Azərbaycanın sabiq baş prokuroru və ölkənin Serbiyadakı keçmiş səfiri Eldar Həsənovun vəkili Cavad Cavadov müdafiə etdiyi şəxsin həbsxanada səhhətinin pisləşdiyini bildirib.

Vəkilin sözlərinə görə, E.Həsənova adekvat tibbi yardım göstərilmir.

Vəkil C.Cavadov açıq məktubla ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, Avropa İnsan Hüquqları Məhkəməsinin göstərişinə əsasən E.Həsənovun effektiv müalicəsini təmin etməyə çağırıb.

"Mən nazirə açıq məktubla müraciət etməyə məcbur oldum, çünki Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə bütün rəsmi müraciətlərimiz cavabsız qalır", - deyə C.Cavadov özünün “Facebook” hesabında yazıb.

Vəkilin sözlərinə görə, 9 saylı koloniyada saxlanılan Eldar Həsənovun vəziyyəti aprelin 26-dan pisləşir. Son 20 gündə başgicəllənmə və yıxılma halları artıb.

Dəfələrlə krtitik durumun yaranmasına baxmayaraq, təcili yardım maşını çağırmaq mümkün olmayıb.

Vəkil qeyd edib ki, iki aydır ki, ailə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edərək, xüsusi klinikalardan həkim dəvət etmək üçün imkan yaradılmasını xahiş edir, lakin müraciətə məhəl qoyulmur.

19 noyabr 2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi E.Həsənovun vəziyyəti ilə bağlı müvəqqəti məcburi tədbirlər haqqında üçüncü qərarı qəbul edib. Qərara əsasən, ölkə hökuməti E.Həsənova yüksək ixtisaslı ambulator və ya stasionar müalicəni, zəruri hallarda saxlandığı yer üzrə adekvat müalicəni təmin etməlidir.

Vəkil həmçinin Azərbaycan prezidenti İlham Əliyevə məsələnin qanunvericiliyə uyğun qaydada həlli üçün tapşırıqlar verməyi xahiş edib.

Qeyd edəkki, Eldar Həsənov 13 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin beş maddəsi üzrə ittiham irəli sürülüb: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifədən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən məqsədli istifadə) və 313 (vəzifə saxtakarlığı).

Xatırladaq ki, Eldar Həsənov 2010-2020-ci illərdə Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir olduğu dövrdə oğurluq və mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN