İşğaldan azad edilmiş ərazilərə 30 illik köçkünlük ömrünü yaşamış ailələrin köçürülməsi davam edir...
"Böyük qayıdış"ın hissəsi olan daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. Dövlət Qaçqınkom-un mətbuat xidmətindən "Təzadlar"a verilən məlumatda bildirilir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma ocaqlarına qovuşacaqlar. Mətbuat Xidmətinin əməkdaşı Elşən Əliyev "Təzadlar"a deyib ki, bu dəfə Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşəcək ailələr 1992-ci ildə Ermənistan qoşunlarının havadarlarının sayəsində işğal etdiyi Laçın şəhərinə gedir: "...Onlar vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Prezident İlham Əliyevin tapşırığı əsasında bərpa edilən, həmçinin yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bilirsiniz ki, bir müddət əvvəl isə "Qobu park-3" qəsəbəsindən Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülmüşdür...".
Qayıdışımız mübarək!
A.Məmmədli.