“Betonlamağı” dayandırmalıyıq...

***

 Yeni qaydalara əsasən, Fransa paytaxtında bütün yeni tikililər 37 metrdən, yəni 12 mərtəbədən çox olmamalıdır.

Paris hakimiyyəti rəsmi olaraq şəhərdəki binaların hündürlüyünə məhdudiyyət qoyub.

 TEZADLAR.AZ euronews-a istinadən xəbər verir ki, Paris şəhər şurası Fransa paytaxtında yeni tikililərin hündürlüyünü 37 metr və ya 12 mərtəbə ilə məhdudlaşdırıb. Qadağa şəhər daxilində ekoloji cəhətdən daha təmiz tikintiləri təşviq etmək məqsədi daşıyan yeni urbanizasiya planının (Plan Local d'Urbanisme) bir hissəsidir.

Yeni şəhərsalma qaydaları, Paris meri Ann Hidalqonun dediyinə görə, yerli bioiqlim proqramının bir hissəsi kimi təqdim edilir ki, bu da şəhərin "yüksək temperaturlara baxmayaraq, gələcək illərdə də cəlbedici və əyləncəli" qalmasına imkan verəcək.

Paris hakimiyyətinin qərarına təsir edən digər amil Hersoq de Meuron tərəfindən layihələndirilən "üçbucaqlı" Tour Triangle qülləsinin tikintisi ilə bağlı mübahisə idi.

 Tikinti işləri on ildən çox davam edən məhkəmə çəkişmələrindən və sakinlərin reaksiyasından sonra 2021-ci ildə başladı.

Tamamlandıqdan sonra Tour Triangle  və Montparnas qülləsindən sonra şəhərin üçüncü ən hündür binası olacaq.

Xatırladaq ki, 1977-2010-cu illərdə Parisdə şəhər binalarının hündürlüyünü 37 metrlə məhdudlaşdıran qadağa artıq qüvvədə idi. Bu qadağa Montparnas qülləsinin inşasından dərhal sonra təqdim edildi. 2010-cu ildə Parisin o vaxtkı meri Bertran Delanoe şəhərdə 180 metr hündürlüyündə ofis qüllələrinin və 50 metrlik yaşayış binalarının tikintisinə icazə verib.

“Bizə artıq Triangle və Duo qüllələri (Parisin 13-cü rayonunda yerləşən 180 metr və 125 metr hündürlüyü olan iki qüllədən ibarət Tours Duo kompleksi ) lazım deyil. Biz Parisi və onun səmasını “betonlamağı” dayandırmalıyıq”, – Yaşıllar Partiyasının şura üzvü Emile Meunier isə bu fikri həmin dəyişikliyi şərh edərkən bildirib.

Qeyd edək ki, Bakıda tikilən “Baku tower” adlı tikilinin Azərbaycanın ən hündür binası hesab olunur.

Bu,  52 mərtəbəli ofis binasıdır. Bina Flame Towers (33 mərtəbə) və Full Moon Hotel (43 mərtəbə) qüllələrini geridə qoyaraq Bakının ən hündür binasıdır.

Ən uca göydələnlərdən biri də  42 mərtəbəli “SOCAR Tover”dir. Bina 200 metr hündürlüyündədir və bu tikintiyə 414 milyon dollar vəsait sərf edildiyi bildirilir.

Paytaxtımızdakı hündürmərtəbəli yeni yaşayış binalarının isə sayı-hesabı yoxdur. Bu binalar tikinti sahiblərinə böyük məbləğdə pul qazandırdığı üçün sahibkarlar sanki uca binalar inşa etmə yarışındadırlar və paytaxtda bir qarış boş ərazi belə buraxmamağa çalışırlar...

Son illərin tikinti bumu, necə gəldi, harda gəldi inşa edilən belə binalar isə Bakının əsrlərə söykənən tarixi arxitekturasını korlamaqdadır...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN