…Ağdam yenə yuxuma gəlmişdi...

“Hə, bu da mən, ay ağdamlılar,” – deyirdi– “Sizin Ağdam. İyirmi yeddi il sonra necə görünürəm? Bilirəm, xoş görünmürəm, xarabalıq necə yaxşı görünər ki?! Bir bayquşlarım əskikdironlar da var idi, işğalın ilk illəri, həm də axşamlar. O illər ki, Ağdam kimi səsli - küylü, çılğın bir oba qəflətən boş, kimsəsiz – sahibsiz qalmışdı. Ağ damlı, ağ imarətlər, saraylar yanırdı, tüstülənirdi. Bax onda gecələr bayquş səsləri gəlirdi, gündüzlər isə, o kafirlər – ermənilər gəlib evlərimi, saraylarımı söküb aparırdılar, yanlarında da iranlı müsəlman "qardaşlarımız". Əlimdən nə gələrdi, nə edə bilərdim? Necə bu bəlanın – talanın qarşısını ala bilərdim? Ay ağdamlılar, mən nəinki sizin gözəl ağ imarətlərinizi, heç Qarağacı qəbirsanlığınızı da qoruya bilmədim. Bu murdarlar ata - babalarınızın məzarlarını şumlayıb, sümükləri üzərində taxıl əkdilər. Qoruya bildiyim sadəcə şəhər məscidi  oldu, əgər buna da qorumaq demək olardısa. Məscidi də murdarladı o kafirlər, murdar heyvanların tövləsinə çevirdilər. Kafirlər axan sularımı – arxlarımı, kəhrizlərimi, qobularımı qurutdular. Bağ – bağatımı məhv etdilər, qos-qoca xan çinarlarımı, yaşıllıqları kəsib-doğradılar, "Qozlu  bağımı" quru çöllüyə çevirdilər...

   Mən 27 ildir utanırdım, ruhlardan utanırdım, Pənahəli xanın, Ibrahim xanın ruhundan, xan qızının ruhundan utanırdım. Seyid  Lazım Ağanın, seyid Füğaranın ruhundan utanırdım. Qasım bəy Zakir, Süleyman Sani Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin ruhundan utanırdım. Qarabağ  xan ailəsinin dağıdılmış məzarlarına baxanda, ürəyim parça - parça olurdu. Soruşacaqsınız, şəhərin də ürəyi olurmu həm də, xaraba şəhərin? Olur əlbəttə, mənim də ürəyim  "İmarət"dir. Bir zamanlar xan, bəy atlarının kişnərtisindən titrəyən  "İmarət" - yaşıl xalı otlu cıdır meydanı.

  Özümü günahkar sayırdım, Allahverdi Bağırov, Şirin Mirzəyev kimi böyük oğulların ruhları qarşısında. Axı, bu nər oğullar mənə görə canlarından keçmişdilər.

 Hə, mən Ağdamam, danışan Ağdam. 27 il öncə mən və qonşu rayonlar, Bakıda gedən hakimiyyət - kürsü  davasının qurbanları olduq. Paytaxtda millətin "siyasi partiyalaşması" - parçalanması  davam etdikcə, mən də burada hissə - hissə  parçalanıb, düşmənə təslim edildim. Dağıdıldım, yandırıldım, amma yer üzündən tamam silinmədim, nəyi bacardımsa, qorudum, lap elə Şahbulaq qalası kimi. Indi bu qalaya baxanda, ürəyim bir az rahatlıq tapır. Düşmən məni tam məhv edə bilmədi, çünki məni 6 min şəhidimin ruhu qoruyurdu, o ruhlar ki, cismləri, qanları torpağıma qarışıb, hopmuşdu, özləri isə, gecə- gündüz məndə gəzib-dolaşırdılar. 27 il inandım ki, sakinlərim – ağdamlılar geri qayıdacaq, məni yenidən dirçəldəcək, yenə məscidlərimdən əzan, məclislərimdən muğam, Qarabağ şikəstəsi, meydanlarımdan Cəngi, Heyratı səslənəcək, suyu qurumuş bulaqlarımın gözü yenidən qazılıb açılacaq. Küçələrim yenə izdihamlı olacaq, dükan-bazarım qaynayacaq, şad günlərimə, toy-düyünümə ellər-obalar yığışacaq. İnandım ki, yenə ocaqlarımın başında dahi insanlarım – Xudu Məmmədovlar, Rafiq Əliyevlər doğulacaq. Musiqi ocaqlarımda yenə bənzərsiz səslər –  Qədir Rüstəmov, Səxavət Məmmədov, Sara Qədimova, Arif Babayevlər yetişəcək. Bu inamı məndə qoruyan, Mübariz Ibrahimov, Raquf Orucov, Polad Həşimov kimi cəsur, qeyrətli oğullar idi. O  oğullar ki, illər keçməsinə baxmayaraq, işğalla barışmırdılar, doğma məmləkətin torpaqlarının işğaldan azad olunması üçün canlarından keçirdilər.

 Sonda sizlərdən bir xahişim də var, ay ağdamlılar, məni bir şəhər kimi yenidən quracaqsınız, elə qurun, elə tikin ki, əvvəlki simam – çöhrəm itməsin. Yenə "İmarət məhəlləm",  "Çay evim",  "Doctluq kinoteatrım", "Hamam məhəlləm", 'Kötəlim" olsun. Muratbəylim, Qaraçılar məhəlləsi, Pərioğullar, Ətyeməzlim, "Sarı təpəm", "Dəvəbatıranım" yerli - yerində olsun. Abad, bərəkətli kəndlərim – Gülablı, Şıxbabalı, Mərzili, Əhmədavar, Yusifcanlı, Novruzlu, Bağbanlar, Xıdırlı və digərləri göz oxşasın, işğaldan əvvəlki kimi. Bir sözlə, üzərimdə görülən bütün işlər – tikinti-bərpadan tutmuş insan əməllərinə qədər hər şey yaxşı olmalıdır. Çünki mən indi torpağında minlərlə şəhidin uyuduğu müqəddəs şəhərəm...

İlham Rəsul

İsveçrə, Arau

(«Təzadlar»ın xüsusi müxbiri)

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN