"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərziliyə

Hörmətli Asif müəllim!

Bildiririk ki, "Vüqar-1970" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vüqar Zeynalovun modul tipli məktəblərin tikintisi ilə bağlı şikayəti barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə baxılmışdır.

Qeyd edək ki, təhsil müəssisələrinin təmiri və tikintisi Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə uyğun olaraq, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müvafiq Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir.

Məktubunuzda adı çəkilən "Modenco" MMC (əvvəlki "Provdence Doythc Limites" MMC) ilə Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi arasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci il 20 may tarixli ASİNDX-15/01-5/08s nömrəli razılıq məktubuna əsasən, 2 iyun 2020-ci il tarixində birbaşa satınalma müqaviləsi bağlanılmışdır. Podratçı tərəfindən işə cəlb olunacaq subpodratçılarla münasibətin tənzimlənməsinə dair müqavilədə hər hansı xüsusi qeyd-şərt nəzərdə tutulmamışdır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi ilə vətəndaş Vüqar İsmayıl oğlu Zeynalovun direktoru olduğu "Vüqar-1970" MMC ilə heç bir əlaqə mövcud deyil.

Hörmətlə,

Valeh Mirzalıyev,

Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi

REDAKSİYADAN: Qeyd edildiyi kimi, "Vüqar-1970" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vüqar Zeynalovun modul tipli məktəblərin tikintisi ilə bağlı redaksiyamıza daxil olan şikayəti barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdik.

Vətəndaş - "Vüqar-1970" MMC-nin direktoru Vüqar Zeynalov şikayət ərizəsində bildirir ki, dövlət başçısının Azərbaycanda modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, direktoru olduğum "Vüqar-1970" MMC 2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın 10 rayonunun kəndlərində 15 modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə verib. Həmçinin, 2020-ci ilin may, iyun və  iyul aylarında podratçı "Modenco" MMC ilə "Vüqar-1970" MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlanaraq, Astaranın Xiçəso, Şəvqo  və Lerikin Loda kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirilib. Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda məlum olub ki, podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb. Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb olub. V.Zeynalov qeyd edib ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə  faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Vüqar Zeynalovun bildirdiyinə görə, araşdırma zamanı məlum olub ki, Azərbaycan ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılmış vəsait "Modenco" MMC tərəfindən mənimsənilib. Və "Modenco" MMC-nin rəhbərliyi 180 min manat pulu "Vüqar-1970" MMC-yə hələ də ödəməyib.

Şikayət əsasında "Modenco" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri haqqında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılsa da, hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilməyib. Vüqar Zeynalov isə hesab edir ki, sözügedən araşdırma obyektiv aparılmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN