Aydın Can 

Maraqlıdır: Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Dövlətinə və xalqına qarşı bütün sahələr üzrə - iqtisadi, siyasi, hərbi savaş açanların hamısını susdurub, ilk sırada da erməniləri – iti qovan kimi qovub ölkədən! Amma və lakin dərd orasıdır ki, cənab Prezidentin ölkədən iti qovan kimi qovduqları ayrı cilddə, milli adlarla bu Dövlətə, bu Xalqa qarşı müharibə açmaqdan çəkinmirlər!

Biri hakim kimi, biri prokuror kimi, biri də hətta, el arasında deyildiyi kimi, “voyenkom” kimi!

Biz də mütəmadi elələrinə - “milli ermənilərə” qarşı qalib gəlməkdə cənab Prezidentə yardımçı olmaq istəyirik, elə buna görə də yazırıq!

Deməli, belə:

Lənkəran rayonu, Türkəkəran kənd sakini, 1980-ci il təvəllüdlü Natiq Məmmədov uzaq 90-cı illərdə, hamının hərbidən, ordudan yayındığı bir vaxtda, gedib girib Lənkəran Dövlət Universitetinin PEDAQOJİ (bu təyinə xüsusi diqqət yetirməyinizi xahiş edirəm – A.C.) Hərbi Hazırlıq fakültəsinə: yəni, gənclərin çağırışaqədərki hərbi hazırlığının pedaqoji əsaslarını öyrənib, özü də fərqlənmə diplomu ilə ixtisasına yiyələnib!

Üstəlik də, həmən, 2002-2003-cü illərdə N saylı hərbi hissədə ali təhsilli kadr kimi həqiqi hərbi xidmət keçib!

2003-cü ildən ta Mehman Rəhimov, Emin Bağırov kimi “voyenkom”ların ayağı Lənkərana, vəzifə kreslosuna oturana qədər adam Lənkəran Dövlət Kollecində, Şürük və daha bir neçə kənd məktəbində hərbi hazırlıq və idman müəllimi, hərbi rəhbər işləyib!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 250 saylı qərarına əsasən, kolleclər universitetin nəzdinə keçiriləndən sonra, kollec rəhbərliyinin şəxsi qərəzinə görə işdən ixtisar adıyla uzaqlaşdırılan Natiq Məmmədov VƏZİFƏ DAVASINA YOX, İŞ çalışmasına can atıb. Ona görə də Lənkəran Şəhər Təhsil Şöbəsinə müraciət edib, Gərmətük qəsəbə orta məktəbinə təyinat alıb!

2003-cü ildən 2023-cü tədris ilinə qədər, yəni həmişə olduğu kimi, Natiq Məmmədov yenə də üz tutub Lənkəran “voyenkom”una ki, bürokratikliyin təsdiqi olan RƏYİ alsın və işə başlasın!

Lənkəran “voyenkom”u Mehman Rəhimov ona qədər on dəfə rəy verən sələflərini və adamın pedaqoji iş təcrübəsini, bilik və bacarığını, 20 il ərzində tutduğu vəzifələri nəzərə almayaraq, lazım olan rəyi verməyib!

Natiq Məmmədov vətənpərvər insandır!

Natiq Məmmədov ixtisasına FƏRQLƏNMƏ DİPLOMU ilə yiyələnib!

Natiq Məmmədov savadlı müəllimdir!

Natiq Məmmədov öz ixtisasının gərəyini və sanbalını bilən pedaqoqdur!

Və... “yox” cavabı alandan sonra üz tutur... məhkəməyə!

Bir Lənkəran sakini kimi, onu üz tutduğu ilk instansiya məhkəməsi daha neçəsinə üz tutmağa məcbur edə bilərsə, hamısına məcbur edib! Ruslar demiş, “otfutbolili po vsem instansiyam!”

“Voyenkom” Mehman Rəhimov Natiq Məmmədovun işini özü boyda düyünə salandan sonra çıxıb gedib Lənkərandan!

Onun yerinə gələn Emin Bağırov daş atıb çinlərini (“poqon”larını) tutub ki, bəs iş məhkəmədədir, mən qərar qəbul edə bilmərəm.

Təzə gələnə hələ müraciət olunmayıb!

Təsəvvür edin – İlyarım ərzində bir rayonda üç “voyenkom”: bu nə çağırış və səfərbərlik siyasətidir? Belə də bir vəzifədə 30 il qalanı heç yaba ilə qovmaq olmur, Lənkəran uçuş-enmə zolağıdır “voyenkom”lar üçün, hərə bir cür “posadka” edir, “qəza enişləri” bitməzmi ola?

Üstəlik də, ölkənin indiki həssas durumunda, hərbçilərə böyük sevgi və sayğı bəslənilən bir dövrdə nədən TƏHSİL bir yana, ÇAĞIRIŞÇILARA – SABAHIN QƏLƏBƏ GƏTİRƏCƏK MÜZƏFFƏR ƏSGƏRLƏRİNƏ BU QƏDƏR nadan münasibət, talelərinə biganə və laqeydlik sərgiləyənlər iş başına gətirilsin ki? Axı o çağırışçı uşaqları-yeniyetmələri ORDU ƏSGƏRİ kimi hazırlamaq hər kəsin bacardığı iş deyil!

Bütün yaxşı futbolçular yaxşı məşqçi ola bilmədiyi kimi, bütün yaxşı hərbçilər də yaxşı pedaqoq ola bilməzlər!

Götürüb xəstə, ayda iki dəfə bülleten götürən pensiyaçı aviasiya zabitini hərbi hazırlıq müəllimi təyin edəndə nə düşünürsünüz ki?

İndi erməninin qabağını almısınız deyə, erməninin etməsinə imkan vermədiyinizi erməninin əvəzinə özünüz etmək istəyirsiniz?

TƏSƏVVÜR EDİN: Şirvan İnzibati Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası hərəsi iki dəfə Natiq Məmmədovun müraciətlərinə baxmalı olub!

Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova işi yenidən Şirvan Apellyasiya Məhkəməsinə QƏRARIN TAM LƏĞV EDİLMƏSİ şərti ilə göndərib!

TƏSƏVVÜR ETDİNİZMİ, cənablar və əfəndilər?

Ölkənin dörd hakimi bir başdan “voyenni”nin RƏY verməmək keyfinin badına necə gedib?

Adam nəyi əsas götürüb: Artur Rasizadənin 29.05.1998-ci il qərarını!

O qərar verilən il Natiq Məmmədov LDU-ya daxil olub, gedib hərbi xidmətini çəkib gəlib, ondan sonra on dəfə “voyenkom”lar RƏY verib, Mehman Rəhimovun keyfinə düşüb ki, 2023-cü ildə Artur Rasizadəni yad etdirsin, elə bir Baş Nazirimizin olduğunu xatırlasınlar!

Ondan sonra gələn Emin Bağırov da fərqinə varmayıb ki, a kişi, ölkədə Natiq Məmmədovdan DAHA ƏLLİSİ var! Onlar işləyir axı! Bu, KONSTİTUSİONAL DİSKRİMİNASİYADIR!

Bu... bir nəfərə qarşı siyasi-etnik genosiddir!

Həmin ixtisası bitirmiş 50-dən artıq məzun (biri vaxtsız vəfat edib, biri döyüşlərdə şəhid olub) İ-Ş-L-Ə-Y-İ-R hal-hazırda! Təkcə Natiq Məmmədova işləməyə rəy vermirlər... 20 il PEDAQOJİ stajla!

O Natiq Məmmədova ki, bütün ruhu ilə hərbə bağlıdır – yeganə oğlu bu il Azərbaycan Dövlət Tibb Universitetinin HƏRBİ həkimlik fakültəsinə qəbul olunub!

Yeganə qızı Atasına təslli verir ki, Ata, mən ən yüksək səviyyədə hazırlaşacam, hüquq fakültəsinə qəbul olacam, ədalətin bərpası üçün çalışacam!

... Natiq müəllim ilyarımdır işsizdir!

Hər dəfə vəkil tutmaq üçün 300 manat borc edir! Ki... halal haqqı və lazım olan rəyi alsın, ixtisası üzrə işləyə bilsin!

Futbol topu kimi məhkəmələrdən məhkəmələrə atılan Natiq Məmmədovun şikayət və qərar qovluqlarına baxıram, o danışdıqca qulaq asıram, deyirəm ki, ay Natiq müəllim, ağlına gəlmədi 300-500 manat “şirinlik” verəsən, o MƏNASIZ, BÜROKRATİK rəyi alasan, azından 1500 manat vəkillərə pul vermisən, ilyarımdır işsizsən, hansı yaxşıdır?

İNANIRSINIZMI: Natiq müəllim üzümə məlul-məlul baxıb, deyir ki, bolim tı, ağlıma gəlməyib!

Ay ağalar, ay bəylər, ay cənablar, ay əfəndilər, ADAM OLAN KƏS DƏ arayışı 300-500 manata, hərbi bileti 5000 manata verən adamlara rüşvət verməyi ağlına gətirməyən adamı da işsiz qoyar, ona bu qədər zülm edər?

Heçmi insafınız yoxdur, heçmi vicdanınız yoxdur?

Heçmi utanmırsınız Natiq Məmmədov kimi müəllimə məhkəmə zalında deyirsiniz ki, “yuxarı” nə desə, onu da edərik?

Naqti Məmmədovun “yuxarıda” kimi var ki, Allahdan başqa?

Allahla necə əlaqə yaratsın “voyenkom”dan rəy almaq üçün 300-500 manat “şirinlik” verməyi ağlına gətirməyən Natiq Məmmədov kimisi?

YAZIYA SÖZARDI:

Bir yazı yazmışdım. Yazını oxuyandan sonra həmkarım Əli Həziquliyev gözəl bir söz dedi mənə:

- Aydın, sən problemin həllini istəyirsən, yoxsa adamla düşmənçilik edirsən?

Dedim ki, problemin həllini!

Qayıtdı dedi ki, deyərdin mənə, zəng elətdirərdim filankəsə, həll olunardı da.

İndi Natiq müəllim də. Problemin “həlli yolu” ağlına gəlməyib!

Mən də bu yazını problemin həlli üçün yazıram: Mehman Rəhimov, Emin Bağırov, Natiq Məmmədovun üz tutduğu məhkəmə hakimləri neyləyiblər, belə lap əcəb ediblər, ancaq bir kişilik eləmək məqamıdır: verin o rəyi, lütfən, qoy adam getsin xalqın balalarına tüfəng tutmağı öyrətsin! Süründürməyin məhkəmələrdə... Artur Rasizadənin özü kimi mənasız qərarına görə!

Çünki o qərarı bu ölkənin 49 “voyenkom”u heç harasına almayıb, almır, almayacaq da!

Mehman Rəhimovun keyfinə düşüb, “bu talışla məzələnim” deyib əsas götürüb – hərçənd ki, onun özüylə məzələnib hara atıblar Lənkərandan, bilinmir!

Talışlarda bir misal da var: kefi çəkir Müzəffər, cəriməni verir Qəzənfər!

Mehman Rəhimovun çəkdiyi “kef”in, tutduğu “mırt”ın cəriməsini İnzibati, Mülki, Apellyasiya hakimləri “verir”: Natiq Məmmədovun pulsuz, mənasız, heç bir üstünlük gətirməyən bürokratik işinə baxmaqdansa, qrafiklərində boş gün-saat olardı, yaxşı, sanballı, “yağlı” və ya “sifariş”li, perspektivli işlərə baxa bilərdilər!

Ortada elmə, təhsilə, hərbi hazırlığa qarşı müharibə açılıb – bu işin mahiyyəti həm də budur!

Elə bunu deyirdim...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN