Ekspert: Rusiya "oğurluğu" qanuniləşdirir.

Bunu "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Baş verənlərin inanılmaz olsa da, artıq reallıq olduğunu bildirən Osman Gündüz “Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atır, oğurluğa icazə verməyə hazırlaşır”, - deyə qeyd edib.

“Bir neçə gün öncə yazmışdım ki, Rusiya kütləvi sanksiyalar səbəbindən çökən İT (informasiya texnologiyaları) ekosistemi xilas etmək üçün təcili bəzi qərarlar verib. Bu qərarlarda 27 yaşadək İT mütəxəssislərin hərbidən azad edilməsi, İT şirkətlərin vergilərinin sıfırlanması, çoxsaylı güzəştlər, İT mütəxəssislərin evlə təmin edilməsi, mobil operatorların gəlir vergilərinin 3% -ə endirilməsi və s.nəzərdə tutulurdu.

Bu gün isə Rusiya İT bazarının vəziyyətini nəzərdən keçirəndə müşahidə etdim ki, Rusiya hökuməti vəziyyətdən çıxmaq üçün daha bir inanılmaz qərar hazırlayır.”

Osman Gündüzün sözlərinə görə, Rusiya hökuməti pirat proqram təminatından, pirat İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə hazırlaşır.

“Yəni, hansı qlobal İT şirkət Rusiyaya sanksiya tətbiq edibsə, onun İT məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq. Rusiya hansısa xarici İT məhsuldan istifadə ilə bağlı onun patent və ya müəllif hüquqi sahibindən razılıq alınması normasını da mövcud qanunvericilikdən çıxartmağa hazırlaşır. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa, hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli İT məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub.

Yəni, Rusiya olacaq oğurluq İT məhsullar ölkəsi!”

Bunu ağlasığmaz addım adlandıran O.Gündüz “Rusiyanın qarşıdakı böhrandan yayınmaq, İT sektorunu və ona bağlı olan sahələri xilas etmək üçün sağlam məntiqə sığmayan addımlar atır”, -deyə bildirib.

 “Nəticə necə olacaq?

Düşünürəm ki, "oğurluğa icazə" qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq.

Rusiyada hökumət-vətəndaş sektoru Microsoft üstündə, enerji sektoru Siemens üstündə, bank sektoru Oracle üstündə, korporativ sektor SAP üstündə "oturub". Strateji, kritik sahələr üçün "oğurluq" məhsullardan istifadə ciddi risklər yaradacaq. Nəhəng sistemlər tez-tez çökəcək.

Eyni zamanda İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Xüsusən də son dövrlərdə bu tip məhsullardan istifadə bulud texnologiyaları əsasında, abunə üsulu ilə reallaşdığından bu tip məhsullardan tam rejimdə, bütün imkanları ilə istifadə mümkün olmayacaq.

Güman etmək olar ki, xarici istehsalçıar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər.

Xatırladıram ki, Rusiyanın müxtəlif sektorlar üzrə İT ekosistemində hökmranlıq edən Oracle, Apple, SAP, İBM, İntel, Microsoft, AMD, Cisco, Siemens, Ericsson, Nokia və s. şirkətlər artıq Rusiya bazarından çıxdıqlarını rəsmi olaraq açıqlayıblar”, - deyə vurğulayıb.

***

Qeyd edək ki, indiyədək bir çox dünya İT nəhəngləri Rusiya bazarından çıxdığını rəsmi olaraq açıqlayıblar.

Məlumatlara görə, onlardan ən nəhənglərindən biri - 40 il Rusiya bazarında işləyən, biznes həllər üzrə yalnız Oracle ilə müqayisə oluna bilən, Almaniyanın SAP (System Analysis Program Development. ) şirkəti Ukraynaya qarşı təcavüzə etiraz olaraq Rusiyanın İT ekosistemindən çıxdığını bildirib.

Rusiyanın ən nəhəng biznes qurumlarının bütöv infrastrukturunun ( maliyyə, kadr, biznes proseslər, satış, sifarişlər, anbar əməliyyatları, istehsal və s.) idarəetməsi məhz SAP həlləri, əsasən də ERP ( Enterprise Resource Planning) üzərində qurulmuşdu.

Bu həllərin yalnız birisinin dəyəri milyonlarla ölçülür, onların şirkətin infarstrukturuna inteqrasiyası uzun illər davam edir və milyonlarla vəsait tələb edir.

Mütəxəssislərin anlatdıqları dillə desək, hansı şirkətdə SAP tətbiq edilirsə, şirkətin əsas nüvəsi, necə deyərlər beyni elə SAP hesab olunur.

SAP-ın Rusiya ofisində 1300 nəfər mütəxəssisi çalışırdı.

Qlobal SAP-ın bazar dəyəri 150 milyad avrodur, illik dövriyyəsi 25 milyard avrodur. Dünya ticarətinin 70%-dən çoxu SAP həlləri üzərindən keçir.

Göründüyü kimi, Rusiyanin İT bazarı böyük itkilərə məruz qaldı və bunun nə ilə nəticələnəcəyi isə zamanla özünü göstərəcək.

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN