“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu var.  28 oktyabr 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu normativ hüquqi akt “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

Sənədin 72-ci maddəsinin tələblərinə görə, “Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Təəssüf, “Azərsu” mütəmadi olaraq bu və digər qanunlarımızı pozur, buna görə qurumun vəzifəli və cavabdeh şəxslərinə “gözün üstə qaşın var” deyən tapılmır.

Bu da fakt! 20 iyul 2020-ci ildə 1 saylı Asan Kommunal Mərkəzi vasitəsilə Yasamal rayonu, Şərifzadə küçəsi, 6 saylı binanın qarşısındakı şəxsi mülkiyyət hüququ ilə mənə məxsus qarajıma su xətti çəkdirmək üçün müraciət etmişəm.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın (bundan sonra “Qaydalar”) tələblərinə görə müraciət edildikdən sonra 10 gün müddətinə vətəndaşın daşınmaz əmlakına baxış keçirilməli, 10 iş günü ərzində texniki şərt verilməli, bundan sonra 15 gün ərzində texniki şərtə uyğun qoşulma icra olunmalıdır. Lakin müraciətimə “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun ziddinə olaraq uzun müddət baxılmamış, mənim qanunla qorunan vətəndaş hüququm pozulmuşdur. Bu, birinci Qanun pozuntusu.

 Yuxarıda qeyd etdiyim Qanuna və Nazirlər Kabinetinin qərarına əməl edilməmişdir, bu, 2-ci Qanun pozuntusu.

Ciddi və ardıcıl  tələblərimdən 3 ay sonra “Azərsu” ASC-nin sədr müavini Seymur Səlimov mənə ünvanladığı 02.10.2020-ci il tarixli məktubunda texniki şərtin Yasamal Rayon Sukanal İdarəsinə göndərildiyini göstərmiş, həmçinin qeyd edilmişdir ki, “Sifarişçi və Yasamal rayon Sukanal İdarəsi Texniki Şərtləri aldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nm 3.1-ci bəndinin tələblərinə uyğun olaraq (yəni, 15 gün müddətinə) icrasını həyata keçirməlidir”.

Bu məktubu aldıqdan sonra sədr müavininə zəng edib təşəkkürümü bildirdim. O, dedi ki, çəkiliş qeyd olunan Qaydalara əsasən ödənişsiz həyata keçiriləcək.

4 gün sonra- 06 oktyabr 2020-ci ildə Yasamal Rayon Sukanal İdarəsinin rəisi ilə görüşdüm, ərizəmi təqdim etdim. Qaydaların 3.1-ci bəndinin tələblərinə görə, idarə çəkilişi ən geci 15 iş günü ərzində özünün istismar məsuliyyəti sərhəddinə - qoşulma nöqtəsinədək icra etməli idi, lakin bu günədək etməmişdir. Bu, 3-cü Qanun pozuntusu.

Qələbəmizlə nəticələnən 44 günlük zəfər savaşı, bəşəri bəla olan pandemiya səbəbindən bu məsələnin üstinə düşmədim. İdarə isə öz vəzifə borcunu yerinə yetirmədi.

Nəhayət, 14 mart 2022-ci ildə “Azərsu” ASC-nin rəsmi saytında göstərilən This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtu ilə sədr müavini Seymur Seyidova yazılı müraciət göndərərmişəm. Həmin gün cəmiyyətin dəftərxanasına zəng edərək müraciətin daxıl olduğunu və qeydə alınaraq sədr müavininə çatdırılacağını öyrənmişəm. Cavab vermədiyi üçün 17 aprel 2022-ci ildə sədr müavininə təkrar müraciət ünvanlamışam. Lakin 4 aydan çox vaxt keçməsinə baxmayaraq müraciətə cavab almamışam. ASC sədrinin müavini bununla “Vətəndaşların müraciətləri haqqında” AR Qanunun tələblərini təkrarən pozmuşdur. 4-cü qanun pozuntusu.

Bu, nə deməkdir? “Azərsu” qanunları saymır? Vətəndaş hüquqlarımı pozduğuna, müraciətimə cavab vermədiyinə və öz vəzifə öhdəliyini icra etmədiyinə görə İnsan Hüquqları üzrə Müvəkkilə - Ombudsmana ərizə ilə müraciətimdən sonra qanun pozan qurum- “Azərsu” hərəkətə gəldi, bu günlərdə qarajıma texniki şərt üzrə su və kanalizasiya çəkilişini icra etdi. Obyektə abonent kodu veriləcəyini və sayğac quraşdırılacağını bildirdilər. Bir həftə sonra isə əməkdaş mənə ödəniş qəbzi göndərdi. Təəccübləndim. Qəbzdə ailə üzvlərimin sayı 4 nəfər göstərilib. Bu rəqəmi hardan alıblar? Bəyəm qarajda ailə yaşayır? Ailəm mənzilimizdə yaşayır, tərkibi isə 2 nəfərdir – mən və həyat yoldaşım.

***

Bu yazını tamamlayıb «Təzadlar»a təqdim edərkən mobil nömrəmə 050 661 62 03 nömrəsindən zəng gəldi. Yasamal sukanal idarəsinin əməkdaşı təxminən 1 saat sonra su xətti üzərinə sayğac quraşdırılacağını bildirdi və dedi ki, bunun üçün 10-15 ədəd mufta, künc («uqolnik») və s. lazımdır, onu alın. Adını, soyadını soruşdum, MALİK QASIMOV – dedi. Bu da “Azərsu”yun 5-ci qanun pozuntusu!

Fikirləşirəm, görəsən saysız-hesabsız təhsilli, savadlı mütəxəssislər iş tapa bilmədiyi halda bu əndrəbadi “mütəxəssisləri” hardan tapıb vəzifə verirlər?

Və yaxud, “Azərsu” görəvliləri qanunlarımızı pozduqlarına görə hansısa məsuliyyətə cəlb olunacaqlarmı? Vallah, inanmağım gəlmir.

Eldar İsmayılov, Əməkdar jurnalist,

Qarabağ qazisi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN