MÖVQE

Yaxud, vaxtilə yol verdiyimiz səhvlərin acısını bu gün dadırıq...

Dünyaya göz açıb, ayaq tutaraq gəzdiyim doğma Azərbaycanımda Böyük Vətən müharibəsindən bu yana baş verən hadisələrin, aclıq illərinin, xoşbəxt günlərimizin, zəlzələlərin, qasırğaların, dövlətlərarası münaqişələrin və son olaraq Qarabağ müharibəsinin şahidi olmuşam.

Bütün müşayiət etdiyim baş verənlər içərisində Birinci və İkinci Qarabağ müharibəsi qədər məndə iz buraxan hadisə olmadı. Məndə təəccüb doğuran o olmuşdur ki, Böyük Vətən müharibəsi illərində belə, ermənilər qədər qaniçici millət qeydə alınmamışdı.

Görün, onlar nə qədər qəddardılar ki, Azərbaycanın işğal etdikləri şəhər və kəndlərini dağıdıb viran qoyublar. Gərək ürəyin daşdan ola ki, bütün bu vəhşiliyə dözəsən.

Özüm əslən şuşalı olsam da, işimlə əlaqədar Ağdamda, Sumqayıtda və Bakı şəhərində yaşamışam.

Babam vaxtilə Şuşada geniş ərazisi olan İstirahət Evinin sahibi olub. Sovet hakimiyyəti yarananda babamın bütün mülkünü əlindən alaraq, əvəzində ona kənar ərazidə kürsülü böyük bir bina veriblər. Digər tikililər kimi, həmin bina da ermənilər tərəfindən sökülüb, dağıdılıb. Bundan başqa, ermənilərin Şuşada dağıtdığı qəbiristanlıqda 43 qohumum uyuyurdu. İndi ürək istəyir ki, əzizlərinin məzarını tapmadan bu dünyadan köçəsən.

Məsələ burasındadır ki, Qarabağ Azərbaycanın həmişə yaralı yeri olub. Bu məsələdə Rusiya istər SSRİ dövründə, istərsə də indi, ikitərəfli oyun oynayır. Çalışır ki, Azərbaycanın Dağlıq Qarabağı Abxaziya kimi ermənilərə bağışlasınlar. Bu səbəbdən Dağlıq Qarabağda yaşayan azərbaycanlıları öz doğma yurdlarına qayıtmasına şərait yaratmırlar. Rusiya öz aləmində müxtəlif təkliflərlə Azərbaycana təzyiqlər göstərmək istəyir ki, qarmağına nəsə keçsin. Bir məqama diqqət yetirək ki, Ukrayna hadisələri ərəfəsində V.Putin çıxışlarında SSRİ-nin tərkibindəki ölkələrin yenidən MDB dövlətlər birliyində olmalarının vacibliyini vurğulamışdı. Ona görə də Ukraynanı dörd hissəyə bölərək NATO və ABŞ-a meydan oxuması bu dövlətlə bağlı planları barədə mesajıdır. Hətta Putinin Qərb dövlətlərinə mesaj verərkən demək istəmişdi ki, lazım gələrsə, yer kürəsində bir dövlət belə qalmayacaq. Təbii ki, bu mesaj çox şeydən xəbər verir. Çıxışında nüvə silahlarından istifadə olunacağına xüsusi diqqət etməsi Putinin baş planı haqqında xəbərdarlıqdır. Putinin açıq şəkildə dünyaya meydan oxumaqla dolayı yolla Azərbaycana da xəbərdarlıq edir.

Düzünü desək, Azərbaycanın o vaxtkı rəhbərləri Dağlıq Qarabağa status verərkən uzaqgörənlikdən uzaq olublar. 7 iyul 1923-cü il tarixdə Dağlıq Qarabağa muxtariyyət verilərkən mərkəzi Xankəndi olduğu halda, sonradan Stepanaker adı ilə əvəzləndi. Eləcə də digər bölgələrə Martuni, Mardakert və s. erməni adları verildi. Son zamanlar Əsgərana rayon statusu verilməsi də təəssüf doğurur. Əgər vaxtilə Nəriman Nərimanov Qarabağın Ermənistana verilməsinin qarşısını almasaydı, görün nələr baş verərdi.

Yaxın dövrlərdə Xalq Cəbhəsi rəhbərlərinin Azərbaycanın başına nələr gətirdiklərini də unutmamışıq. Doğrudur, cəbhəçilərin arasında qeyrətli, vətənini sevən mərd oğullarımız heç də az olmayıb. Onların adlarını saymaqla qurtarmaz, ancaq Ağdamdan olan Fred Asif, Allahverdi Bağırov kimi qəhrəman oğullarımızın adını xüsusi vurğulamaq istəyirəm. Məsələ ondadır ki, bu oğulların mənsub olduğu partiya rəhbərləri hakimiyyətə gələndən sonra Azərbaycanın başına nələr gətirilmədi? Onlarla rayonumuz hamının gözü qarşısında tarmar edildi. O dövrdə rus qoşunları Azərbaycandan çıxarılmasaydı, rayonlar əldən getməzdi. Belə ki, Rusiya Azərbaycan əldən getməsin deyə ermənilərin əli ilə rayonlarımızı işğal etdi. Bir milyona yaxın vətəndaşımız öz vətənində köçkünə çevrildi. Əgər Ayaz Mütəllibov vəzifədən getməsəydi, general Şerbakovun Ağdama gətirdiyi 90 tank və 1500 əsgərlə erməniləri torpaqlarımızdan çıxaracaqdı. Ancaq AXCP rəhbərləri buna imkan verməni. Nəticədə, nələr baş verdiyinin hamımız şahidiyik.

Sərdar Həmidovun xətrinə Tərtər rayonu işğal olunmasın deyə, general Nəcməddin Sadıqov Ağdamın Güllücə və Qərvənd kəndlərini ermənilərə hədiyyə etdi. Sonra da Surət Hüseynov, Rəhim Qazıyev kimilər Qarabağın işğalına şərait yaratdılar. İndi də haqsız yerə Azərbaycan dövlətinin son bir ildəki gördüyü işlərə kölgə salmaq istəyirlər.

Hadbuki V.Putinin Qarabağla bağlı son çıxışları bir daha sübut etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bir daha təsdiqlənir ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, uğurlu diplomatiyası, Azərbaycan Ordusunun şücaəti nəticəsindədir.

Onu da unutmayaq ki, Azərbaycan-Türkiyə bir millət, iki dövlət olaraq qardaş Türkiyə tərəfindən həmişə dəstəkləndik. 1918-ci ildə Mustafa Kamal Atatürk Azərbaycana necə kömək əlini uzatdısa, bu gün də Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsində bizimlə həmrəy, yanımızda oldu, qardışlığını əməli ilə sübut etdi.

Bir vacib məqamı da qeyd edim ki, Azərbaycan prezidentinin cəmiyyətə məlum olmayan gördüyü bəzi işlərin İkinci Qarabağ müharibəsindən sonra üzə çıxması xalqımızda, millətimizdə tarixə qızıl hərflərlə yazılacaq izlər buraxdı. Bəzi insanlar elə dərk edirdi ki, torpaqlarımızın işğaldan azad olunması ilahinin işidir. Halbuki bugünkü Zəfər Günümüzün səbəbkarı böyük həyat təcrübəsi olan vətənpərvər prezident İlham Əliyevdir. İşin təşkili, Rusiya, Türkiyə ilə razılaşmalar, silah-sursat, mütəşəkkil ordu yaratmaq, düşünülmüş planların nəticəsi artıq göz qabağındadır.

Əgər vaxtilə AXCP düzgün yolda olsaydı, şəhərlərimiz, qəsəbələrimiz erməni faşistlərinin əlinə keçməzdi, məhv edilməzdi, xarabalığa çevrilməzdi, ölkədə ikinci sənaye şəhəri olan Ağdamdakı xalça fabriki, dəzgah təchizatı zavodu, ət kombinatı, süd zavodu, peşə-texniki məktəblər, mexanizasiya texnikumu, tibb bacısı məktəbi, şərab zavodu və s. minlərlə işçi ilə təmin olunan müəssisələr dağıdılmazdı. Həmin obyektlərin yenidən qurulacağı on illər vaxt aparacaq.

Digər tərəfdən, bu gün İran dövlətinin Azərbaycana qarşı düşmən mövqedən yanaşması da təəssüf doğuran haldır. Ola bilər ki, Rusiya dolayı yolla, yəni İran vasitəsilə Azərbaycana təsir etmək məqsədi güdür. Belədirsə, onda Rusiyanın ikili oyun oynamasına şübhə qalmır. Hadisələrin gedişi ola bilsin ki, Rusiya dövlətinə görə ehtiyatlı mövqedə olmasına dəlalət etsin. Belə ki, Ermənistan qərb dövlətlərinə meylli olaraq əldən getməsin deyə, Rusiya müxtəlif gedişlərdən istifadə etsin. Bütün variantlarda Rusiya prezidenti V.Putin təmkinli davranaraq Azərbaycanla qonşuluq, dostluq əlaqələrini qoruyub saxlamağa çalışır. Bu məqamdan istifadə edərək, ermənilərin bütünlüklə torpaqlarımızdan, sərhədlərimizdən kənara çıxarılmasına çalışmalıyıq. Buna hazırda şansımız var. Çünki artıq status söhbəti tam olaraq gündəlikdən çıxarılıb. Bu məsələ də məhz prezident İlham Əliyevin sayəsində həllini tapıb. Şuşaya ikinci yolun Füzuli rayonu istiqamətindən çəkilməsi təqdirəlayiq işdir. Ancaq əminik ki, Ağdamdan Şuşaya gedən yol da tezliklə açılacaq. Eyni zamanda, inanırıq ki, dövlət başçısının Ağdamın işğaldan azad olunduğu gün vəd etdiyi layihələr həyata keçiriləcək, viranəyə çevrilmiş şəhərimizdə gözəl, yaraşıqlı binalar tikiləcək, sənaye müəssisələri yenidən yaradılacaq, insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bütün bunların gerçəkləşməsi isə prezident İlham  Əliyevin siyasətinə, fəaliyyətinə kölgə salmağa cəhd edənlərə tutarlı cavab olacaq.

Amil Ağalar,

Azərbaycan KP Ağdam şəhər təşkilatının birinci katibi

       

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN