Xəbər verildiyi kimi, ötən günlərdə təhsil naziri Emin Əmrullayev "altı yaş zənnimcə gecdir, məktəb yaşının beş yaşa qədər azaldılmasına çalışmalıyıq" açıqlamasını verib.

Açıqlama valideynlər arasında çaşqınlıq yaradıb.

Belə ki, valideynlərin bir çoxu uşaqların bu yaşda məktəbə getməyini düzgün qarşılamadığını, uşaqların həmin yaş dövründə məktəbə adaptasiya olunmaqlarının daha çətin olduğunu bildirib. 

İctimai TV məsələ ilə bağlı valideynlər arasında sorğu keçirib. 

Valideyn Natiq Şıxəliyev bildirib ki, uşaqların dörd yaşında hazırlığa, beş yaşında məktəbə getməsi düzgün deyil.

Məsələ ilə bağlı təhsil eksperti bildirib ki, erkən təhsilə keçmək mümkündür. Lakin sistemdə bir sıra dəyişikliklər edilməlidir.

Emin müəllimin bu bəyanatından sonra 1-ci sinfə 7 yaşında, daha doğrusu, 7 yaş 5 ay yaşında getdiyim illəri xatırlayıram. Biz məktəbə qədər 6-7 km olan məsafəni təkbaşna qət edirdik və bizi heç kim müşayiət etmirdi. Yəni, 7 yaşındakı uşağın fiziki, əqli inkişafının səviyyəsi məktəbə getmək üçün ən optimal yaş hesab olunurdu. Bəyənmədiyimiz Sovetlər sistemində  orta təhsil 7 yaşından başalayardı, 17 yaşında (10-cu sinif) başa çatardı və qeyd edək ki, bu təhsil sistemi ən gözəl təhsil sistemi idi. Uşagın məhz 7 yaşında məktəbə getməsini elə-belə, çöldən-çölə götürməmişdilər. Bütün bunları psixoloqlar, pedaqoqlar, alimlər, müxtəlif institutlar araşdırıb yekun bir nəticəyə gəlmişdilər. Yəni, Emin müəllimin və ya başqa birisinin uşaqların 5 yaşından birinci sinfə getmək arzusu ilə olmurdu. Hər şey analiz edilmiş, hər şey ölçülüb-biçilmişdi.

5 yaşında uşağın məktəbə getməsi niyə düzgün deyil? Gəlin psixoloqların bu barədə nə söylədiklərindən qabaq digər ölkələrdə uşaqların hansı yaşda məktəbə getmələri ilə tanış olaq:

Rusiya qanunvericiliyinə görə, ümumtəhsil məktəblərinin birinci siniflərinə 6,5-dən 8 yaşına  qədər uşaqlar qəbul edilir. Əlbəttə, təhsil müəssisəsinin administrasiyası  müəyyən edilmiş yaşdan kiçik uşaqları məktəbə qəbul edə bilər, lakin bunun üçün müəllimlər məktəbəqədər uşaqlara tətbiq edilən gigiyenik tələblərə riayət etməlidirlər. Buna görə müəllimlər altı yaşlıların məktəbə daxil olmasına xüsusi nikbinliklə yanaşırlar.

Bəs Avropada vəziyyət necədir? Avropa uşaqları üçün 6 yaş birinci sinfə getmək üçün adi yaş hesab olunur. Amma burada bəzi müstəsnalar mövcuddur.Belə ki, balaca irlandlılar məktəbə 4, ingilislər, kiprlilər, maltiyalılar 5 yaşında gedirlər. Pribaltika ölkələrində, Finlandiyada,Polşada, İsveçdə, Bolqarıstanda isə birinci sinfə 7 yaşında gedirlər.

Avropa ölkələrində ibtidai məktəb sayılan məktəbə biz adi uşaq bağçası deyirik. Buna görə də  məktəbəqədər müəssisənin hazırlıq qruplarında məşğələlər demək olar ki, standart qərb məktəblərinin 2-ci və 3-cü siniflərində keçirilən dərslərlə üst-üstə düşür.

Yuxarıda qeyd etdiyimiz kimi, məktəb yaşının təyin edilməsi uşaq psixoloqları və pedaqoqları tərəfindən çox dəqiq analiz edilmişdir. Erkən təhsilə qarşı( 6 yaş) onlar aşağıdakı arqumentləri gətirirlər:

  • altı yaşlı uşaqların böyük əksəriyyətində fiziki, motivasiya, psixoloji, emosional hazırlıq səviyyəsi aşağıdır;
  • məktəblərin özləri 6 yaşlı uşaqları qəbul etməyə hazır deyillər. Çünki, məktəblərdə uşaqların gündüz saatlarında yatması üçün ( bu yaşda uşaqlar gündüz yatmalıdırlar-Ş.Q)heç bir şərait yoxdur;
  • altı yaşlı uşaqların davranışı heç də həmişə sərbəst olmur, onlar,müəllimə qulaq asmaq əvəzinə oynamağa, ani istəklərə üstünlük verirlər, 4-5 dərsdə və hər dərsdə 45 dəqiqə oturmaq onlar onurğa sütunun deformasiyasına səbəb olur.

Göründüyü kimi, 6 yaşda məktəbə getməyin heç bir üstünlüyü yoxdur. Emin müəllimin təklif etdiyi 5 yaşından isə söhbət gedə bilməz. Gəlin, təhsilin yüksək səviyyədə olduğu ölkələrin təcrübəsinə nəzər salaq, təhsil üçün faydalı olan elementləri götürək,analiz edək, ölkəmizə uyğun olub-olmamasını araşdırdıqdan sonra yekun qərara gələk.

Şakir QURBANOV

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN