"Orxan Əkbərov çox səmimi insan idi. Deyim ki, dəli-dolu bir gəncliyi vardı, xeyr, çox sakit təbiətli idi. Yaxşı, mehriban dostluğu vardı. Şən, gülərüz, çox zarafatcıl idi. Amma mənimlə dəhşətli dərəcədə zarafat edərdi...".

Bunu ehtiyatda olan kapitan Rəşad Əliyev "Təzadlar" qəzetinin layihəsi əsasında nəşrə hazırlanan Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun keçdiyi həyat və döyüş yolundan bəhs edən kitab üçün verdiyi müsahibəsində deyib.

R.Əliyev bildirib ki, Orxan Əkbərovla Biləsuvar Şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə paralel siniflərdə oxuyublar: "Orxan Azərbaycan, mən rus bölməsində oxuyurdum. Onunla daha yaxından tanışlığımız və dostluğumuz Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sənəd verdiyimiz vaxtdan başlandı. Bir-birimizi tanıyırdıq, ancaq dostluğumuz Ali Hərbi Məktəbdən başladı.

İki il Orxan Əkbərovla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə bir qrupda oxumuşuq. Onunla tələbəlik illərində yaxın münasibətimiz olub. Sonrakı 2 ili ixtisasımıza görə ayrı qruplarda oxuduq. O, Qoşun kəşfiyyatı ixtisasını, mən isə rabitəçiliyi seçdim.

Ancaq dərsdən çıxandan sonra, demək olar ki, həmişə bir yerdə olurduq. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirəndən sonra, 2004-2005-ci illərdə Təlim-Tədris Mərkəzində ixtisasımız üzrə dinləyici kimi kurs keçəndə də bir yerdə olduq. Həmin bir ili 5 nəfər Biləsuvar uşaqları artıq zabit kimi maddi imkanımız olduğuna görə İnqilab 17-də (indiki Həsən Əliyev küçəsi) ikiotaqlı mənzildə kirayə qaldıq. Hamımız Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunları idi. Mən idim, rəhmətlik Orxan Əkbərov, dayım oğlu Tofiq Muradov, Niyaməddin Əsgərov və bir də Bəhruz Əhmədov. Bir ildən sonra isə hər kəs ixtisası üzrə xidmətə başladı... 

Orxan Əkbərov çox səmimi insan idi. Deyim ki, dəli-dolu bir gəncliyi vardı, xeyr, çox sakit təbiətli idi. Yaxşı, mehriban dostluğu vardı. Şən, gülərüz, çox zarafatcıl idi. Amma mənimlə dəhşətli dərəcədə zarafat edərdi...".

R.Əliyev müsahibəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə oxuduqları vaxt baş verən maraqlı bir hadisəni xatırlayıb: "Təxminən, 2002-ci il olardı. Ali Hərbi Məktəbin həyətində böyük bir bina vardı. Binanın içərisindəki zalın hər küncündə bir televizor otağı var idi. Mən də boş vaxtlarımda televizora baxmağı xoşlayırdım. Günlərin birində Orxanla Tofiq mənimlə zarafat etmək fikrinə düşürlər. Götürüb atamın adından mənə məktub yazırlar. Mən də otaqda oturub televizora baxırdım. Gəldilər ki, atamdan məktub var. Məktubu mənə verib, hərəsi bir tərəfimdə oturdu. Mən də tez-tələsik məktubu konvertdən çıxarıb oxumağa başladım. Atam yazır ki, ay bala, məndən incimə, bundan sonra ta evdən pul gözləmə. Daha sənə pul göndərməyəcəm.

Bunu oxuyanda halım dəyişdi, çox pis oldum ki, niyə birdən-birə atam belə bir məktub yazsın. Çox dilxor, pərt vəziyyətdə Orxanla Tofiqdən aralanıb, düşdüyüm vəziyyəti onlara bildirməməyə çalışdım. Öz-özlüyümdə götür-qoy edərək, məsələnin ciddiliyinə inana bilmirdim ki, axı atam mənə niyə belə məktub yazsın? Beynimdəki bu və digər çalpaşıq fikirlərlə Orxangil tərəfə dönəndə onların kənardan məni gülə-gülə izlədiklərini gördüm. Onda barmağımı dişlədim və başa düşdüm ki, bu məktub məsələsi Orxanla Tofiqin əməlidir… Orxanın bax belə zarafatları vardı...".

R.Əliyevin sözlərinə görə, Orxan Əkbərovun maşınlara böyük marağı olub: "Maşınlara böyük marağı olduğundan küçədə rastlaşdığımız müxtəlif markalı avtomobillərin struktur quruluşu, istismarı barədə vacib bilgiləri bizimlə bölüşürdü. Onların hansı texniki xüsusiyyətlərinə görə bir-birlərindən fərqləndiyini həvəslə izah edərdi".

R.Əliyev bildirib ki, Orxan İkinci Qarabağ müharibəsi başlamamışdan əvvəl rayona gəlib: "Görüşüb, xeyli söhbətləşdik. Ancaq döyüş barədə bir kəlmə də demədi. O, xidmətə qayıdandan bir həftə sonra, sentyabrın 27-də Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatı başladı. Döyüşlər başlayandan sonra mən Orxanla əlaqə saxlaya bilmədim. Məcbur olub qardaşı Ənvərlə telefonla danışırdım. O da Orxanın yaxşı olduğunu deyirdi. Oktyabrın 2-də Ənvərə zəng edəndə telefonda ağladığını eşitdim. Dedi ki, neçə gündür Orxanla əlaqə saxlaya bilmir. Ənvərdən dəqiq məlumat öyrənə bilmədiyim üçün Orxangilin ata evinə tərəf gələndə həyətin ətrafına çoxlu sayda adamın toplandığını gördüm. Ancaq adamların həyətin ətrafına toplanmasından Orxanın anasının, ailəsinin xəbəri yox idi. Heç kim də ürək edib həyətin darvazasını açıb içəri girmirdi. Çünki cəbhədən, Orxandan dəqiq məlumat yox idi. Ancaq hamı Orxanın sağ-salamat dönəcəyini ümidlə gözləyirdi. Oktyabrın 6-da Ənvər mənə zəng etdi ki, Orxan şəhid olub, onu gətirməyə gedir...".    

Ehtiyatda olan kapitan müsahibəsində hərbçi kimi bir gerçəkliyi də açıqlayıb: "Orxan Əkbərov hərbi hissə komandiri idi. Bu, çox məsuliyyətli vəzifədir. Əslində Orxan Əkbərov şəhid olmaya da bilərdi. Çünki o,  hərbi hissə komandiri kimi döyüşü təhlükəsiz bir məntəqədən də idarə edə bilərdi. Ancaq o, əsl komandir kimi həmişə öndə gedərdi. Öndə getmək isə 99 faiz şəhidlik deməkdir".

R.Əliyev Orxan Əkbərovla bağlı xatirələrini belə tamamlayıb: “Torpaqlarımızın işğaldan azad olunması Orxanın ən böyük arzusu idi. Deyirdi ki, müharibədə döyüş də var, şəhidlik də. Ancaq vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. Deməli, Orxan şəhidliyi özü seçib.

Orxanın və bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm! Allah şəhidlərimizə rəhmət eləsin!"

Elbar ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN