booked.netbooked.net booked.net  

Mövlam Şıxəliyev sahibkar Seyran Nəcəfovun qardaşı Elçin Nəcəfovdan əvvəlcə 300.000 manat, sonuncu ilə razılaşa bilmədikdə isə 100.000 manat rüşvət istəmiş və...

Azərbaycan Respublikası adından HÖKM

Bakı şəhəri, İş №1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ

(Əvvəli qəzetin 12 dekabr 2023-cü il tarixli buraxılışında)

...Mövlam Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən, mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar özünün göstərişi əsasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Ələkbərov Sahib Yunus oğlunun 05 sentyabr 2013-cü il tarixdə qəbul etdiyi qərarla “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Nəcəfov Seyran Burhan oğlu və digərlərinin barəsində CM-in 206.3.2-ci maddəsi ilə 1039 №-li cinayət işi başlatmışdır. Belə ki, S.Ələkbərovun iş üzrə ibtidai istintaqın aparılmasının tabeliyində olan müstəntiqə həvalə edilməsindən və Seyran Nəcəfovun həmin müstəntiq tərəfindən qəbul edilmiş 07 sentyabr 2013-cü il tarixli qərarla CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra M.Şıxəliyev İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə bu dəfə də hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmişdir. Bununla da o, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 10 oktyabr 2013-cü il tarixdən etibarən mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə MTN-nin inzibati binasında Seyran Nəcəfovun həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olmağa çalışacağı ilə hədələmişdir. Sonra isə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində sonuncunun qardaşı Nəcəfov Elçin Burhan oğlundan əvvəlcə 300.000 manat, sonuncu ilə razılaşa bilmədikdə isə 100.000 manat rüşvət istəmişdir. Ardınca qeyd edilən qərarları 100.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvlərinin razılığını aldıqdan sonra Elçin Nəcəfovla sövdələşmiş, bununla əlaqədar 2014-cü ilin yanvar ayında MTN-nin inzibati binasının yaxınlığında (Bakı şəhəri, Səbail rayonu, Əjdər Xanbabayev küçəsində) Elçin Nəcəfovun gətirdiyi 100.000 manat məbləğində nağd puldan ibarət rüşvəti sonuncunun idarə etdiyi “BMW” markalı 10-RF-525 dövlət nömrə nişanlı avtomobilin içərisində mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvü vasitəsilə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölmüş, Seyran Nəcəfovun əməlinin 01 fevral 2014-cü il tarixdə CM-nın 29, 200.2.2 və 29, 200.2.3-cü maddələrinə tövsif edilməsi və eyni tarixdə CPM-nin 157.8-ci maddəsinə əsasən sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilməsini təmin etmişdir.

***

Bundan başqa, M.Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən, mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar özünün göstərişi əsasında ləğv olunmuş MTN-nin İstintaq baş idarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Ələkbərov Sahib Yunus oğlunun 05 sentyabr 2013-cü il tarixdə qəbul etdiyi qərarla “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Əliyev Elvar Layiq oğlu və digərlərinin barəsində CM-in 206.3.2-ci maddəsi ilə 1039 №-li cinayət işi başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının tabeliyində olan müstəntiqə həvalə edilməsindən və Elvar Əliyevin həmin müstəntiq tərəfindən qəbul edilmiş 28 oktyabr 2013-cü il tarixli qərarla CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsini təmin etdirmişdir. Sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən suiistifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2014-cü ilin yanvar ayının əvvəllərində mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvləri vasitəsilə MTN-nin inzibati binasında Elvar Əliyevin həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələmişdir. Sonra sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində sonuncunun tanışı Əhmədov Elman Mustafa oğlundan birbaşa yolla 80.000 manat məbləğində külli miqdarda pulu rüşvət kimi istəmişdir. O, bununla əlaqədar bir neçə gün sonra, 2014-cü ilin yanvar ayında MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında mütəşəkkil dəstənin barəsində cinayət təqibi aparılan digər üzvünün vasitəsilə külli miqdar təşkil edən 80.000 manat məbləğində nağd puldan ibarət rüşvəti Elman Əhmədovdan birbaşa yolla qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri ilə aralarında bölmüşdür. Sonra isə  Elvar Əliyevin əməlinin 01 fevral 2014-cü il tarixdə CM-nın 32.5, 29, 200.2.2 və 32.5, 29, 200.2.3-cü maddələrinə tövsif edilməsi və eyni tarixdə CPM-nin 157.8-ci maddəsinə əsasən sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə dair müstəntiq tərəfindən müvafiq qərarların qəbul olunmasını təmin etmişdir. Bununla da vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək vasitəçidən istifadə etməklə almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Elvar Əliyevin hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

***

Bundan başqa, M.Şıxəliyev MTN-nin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar tabeliyində olan şəxsin 13.09.2013-cü il tarixdə qəbul etdiyi qərarla müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə, yəni Gürcüstan istiqamətindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında Abdullayev Orxan Elman oğlu və digərlərinin barəsində CM-nin 206.3.2-ci maddəsi ilə 1041 №-li cinayət işi başlatmışdır. Sonra iş üzrə ibtidai istintaqın aparılmasının dəstənin üzvü Yasin Məmmədova həvalə edilməsindən və sonuncu tərəfindən 14 sentyabr 2013-cü il tarixdə qəbul edilmiş qərarla Orxan Abdullayevin CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 2013-cü ilin oktyabr ayı ərzində bir neçə dəfə Orxan Abdullayevi saxlanıldığı MTN-nin İstintaq təcridxanasından dəstənin üzvü Yasin Məmmədovun xidməti kabinetinə gətizdirmişdir. Ardınca isə sonuncunun vasitəsilə həbsdə onu saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağı ilə hədə-qorxu gəlmişdir. Lakin onun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Orxan Abdullayevdən 100.000 manat pul istəmişdir. Orxan Abdullayev həmin tələbi rədd edən zaman eyni niyyətlə 2013-cü ilin noyabr ayında sonuncunun atası Abdullayev Elman Nəriman oğlunu dəstənin üzvü Yasin Məmmədovun vasitəsilə MTN-nin inzibati binasına çağırtdırmışdır. O, Orxan Abdullayevin həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlmişdir. Yenə də  sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda sonuncunun həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində 100.000 manat istəyərək qeyd edilən qərarı 50.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. O,  bununla əlaqədar 2014-cü ilin yanvar ayının ortalarında MTN-nin inzibati binasının giriş qapısının yaxınlığında mütəşəkkil dəstənin istintaqa məlum olmayan üzvləri vasitəsilə Elman Abdullayevdən 50.000 manat məbləğində nağd puldan ibarət rüşvəti qəbul etmişdir. Bununla da əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov və qeyriləri ilə aralarında pulu bölərək, Orxan Abdullayevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 30 yanvar 2014-cü il tarixli 37/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur. Və 06 fevral 2014-cü il tarixdə Orxan Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Yasin Məmmədov tərəfindən qərar qəbul edilməsini təmin etmişdir. 

***

Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar tabeliyində olan şəxsin 13.09.2013-cü il tarixdə qəbul etdiyi qərarla müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə, yəni Gürcüstan Respublikası istiqamətindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında İsmayılov Sərdar Əhməd oğlu və digərlərinin barəsində CM-nin 206.3.2- ci maddəsi ilə 1041 №-li cinayət işi başlatmışdır.

Həmin iş üzrə ibtidai istintaqın aparılmasının dəstənin üzvü Yasin Məmmədova həvalə edilməsindən və sonuncu tərəfindən 14 sentyabr 2013-cü il tarixdə qəbul edilmiş qərarla Sərdar İsmayılovun CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 2013-cü ilin dekabr ayında Sərdar İsmayılovu saxlanıldığı Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin İstintaq təcridxanasından dəstənin üzvü Yasin Məmmədovun xidməti kabinetinə gətizdirmişdir.

Bununla da sonuncunun vasitəsilə onun həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlmişdir. Lakin onun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində 50.000 manat və istintaq məsrəfləri olaraq 2.000 manat olmaqla cəmi 52.000 manat pulu Sərdar İsmayılovdan birbaşa yolla istəyərək, sonuncu məbləğin çox olmasını bildirdikdə, qeyd olunan qərarı 50.000 ABŞ dolları və 2.000 manat, ümumilikdə 41.225 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 2014-cü ilin yanvar ayında MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında İ.Qutqaşınlı küçəsi-7 ünvanında yerləşən yaşayış binasının həyətində dəstənin üzvü Yasin Məmmədovun göndərdiyi mütəşəkkil dəstənin istintaqa məlum olmayan üzvləri vasitəsilə Sərdar İsmayılovun dayısı Salmanov Vidadi Əlpaşa oğlu və dostu Mənəfov Vüqar Zahid oğlundan həmin dövrün rəsmi məzənnəsi ilə 39.225 manat təşkil edən 50.000 ABŞ dolları və 2.000 manat, cəmi 41.225 manat məbləğində rüşvəti qəbul etmişdir. Sonra  əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov və qeyriləri ilə aralarında bölərək, Sərdar İsmayılovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 30 yanvar 2014-cü il tarixli 36/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur. Ardınca 06 fevral 2014-cü il tarixdə Sərdar İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Yasin Məmmədov tərəfindən qərar qəbul edilməsini təmin etmişdir.

***

Bundan başqa, M.Şıxəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş MTN-nin  İstintaq baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar tabeliyində olan şəxsin 13.09.2013-cü il tarixdə qəbul etdiyi qərarla müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə, yəni Gürcüstan istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında Həsənəliyev Əfsəl Xanlar oğlu və digərlərinin barəsində CM-nin 206.3.2-ci maddəsi ilə 1041 №-li cinayət işi başlatmışdır. Bu iş üzrə ibtidai istintaqın aparılmasının dəstənin üzvü Yasin Məmmədova həvalə edilməsindən və sonuncu tərəfindən 21 sentyabr 2013-cü il tarixdə qəbul edilmiş qərarla Əfsəl Həsənəliyevin CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir. Sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2013-cü ilin sentyabr ayından etibarən Əfsəl Həsənəliyevi dəfələrlə saxlanıldığı MTN-nin İstintaq təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Yasin Məmmədovun vasitəsilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin etmişdir. Onu həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlməklə xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Əfsəl Həsənəliyevdən birbaşa yolla əvvəlcə 100.000 manat, sonuncu ilə razılaşa bilmədikdə həmin dövrün rəsmi məzənnəsi ilə 39.225 manat təşkil edən 50.000 ABŞ dolları istəmişdir. Və qeyd edilən qərarı 7.000 manat qabaqcadan və 28.000 manat həbsdən buraxıldıqdan sonra verilmək şərti ilə cəmi 35.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 2014-cü ilin yanvar ayında MTN-nin inzibati binasında dəstəni üzvü Yasin Məmmədovun xidməti kabinetində sonuncunun vasitəsilə Əfsəl Həsənəliyevdən sonuncunun müdafiəçisi, cinayətdən xəbərsiz olan İsmayılova Xavər Bəxtiyar qızının vasitəsilə birbaşa yolla 7.000 manat nağd pulu qəbul edib, Əfsəl Həsənəliyevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 12 fevral 2014-cü il tarixli 59/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur. Və 19 fevral 2014-cü il tarixdə Əfsəl Həsənəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair dəstənin üzvü Yasin Məmmədov tərəfindən qərar qəbul edilməsini təmin etmişdir. Bundan sonra, qabaqcadan razılaşdırıldığı kimi 05 aprel 2014-cü il tarixdə dəstənin üzvü Yasin Məmmədovun xidməti kabinetində sonuncunun vasitəsilə Əfsəl Həsənəliyevdən birbaşa yolla qalan 28.000 manat nağd pulu, ümumilikdə külli miqdar təşkil edən 35.000 manat nağd pulu vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov və qeyriləri ilə aralarında bölmüşdür. O,  vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Əfsəl Həsənəliyevin hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN