasitələrdən bacardığımız kimi istifadə edirik və Ulu Tanrının köməkliyi ilə insanların ömrünü uzatmağa çalışırıq. Axı həyatda insanın bir gün də yaşaması onun üçün böyük qənimətdir. Bəzən bizə elə xəstələr gəlir ki, onların heç iki-üç gün də yaşamağa ümidləri olmur. Amma bizim yüksək ixtisaslı həkimlərin, tibb bacılarının köməkliyi ilə onlar bir neçə il, hətta 5-10 il də yaşayırlar. Yuxarıda dediyim kimi, bizim xəstəxanada Murad həkimin rəhbərliyi ilə çox mehriban, yüksək ixtisaslı tibbi komanda çalışır. Artıq uzun illərlədir ki, onlar bir yerdə işləyir və bir yerdə cərrahiyyə əməliyyatları aparır, yüksək səviyyədə müalicə işlərini görürlər. Bizə bəzən elə insanlar müraciət edir ki, “mən nə etməlyəm ki, xəstəliyə tutulmayım?” Biz onalara deyirik ki, ilk növbədə sağlam həyat tərzi yaşamalısız. İdman etməlisiz. Daim hərəkətdə olmalısız. Çünki hər bir insan gündə ən azı 5-6 kilometr piyada gəzməlidir. Böyük filosoflordan biri deyib ki, “hərəkət sağlamlığın ilk dərmanıdır”. İnsanlar qidalarına fikir verməlidirlər. Hər şeyə əsəbləşməməlidirlər. Yuxarıda dediyim kimi, çoxlu xəstəliyin ilk ocağı stresslərdir. Onkoloji, kardioloji və şəkər xəstəlikləri  daha çox stresslərdən yaranır. Ona görə də insanlar bütün gücünü sərf edib, səbrli olmalıdırlar. Var-dövlər ardınca qaçmamalıdırlar. Tez-tez həkimə müraciət edib, profilaktik müayinələrdən keçməlidirlər. İnsan, ilk növbədə özü-özünün həkimi olmalıdır. Tibbi maariflənməyə meyl etməlidirlər. Bütün bunlara tam riayət edənlər inanmıram ki, ciddi xəstəliyə tutulsunlar.

- Ən böyük arzularınız hansılardır?

- Hər bir azərbaycanlı kimi ilk arzum insanların sağlam olması və heç vaxt həkimə xəstə kimi müraciət etməməsidir. İlkinici istəyim Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günə azad etdiyi Qarabağ torpaqlarımızın bərpasından sonra ora getməkdir. Mən heç vaxt Qarabağda olmamışam və çox arzulayıram ki, Vətənimizin bu cənnətməkan yerlərini görüm. İlk növbədə Şuşanı görmək istəyirəm. İnanıram ki, bu arzum tezliklə reallaşacaq. Bəli, Qarabağ bundan sonra hər bir azərbaycanlının ən müqəddəs Kəbəsi, ziyarət eləyəcəyi yer olacaq. Sözsüz ki, bundan sonra biz Qarabağı öz canımız qədər sevib, onu həmişə düşmənlərimizdən qoruyacağıq. Ataların belə bir maraqlı kəlamı var: “Vətən, insanın sığındığı ən müqəddəs yer və iman əsəridir”.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN