Qazaxıstandakı sosial şəbəkələrdə Baykonur kompleksinin şəhər prokurorluğunun saytına keçidlə məlumat yayılıb ki, səfərbər edilmiş şəhər sakinləri, eləcə də könüllü olaraq Ukrayna ilə müharibədə iştirak etmək qərarına gələnlər 260 min rubl məbləğində nağd ödəniş ediləcək.

Qazaxıstan KİV-nin xəbərinə görə, məlumatı Qazaxıstan Respublikası Prezidentinin “Baykonur” kompleksində xüsusi nümayəndəsinin fəaliyyətinin təmin edilməsi departamenti şərh edib.

Belə ki, Baykonurun xüsusi missiyasının rəsmi “Facebook” səhifəsində səfərbərlik və ödənişlər haqqında məlumatın yalnız şəhərdə yerləşən Rusiya vətəndaşlarına aid olduğu bildirilən izahat yer alıb.

Qeyd edilib ki, Baykonur şəhər administrasiyasının rəhbərinin 7 fevral 2023-cü il tarixli 49 nömrəli qərarına əsasən, səfərbər edilmiş vətəndaşlara, həmçinin şəhərdə yaşayan, xüsusi hərbi əməliyyatda iştirak etmək arzusunu könüllü bildirmiş və hərbi xidmət keçmək üçün müqavilə bağlamış şəxslərə sosial dəstək tədbiri olaraq 260 min rubl məbləğində birdəfəlik nağd pul ödəməsi müəyyən edilib.

“Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin 21 sentyabr 2022-ci il tarixli 647 nömrəli “Rusiya Federasiyasında qismən səfərbərliyin elan edilməsi haqqında” fərmanına əsasən, hərbi xidmətə yalnız Rusiya Federasiyasının vətəndaşları çağırılır. Həmçinin, Rusiya Federasiyasının vətəndaşı, 60 yaşına çatmamış kişi könüllü olaraq hərbçi kimi səfərbərliyə çağırıla və ya xüsusi hərbi əməliyyatda iştirak edə bilər.  Beləliklə, Baykonur şəhəri administrasiyasının rəhbərinin fərmanının qüvvəsi yalnız şəhər sakinlərinə - Rusiya Federasiyasının vətəndaşlarına şamil edilir", - deyə qeyd edilir.

“Hökumətlərarası sazişə uyğun olaraq, Qazaxıstan Respublikasının vətəndaşı və ya şəhərdə yaşayan və şəhər administrasiyasında qeydiyyatda olan Rusiya Federasiyasının vətəndaşı Baykonur şəhərinin sakini kimi tanınır”- Baykonur xüsusi nümayəndəliyi əlavə edib.

Qeyd edək ki, Qazaxıstanda ikili vətəndaşlığa malik olmaq qadağandır.

***

Xatırladaq ki, Qazaxıstanın Baykonur şəhəri Baykonur kosmodromunun inzibati mərkəzidir.

Şəhər 1995-ci ilin dekabr ayına qədər Leninsk şəhəri adlanırdı. SSRİ dönəmində qapalı şəhər statusuna malik idi.

12 fevral 1955-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər şurasının № 292–181сс nömrəli birgə əmri ilə bu şəhərdə raket texnikasının sınaqları üçün nəzərdə tutulmuş SSRİ Müdafiə Nazirliyinin 5 nömrəli Elmi-tədqiqat sınaq poliqonun (SSRİ-in Müdafiə Nazirliyini ETSP № 5) yaradılması təsdiq olundu. Poliqonun tikinti işləri 1955-ci il qışın ikinci yarısında Ş.G.Maksimin rəhbərliyi altında hərbi inşaatçılar tərəfindən başlanmışdı. 1994-cü ildə Qazaxıstan ilə Rusiya arasında bağlanmış müqaviləyə əsasən şəhər və kosmodrom Rusiyaya icarəyə verilmişdir. Müqavilə müddəti 2004-cü ildə 2050-ci ilə qədər uzadıldı.

Qazaxıstan prezidentinin 20.12.1995 tarixli qərarı ilə şəhərin köhnə adı dəyişilərək Baykonur adlandırıldı.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN