Müharibə mövzusunda yazmaq həmişə mənim üçün çətin olub. Heç indi də asan deyil. Şəhid haqqında yazmaq isə daha çətindir. Çünki şəhid haqqında söz demək, yazmaq nə qədər qürurverici və şərəflidirsə, bir o qədər də ağrılıdır...

Şəhid adı gələndə Azərbaycan yada düşür, Qarabağ yada düşür, işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan bayrağımız göz önünə gəlir. Düşünürsən ki, məhz şəhidlərimizin canları, qanları bahasına bu gün Şuşamızda, Qarabağımızın hər yerində dövlət bayrağımız dalğalanır.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də mayor Elxan Şükür oğlu Nəcəfidir. Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda keçirdiyi lokal antiterror tədbirində şəhid olub...

HAŞİYƏ: Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1992-ci ildə Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə gedib. 1993-cü il iyunun 12-də Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun Yusifcanlı kəndinə hücumu zamanı atası şəhid olan Elxan Ağdamın işğalından sonra anası və iki azyaşlı qardaşı ilə birlikdə Hacıqabul rayonunun Nəvai kəndinə pənah gətiriblər, bir müddət burada məskunlaşıblar. Ancaq bəzi çətinliklərlə üzləşən ailə Nəvaidən Suraxanı rayonunun Hövsan qəsəbəsinə köçüb. Elxan Hövsan qəsəbəsindəki 196 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Vətənpərvərliyi ilə yaşıdlarından seçilən Elxan 2001-ci ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Hərbi liseyi bitirdikdən sonra - 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Artilleriya" ixtisasına yiyələnib, 2008-2009-cu illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsilini başa vurub və leytenant hərbi rütbəsi alıb.

img-20230924-wa0011

Beləliklə, Elxan Nəcəfi 2009-cu il iyulun 22-dən Qazax rayonundakı N saylı hərbi hissədə minatan batareyada zabit kimi xidmət etməyə başlayıb. Qısa zamanda nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Sonra Ağstafa və Lənkəranda yerləşən N saylı hərbi hissələrdə xidmətini davam etdirib. 2017-ci ildən kapitan rütbəsi ilə Ağcabədi rayonundakı N saylı hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etməyə başlayıb. 2020-ci ildə mayor rütbəsinə yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücumu zamanı Elxan Nəcəfinin tabor komandirinin müavini kimi ilk döyüş yolu Cəbrayıl istiqamətində başlayıb. Cəbrayılın işğaldan azad olunmasında iştirak edən Elxan Nəcəfi Zəngilan və Qubadlının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 17 oktyabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək “Komando” Dağ Təlim Mərkəzində “Komando başlanğıc kursunu” müvəffəqiyyətlə bitirərək, “Komando başlanğıc döş nişanı”nı daşımaq hüququna  malik olması barədə sertifikat alıb.

Elxan Nəcəfi rayonlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0253t nömrəli 30 dekabr 2020-ci il tarixli əmri ilə Elxan “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub, bir çox Fəxri Fərman və mükafatlara layiq görülüb.

Mayor Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı - sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, 4 yaşlı oğlu yadigar qalıb.

***

...Elxan Şükür oğlu Nəcəfi kimi oğullarımızın həyat və döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar doğma Azərbaycanımızın gələcəyi olan gənc nəslə örnək, onların hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfədir. Məhz bunu nəzərə alaraq Elxan Nəcəfinin ailəsində olduq, şəhidin həyat hekayəsi və keçdiyi döyüş yolu barədə anası Afət xanım və həyat yoldaşı Əsmayə xanımla geniş söhbət etdik. Həmin söhbəti sizə təqdim edirik:

- Afət xanım, biz mayor Elxan Nəcəfini həm peşəkar hərbçi, həm də vətənpərvər bir insan kimi tanıyırıq. Ancaq övladınız olaraq onu hamıdan ən yaxşı siz tanıyırsınız. Elxan necə övlad idi?

- Elxan ailəmizin ilk övladı idi. Nizami və Elçin onun kiçik qardaşlarıdır. Bu gün Elxanın haqqında danışmaq mənə çox çətin gəlir...

...Susur... İxtiyari olaraq baxışlarını qarşı divardakı Elxanın oğlu ilə çəkdirdiyi şəklinə zilləyir... Sanki yaddaşını təzələyirmiş kimi düşüncələri onu çox uzaqlara aparır...

- ...1993-cü il iyunun 12-də Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun birlikləri Ergi düzünü keçərək, Mərzili kəndinin aşağı hissəsindən Yusifcanlı və Qiyaməddinli kəndlərinə hücum etdilər. Heç kimin gözləmədiyi, tamamilə ağlagəlməz istiqamətdən zirehli texnika ilə Yusifcanlıya daxil olan ermənilər kəndin böyük bir hissəsini yandırdılar, evləri uçurdular, yolları dağıtdılar. Həmin hücum zamanı kənddə 2 nəfər dinc sakin şəhid oldu, 4 nəfər isə girov götürüldü. Şəhid olanlardan biri mənim həyat yoldaşım Nəcəfi Şükür Həsən oğlu idi. Onda Elxanın 6 yaşı vardı. Elə o vaxtdan bizim məcburi köçkünlük həyatımız başladı. Erməni cəlladları tərəfindən məcburi olaraq ev-eşiyimizdən, yurd-yuvamızdan çıxarıldıq, didərgin salındıq.

i

İllərlə məşəqqətli həyat sürdük… Elxan Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olduqda çox sevindim: çünki uşaqlıqdan ən böyük arzum o idi ki, Elxan qəhrəman, cəsur bir hərbçi olsun, erməni cəlladlardan şəhid olan atasının, ana-bacılarımızın, qocalarımızın, körpələrimizin, igid oğullarımızın qisasını alsın, düşmən tapdağında inləyən doğma torpaqlarımızı azad etsin, bir oğul kimi, bir övlad kimi, bir əsgər kimi bu vətənin köksündə mənfurların qanlı caynaqları ilə açılmış yaranı sarısın...

O da mənim və öz arzularını doğrultdu – cəsur və qorxmaz  hərbçi ömrü yaşadı, torpaqlarımızın işğaldan azad edilməsinə də, üçrəngli bayrağımızın həmin bölgəmizdə dalğalanmasına da nail oldu.  

"Övladımın taleyində şəhid olmaq da varmış" deyən Afət xanımın gözləri dolur, səsi titrəyir...

- ...Məni ən çox ağrıdan odur ki, Elxan sentyabrın 20-də  - şəhid olandan bir saat sonra atəşkəs elan olundu. Taleyin yazısına bax... Həmişə istəyirdim ki, Elxan halal süd əmmiş bir qızla ailə qursun. Ancaq o, hələ evlənmək istəmirdi, deyirdi ki, 27 yaşında ailə quracam. Onunla bu barədə bir neçə dəfə danışdım. Axırda razılaşdı və dedi, bir şərtlə ki, mən bəyəndiyim qızı alacaqsan. Mən də qayıtdım ki, sən hansı qızı bəyənsən, kimi ürəyin tutsa, ona da elçi gedəcəm. Bir gün telefonla mənə bir qızı sevdiyini, ona elçi getməyimi istədi. Onda hələ Elxan Qazaxda xidmət edirdi. İstədiyi qızın ailəsi isə Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayırdı. Onlar da Ağdam rayonundan məcburi köçkün idilər. 2010-cu ildə elçi gedib qızın “hə”sini aldım. Və elə həmin il Elxanı Əsmayə ilə nişanlandırdıq. Evliliyə hazırlıq ərəfəsində Elxan telefonla danışanda deyirdi ki, evə gəlməyə vaxtım yoxdu, gələ də bilərəm, gəlməyə də, ona görə toy bəysiz də keçə bilər. Elxan Ermənistanla sərhəddə xidmət etdiyi üçün işindən ayrıla bilmirdi. Zabitlərə ildə bir dəfə 45 günlük məzuniyyət verildiyi üçün Elxan onu yarı-yarıya bölüb iki dəfəyə gəlirdi...

Əsmayə xanımdan Elxanla necə tanış olduqlarını soruşuram.

Əsmayə xanımın yaddaşı onu ötən illərə aparır:

 - ...Bakıda 161 saylı orta məktəbə yerləşən Şuşa Mədəni-Maarif Texnikumunda (indiki Şuşa Humanitar Kolleci) Elxanın əmisi qızı Güllü ilə bir qrupda oxuyurduq. Bir gün Elxan texnikuma Güllüyə baş çəkməyə gələndə məni gördü. Sonradan öyrəndim ki, adı Elxandır, Güllünün əmisi oğludur... Bir gün Güllü mənə dedi ki, əmisi oğlu döyüşdə yaralanıb, “Papanin hospitalı”nda müalicə olunur, ona baş çəkməyə gedir. Onda hələ Elxanı o qədər də tanımırdım. Güllü hospitala tək getməməsi üçün məndən onunla birlikdə getməyimi xahiş etdi. Biz metronun “Koroğlu” stansiyasında bir xanımla görüşdük. Güllü bizi tanış etdi, dedi ki, bibimdir, Elxanın anasıdır. Afət xanımla ilk tanışlığım orada oldu. Sonra birlikə “Papanin hospitalı”na getdik....

img-20230924-wa0013

Elxan hospitaldan çıxandan sonra texnikuma davamlı gəlib-getməyə başladı. Bir dəfə də Güllüdən xəbər göndərdi ki, məndən xoşu gəlir, görüşmək istəyir. Ancaq nə qədər xəbər göndərirdisə də, Güllüyə öz qəti fikrimi demişdim ki, mən hərbçi ilə ailə qurmayacağam. O isə inadından dönmürdü ki, dönmürdü. Biz texnikumu bitirəndən sonra da Elxan məndən ümidini üzmədi. Bir neçə dəfə görüşdük də. O, hər görüşümüzdə məni razı salmağa çalışırdı. Hardasa, 10 ilə yaxın mən ona “yox” dedim...

Hətta Gülü ilə əlaqəni tamam kəsdim ki, məndən əllərini üzsünlər. Ancaq aradan bir müddət keçəndən sonra təsadüfən şəhərdə Güllü ilə rastlaşdıq. Ayaqüstü söhbət əsnasında yaşadığımız evin ünvanını, mobil telefon nömrəmi götürdü ki, bir-birimizlə əlaqəni kəsməyək. Çox keçmədi ki, bir gün Güllü anası ilə bizə qonaq gəldi. Bundan sonra əlaqələrimiz üzülmədi, hətta Elxanla da uzaqdan-uzağa olsa da, bir-birimizlə xəbər tuturduq. Beləcə, bu əlaqələr, isti münasibətlər, Elxanın mənimlə dəfələrlə görüşü və nəhayət, razılığım bizim ailə qurmağımıza gətirib çıxartdı...

2011-ci il aprelin 15-də toyumuz oldu. Toyumuzdan bir neçə gün sonra Elxan xidmətə qayıtdı. İki aydan sonra isə gəlib məni Afət xanımla birlikdə xidmət etdiyi Qazaxa apardı. Demək olar ki, 5 il yarım Qazaxda yaşadıq. Sonra Elxanı Ağstafada yerləşən N saylı hərbi hissəyə göndərdilər. Onda bizi özü ilə aparmadı. Yaxın məsafədə olduğu üçün biz Qazaxda qaldıq. Daha sonra Elxan Lənkəranda yerləşən N saylı hərbi hissədə xidmət etməli oldu. Təxminən ay yarımdan sonra Elxanın xidmət etdiyi hərbi hissənin bir hissəsini Ağcabədi rayonuna köçürtdülər. Elxan bölgüdə köçürülən hərbi hissəyə düşdüyü üçün biz də Ağcabədiyə gəlməli olduq. Bir neçə ildən sonra İkinci Qarabağ müharibəsi başladı. Həmin ərəfədə artıq övladımız dünyaya gəlmişdi. Buna baxmayaraq, Elxanı Ağcabədidə qoyub Bakıya gəlmək istəmirdim. Ancaq ermənilər oktyabrın 5-də Ağcabədi şəhərinə raket atandan sonra Elxanın təkidi ilə uşağı da götürüb Bakıya gəldim...

20230923_175002

...Bir anlıq araya sükut çökür... Əsmayə xanımın gözlərindən yaş sel kimi axır:

 - Elxan sanki ölümünü bilirmiş... Hər telefon danışıqlarımızda deyirdi ki, hər şeyə hazırlıqlı ol, hər an hər şey ola bilər. Təkrar-təkrar tapşırırdı ki, birdən mənə nəsə olsa, Şükürə, anama yaxşı bax. Elxan hərbçi, zabit adını uca tutduğu kimi, vətən, dövlət, millət, torpaq, ailə, şərəf, namus, mərdlik və bu kimi dəyərlərimizi daim uca tuturdu. Deyirdi ki, insan kimi doğulmaq dünyanın bütün insani varlıqlarının taleyinə yazılıb, ancaq insan kimi yaşayıb, şərəfli ölmək hamıya qismət olmur, əgər vətənimin yolunda şəhid olacağamsa, bu, mənim üçün böyük bir tale hədiyyəsi olacaq. Dediyini də elədi... Elxan şəhadətindən on gün əvvəl Qubadlıda yerləşən hərbi hissədən Xocavəndə gətirilmişdi. Ancaq o, Xocavəndə gətirildiyini bizə deməmişdi. Sentyabrın 17-də telefonla görüntülü danışanda onun Xocavənddə olduğunu öyrəndim. Sentyabrın 18-də isə səsli danışdıq. Sentyabrın 19-da səhər saatlarında səs atdı ki, Əsmayə, mən döyüşə gedirəm, narahat olma, Şükürdən muğayət ol, amma bu barədə anama heç nə demə, nə vaxt imkan olsa, mən özüm sizə zəng edəcəm. Sonra mən ona səs atdım ki, Elxan, bilirəm, döyüşdə hər şey baş verə bilər, amma yenə də ehtiyatlı ol, özünü qoru, ailəni, Şükürü gözünün qabağına gətir. Şükür də yanımda idi, səsləndi ki, ata, səni gözləyirəm, gəl, tez gəl...

Elxan mənə son dəfə səs atdı ki, Şükürü, ailəmizi sənə tapşırıram, ancaq anamın bu söhbətlərdən xəbəri olmasın. Mən də cavab verdim ki, narahat olma, heç kəsə heç nə deməyəcəm. Çox təəssüf ki, son dəfə atdığım səsə qulaq asmadı... 

Əsmayə xanım Elxandan danışdıqca anası Afət xanım göz yaşlarına hakim ola bilmir:

- …Oğlumun yoxluğuna hələ də inana bilmirəm. Elxan 4 yaşlı körpə oğlunu atasız qoydu. Heç körpə balasını doyunca görə bilmirdi. Onun bütün amalı vətəni, ailəsi və körpə balası ilə bağlı idi. O, ancaq bunun üçün yaşayırdı. Özü köçkünlükdə əziyyətlə böyümüşdü deyə, istəyirdi ki, gələcəkdə balası əziyyət çəkməsin. Oğlum atasız böyümüşdü, indi onun da balası atasız böyüyəcək... Ona görə də bu yoxluğu özümə yaxın buraxa bilmirəm. Gözləyirəm ki, Elxan bir gün qayıdacaq, gələcək… Sentyabrın 18-də axşam saat 17:20-də Elxana zəng elədim, lakin o, telefonu açmadı. Fikirləşdim ki, yəqin telefonu səssizə qoyub, ona görə zəngi eşitmir. Aradan 20 dəqiqə keçəndən sonra telefonum zəng çaldı. Gördüm ki, Elxandır, dedi, mama, zəng eləmisən, yatmışdım deyə eşitməmişəm. Dedim, bu nə vaxtın yatmağıdır? Cavab verdi ki, ötən gecə özümü narahat hiss elədim, ona görə bir az yatıb dincəlmək istədim. Dedi, mama, narahat olma, özünüzdən muğayət olun, hər şey yaxşı olacaq, özüm sənə zəng edəcəm. Qayıtdım ki, ay oğul, biz nədən narahat olmalıyıq, biz rahat evimizdə oturmuşuq, cəbhədə erməni ilə üzbəüz olan sənsən, sən özündən muğayət ol... Həmin gün telefonu əlimdən yerə qoymadım ki, birdən Elxan zəng eliyər, bilmərəm. Amma nə qədər gözlədim, Elxan zəng eləmədi. Allaha yalvarırdım ki, Elxan bircə dəfə zəng eləsin ki, ay mama, narahat olma, yaxşıyam. Yox, yox... telefonuma zəng gəlmədi. Demə, heç Elxan həyatda yox imiş... Sentyabrın 20-dən 21-nə keçən gecə saat 3 radələrində Əsmayə mənə zəng elədi ki, Elxan yaralanıb, evə gətirirlər... Ani olaraq fikirləşdim ki, əgər Elxan yaralanıbsa, evə niyə gətirirlər?

20230923_175151

Elə bildim sinəmə xəncər sancdılar, nəfəsim kəsildi... Səhəri dirigözlü açdım. Bütün günü Elxanın yaralı vəziyyətdə gəlməsini gözlədim... Əsmayənin bacısı ilə otaqda oturmuşduq. Birdən mətbəxdən qışqırıq səsi gəldi. Tez mətbəxə keçdik ki, görək nə olub? Gördük ki, Əsmayənin əlindəki telefonda Elxanın şəkli var, altından da yazılıb ki, mayor Elxan Şükür oğlu Nəcəfi şəhid olub... Sanki həyat mənim üçün dayandı. Şəhid atasından sonra Elxanın şəhadəti bütün varlığımı alt-üst elədi... Oğul itkisi, övlad itkisi ağır olsa da, onun həlak olmağını mətanətlə qarşıladım, təsəllim o oldu ki, oğlum Elxan Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı... İndi o, təkcə mənim oğlum deyil, bütün millətin, xalqın oğludur. Bir təsəllim də odur ki, Elxanın atasının adını daşıyan Şükür adlı bir oğul yadigarı var. Həm də qürur duyuram ki, mən şəhid həyat yoldaşı, şəhid anasıyam...

Afət xanım özünü nə qədər təmkinli aparsa da, tox tutsa da, danışdıqca göz yaşlarına boğulur:

- Komandirinin dediyinə görə, Elxangil Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsin gedən döyüşə on nəfərlə giriblər. Onlardan bir neçəsi şəhid olub, qalanları yaralanıblar. Elxan mayor rütbəli başqa bir zabit yoldaşı ilə yaralı və şəhid əsgərlərimizi döyüş meydanından çıxartmaq qərarına gəliblər. Ağırlıq etməsin deyə hər ikisi əynindəki “bronjilet”i çıxarıb yaralıları yaxınlıqdakı hərbi hissənin maşınına doğru  aparanda Elxan pusquya yatan ermənilər tərəfindən “Kalaşnikov” markalı avtomatdan atılan 5,45 çaplı güllə ilə, zabit yoldaşı isə snayper gülləsi ilə şəhid olublar. Ermənilər bilirmiş ki, azərbaycanlı hərbçilər öz yaralı əsgərlərini, şəhidlərini döyüş meydanında qoyub getməyəcəklər. Ona görə də ermənilər marığa yatıb gözləyiblər ki, öz çirkin niyyətlərinə nail olsunlar. Çox təəssüf ki, onların bu bəd niyyətləri iki mayor rütbəli zabitin şəhid olması ilə baş tutub. Ermənilər iki saata qədər həmin ərazini atəş altında saxlayıblar ki, arxadan kimsə onlara yardım etməyə gələ bilməsin. Snayperlə vurulan mayor elə yerindəcə şəhid olub. Kürəyindən vurulan Elxan isə oradan təxminən 30 metr uzaqlaşıb, lakin xilas ola bilməyib, arxası üstə uzanıqlı gözü açıq vəziyyətdə qanitirmə nəticəsində şəhid olub. Mənim yaralı balam nə fikirləşirmiş, nə arzulayırmış, təəssüf ki, o, bu sualların cavabını əbədi olaraq özü ilə apardı...

Afət xanım sözünün davamını gətirə bilmir, qəhər onu boğur, kəlmələri boğazında düyünlənir...

20230923_193949

Afət xanımın fikrini tamamlayan Əsmayə xanım deyir ki, Elxanın çox arzuları vardı:

- Bir ili qalmışdı təqaüdə çıxmağa. Hər zaman hərbçi olmağı ilə fəxr edirdi. Mənə deyirdi ki, hərbi xidmətimi başa vurandan sonra sizin xidmətinizdə olacağam. Elxanın övladımızın gələcəyi ilə bağlı o qədər arzuları, planları vardı ki, çox gözəl xəyallar qururdu. Balaca Şükürü vətənə layiqli, özü kimi cəsur bir övlad kimi böyütmək onun ən böyük arzularından idi... Elxanın məzarı önündə söz vermişəm ki, onun yarım qalan arzularını gerçəkləşdirəcəyəm. Şükürü  elə böyüdəcəm ki, o da atası kimi mərd və cəsur olsun. Elxanın övladımızın gələcəyi barədə arzuları ilə yanaşı, vətən uğrunda şəhid olmaq arzusu da vardı. O, şəhid olmağı seçdi...

***

...Bəli, şəhidlik belə bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, vətəni, xalqı yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu zirvəyə yüksələ bilərlər. Elə ona görə də şəhid olmağı özünə şərəf bilən Elxan Nəcəfi kimi oğullarımız şüurlu şəkildə ölümü gözə almağı bacarırlar. İllər, qərinələr  ötsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğuları ilə xatırlayacaqlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə Azərbaycan xalqına Qarabağımızın azadlığının sevincini bəxş edən Elxan Nəcəfi kimi oğullarımızı daim qəlbimizdə yaşadaq.

Elbar ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN