"Son illərdə Xəzərin ekosistemində tendensiya mənfiyə doğru gedir. Buna nəinki iqlim dəyişiklikləril, antropogen amillər də təsir edir. Bir məqamı xüsusi qeyd etmək istəyirəm: dünyada baş verən qlobal iqlim dəyişmələrinin kökündə insan faktoru dayanır. Çünki təbiət bumeranq kimi insanın ona verdiklərini özünə geri qaytarır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması xidmətinin rəis müavini Arzu Səmədova deyib. A.Səmədova həmçinin bildirib: "Əfsuslar olsun ki, Xəzərin nəinki Azərbaycan sektorunda, digər bölmələrində də brakonyerlik mövcuddur. İstər su bioresurslarının, istərsə də digər heyvanların qanunlarla tənzimlənən ovlama üsulu olmasına baxmayaraq, insanlar yenə də qeyri-qanuni üsullara əl atırlar. Brakonyerlik də ekosistemə mənfi təsir edən faktorlardan biridir.

Son iki ildə COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq brakonyerliyin səviyyəsi əvvəlki illərlə müqayisədə azalıb. Bu, eyni zamanda, brakonyerliyə qarşı aparılan mübarizə tədbirlərinin də müsbət nəticə verdiyini göstərir. Nazirlik cari ildə su bioresursları ilə əlaqədar iki yeni layihəyə başlayıb: "Zəngin hövzələr" layihəsi balıq körpələrinin Xəzər dənizi və digər daxili su hövzələrinə buraxılması tədbirlərini özündə ehtiva edir. "Təmiz hövzələr" layihəsi isə brakonyerliyin nəticəsində su hövzələrinə vurulmuş ziyan, qurulmuş qeyri-qanuni torlar, istifadəsi qadağan olan ov alətlərinin aradan qaldırılması tədbirlərini özündə cəmləşdirib. İlin əvvəlindən etibarən su hövzələrində xeyli sayda qeyri-qanuni torlar yığışdırılıb. Bildirmək istəyirəm ki, brakonyerliklə mübarizədə daha effektiv nəticə üçün cəmiyyətin özünün də mövqeyi olmalıdır. Burada ictimai qınaq məsələsi ön plana keçir. Vətəndaşlar hər hansı bir ərazidə brakonyerliklə qarşılaşarsa, özləri də bununla mübarizə aparmalı, dövlət qurumlarına kömək etməlidirlər. Bioresurslar bütövlükdə bir cəmiyyətin sərvətidir. Həmin sərvətlərin gələcək nəsillərə çatdırılması bizim hər birimizin vətəndaşlıq borcumuzdur".

A.Səmədova onu da qeyd edib ki, sentyabrın 1-dən etibarən balıq ovuna tətbiq edilən moratorium aradan qaldırılır: "Bildiyimiz kimi, mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa elan olunmuşdu. Qadağa balıqların bioloji xüsusiyyətləri, onların kürüləmə dövrü ilə əlaqədar idi. Sentyabrın 1-dən vətəndaşlar qanuni şəkildə sənaye balıq ovu ilə məşğul ola bilərlər. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar 5 saylı "ASAN xidmət" mərkəzinə müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidirlər. Onların sənədləri qəbul olunduqdan sonra dövlət rüsumunu ödəyir və balıq ovlama bileti əldə edirlər. Həmin bileti əldə edənlər balıq ovlamağa hüquq qazanırlar. Bir proses ki, qanunla, tam şəffaf şəkildə və sadə mexanizmlərlə həyata keçirilirsə, niyə qeyri-qanuni yollara üz tutmalıyıq?!"

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN