Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı videogörüntülər ictimai müzakirələrə yol açıb.

Videogörüntüdə məsum bir körpənin yemək yeyərkən fotosunu çəkməyə çalışan "tərbiyəçi" ona yediyi yeməyi udmamağı, ağzında saxlayaraq baxmağı əmr edir. Və təbii ki, 3 yaşlarında olan  (videodaki uşaq 2-3 yaşlarında görünür) körpə ağzındakı qidanı ac olduğu üçün udmağa çalışır. Və bu zaman  "tərbiyəçi" həmin uşağı öz anladığı və tərbiyəsi səviyyəsində dediklərini əməl etməyi "öyrədir". Və başına möhkəm bir qapaz da çəkir...

 ***

Qeyd edim ki, son illər körpələr arasında ünsiyyət, gec danışma problemi artmaqdadır. Pandemiya bu problemi daha da tətiklədi – uşaqlar daha çox evə qapadıldı...

 Mütəxəssislər azyaşlıların uşaq bağçalarında, yaşıdları ilə ünsiyyətdə olmasını tövsiyə edirlər. Buna görə də heç iş həyatı olmayan analar da, övladlarının sosiallaşma problemlərinin qarşısını almaq üçün, uşaq bağçalarına - körpələr evinə müraciət edirlər. Lakin bağçalarla bağlı yayılan belə xoşagəlməz görüntülər, valideynləri təşvişə salır: bu, başa düşüləndir. Belə çıxır ki, körpəsinin daha yaxşı inkişafı üçün etibar etdiyi bağçada, əksinə şiddətə məruz qalır - psixoloji travma alır ...

Bəs valideynlər bu cür tərbiyəyə ehtiyacı olan "tərbiyəçi"lərdən necə qorusunlar uşaqlarını, onları bağçalara necə etibar etsinlər? Və bu məqamda altını çizərək bir fikri də qeyd etmək istərdim ki, bağçalarda bütün tərbiyəçilər videoda gördüyümüz "tərbiyəçi"nin “üsulu”ndan istifadə etmir. Əlbəttə, hamını eyni ad altında qaralamaq da olmaz. Lakin baş verənlər, bağçalara güvənərək övladlarını-canlarının bir parçasını etibar edən valideynləri çox narahat etdi.  Bu arada qeyd edim ki, hazırda fəaliyyət göstərən bir çox özəl uşaq bağçalarında müşahidə video-kameraları var və bir çox valideynlər övladlarının gün ərzində nə ilə məşğul olduğunu, onunla necə davranıldığını məhz telefonlarına yüklədikləri proqram vasitəsi ilə izləyə bilirlər. Bəs uşaqları bu xidməti göstərməyən bağçalara (əsasən dövlət bağçaları) gedən valideynlər nə etsinlər?.. Xatırladım ki,  bu günlərdə dövlət başçısının sərəncamına görə, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verildi. 

Qeyd edim ki, 2011-ci ildən uşaq başçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyində idi.

***

Və bu gün Təhsil Nazirliyi uşağa şiddət göstərən tərbiyəçi ilə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib.

Həmçinin Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyib və bunun yolverilməz olduğunu vurğulayıb.

Qeyd edəim ki, baş verən hadisədən sonra axşam.az saytı həmin uşaq bağçası ilə əlaqədar maraqlı araşdırma aparıb. Bidirilib ki,  bağçanın instaqram hesabında bütün uşaqların yemək yeyərkən çəkilən görüntüləri yer alıb.

"Körpələrin ağzında və ya qarşısında yemək varkən şəkillərinin çəkilməsi zamanı onların da belə şiddətə məruz qalıb-qalmadığı isə sual doğurub", - deyə sayt qeyd edir.

Və hazırda həmin bağçanın müdirinin Tükəzban Məmmədova olduğu bildirilib.

Daxili İşlər Nazirliyindən də hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupunun bağçada oıduğunu və müvafiq sorğu və izahat işləri aparıldığı bildirilib.

"Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.

Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək", -deyə məlumatda qeyd edilib.

Y.MƏMMƏDLİ

P.S. ÇOX TƏƏSSÜF Kİ, UŞAQ BAĞÇASININ SABİQ “TƏRBİYƏÇİ”Sİ BAĞÇANI REKLAM ETMƏK ÜÇÜN BU CÜR “ÜSUL”DAN İSTİFADƏ EDİRMİŞ. DÜŞÜNÜRƏM Kİ, BAŞ VERƏNLƏR REKLAMLARINI DÜŞÜNƏN BAĞÇA MÜDİRLƏRİNƏ, HƏM DƏ TƏRBİYƏÇİLƏRƏ DƏRS OLMALIDIR...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN