İkinci Qarabağ müharibəsinin iştirakçısı, Sabirabaddan olan qazi Elvin Cəfərovun özünü yandırması hər kəsi təəccübləndirdi və onu bu həddə çatdıranlara qarşı narazılıq hələ də davam edir. Çünki belə olmamalı idi...

Artıq mətbuatda da qeyd olunub ki, Elvinlə bərabər 44 günlük savaş bitəndən bu günə kimi 36 qazi intihar edib. Bu, heç də az rəqəm deyil. Biz bununla ancaq düşmənlərimizi sevindiririk. O boyda savaşdan salamat çıxıb gələnləri bəzi məmurların laqeydliyi, səriştəsizliyi öldürür...

Məlumdur ki, Ali Baş Komandan, Prezident İlham Əliyev ötən ilin dekabrında sərəncam verdi ki, II Qarabağ döyüşünün veteranlarına 2022-ci il yanvarın 1-dən veteran vəsiqəsi və 80 manat təqaüd verilsin. Yanvarın 1-dən başlayaraq demək olar, 2 ay ərzində 76 min veterana təqaüd verildi. Amma 12 min 500 nəfərdən çox veterana 7-ci aydır ki, həmin təqaüd verilmir. Görəsən, Prezident sərəncamının icrası niyə ləngidilir?

Bu barədə redaksiyamıza daxil olmuş veteranların şikayəti əsasında xeyli araşdırma apardıq. Çox maraqlı bir mənzərə üzə çıxdı. Məlum oldu ki, Müdafiə Nazirliyi vaxtında onların da siyahısını əvvəlki 76 min veteranın siyahıları ilə bir yerdə Nazirlər Kabinetinə göndərib. Amma Nazirlər Kabineti, nədənsə, göndərilən siyahıların içindən bu 12 min 500 veteranın adını geri qaytarıb. Səbəb də bu olub ki, bu 12 min 500 nəfər müxtəlif bölgələrdə yerləşən hərbi hissələrdən döyüş gedən əraziyə ezam olunublar. Onların ezam olunması barədə hər biri haqqında xidmət etdikləri hərbi hissənin təsdiqləyici arayışı lazımdır. Gülməlidir, deyilmi? Axı müharibə qurtarandan ay yarım sonra, yəni 2020-ci il dekabrın 25-də və 29-da Prezident İlham Əliyev döyüşənlərin medallarla təltif olunması haqqında sərəncam imzalayıb və həmin sərəncam əsasında da döyüşçülər müvafiq medallarla təltif olunublar. İndi sual olunur, hərbi hissədən göndərilən siyahı əsasında Prezidentin sərəncamla medal verdiyi döyüşçülərə Nazirlər Kabinetindən kimin şübhəsi var? Bu nə biabırçılıqdır? Müdafiə Nazirliyinin təqdim etdiyi siyahının içindən ezam adı ilə  12 min 500 nəfəri geri qaytarmaq hansı məntiqə sığır? Bu, özbaşınalıq deyilsə, bəs nədir?  Nazirlər Kabinetində Prezident sərəncamına laqeyd yanaşmağa cəsarəti çatanlar kimlərdir və II Qarabağ müharibəsinin  76 min veteranına iki ay ərzində təqaüd verənlər 12 min 500-dən çox vətən yolunda canını qoyan bu qəhrəmanlara  niyə 7-ci aydır  80 manat təqaüdü vermək istəmirlər?

Məhz bu kimi səbəblərdən qazi Elvin Cəfərovun özünü yandıraraq, intihar etməsindən az keçməmiş II Qarabağ döyüşünün istirakçısı olan və taleyin lütfündən salamat qayıdan yüzlərlə müharibə veteranı Müdafiə Nazirliyinin qarşısında  ötən həftə etiraz aksiyası keçirdilər. Veteranlar əllərində döyüşməkləri barədə hərbi hissə tərəfindən müvafiq qeydlər yazılmış hərbi biletlərini göstərərək, haqlarını tələb edirdilər. İndi dinc şəraitində keçən aksiyaya polislər heç bir müdaxilə etmədilər. Sağ olsunlar.

Prezidentin çağrışına səs verib döyüşə gedən bu qazilərə, veteranlara, xalqımıza qələbə sevinci yaşadan, torpaqlarımızı 30 illik işğaldan azad edən bu qəhrəmanlara kimdir axı qənim kəsilənlər? Ali Baş Komandan, Prezident İlham Əliyevin əsgərləri olmuş bu insanları incidənlərin, onları döyüşməklərinə peşman edənlərin məqsədi qara niyyətlidir. Niyə ən yuxarı səviyyədə bu məsələ araşdırılmır ki, kimdir bu qaziləri və veteranları dövlətdən, öz Ali Baş Komandanından narazı salmağa çalışanlar?

Müdafiə Nazirliyindən aldığımız dəqiq məlumata görə, ilk dəfə geri qaytarılan 12 min 500 nəfərin hər biri haqqında hərbi hissələrdən döyüşməklərini təsdiq edən arayışlar alınıb və siyahı yenidən hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti də bütün o siyahıdakı veteranları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” alt sisteminə daxil etməli idi. Bunun üçün öyrəndiyimizə görə, 2, ya 3 gün vaxt bəs edir. Ancaq bir aydan çoxdur ki, Nazirlər Kabineti hələ də həmin veteranların adlarını “Zəfər” alt sisteminə daxil etmir. Veteranlara 80 manatı almaq üçün müvafiq bank kartı “DOST” Xidmətində verilməlidir. “DOST” Xidməti ilə əlaqə saxladıqda isə bildirirlər ki, Nazirlər Kabinetindən onlara siyahı göndərilməyib. Sanki 12 min 500 veteranın siyahısı Nazirlər Kabinetində “Bermud üçbucağı”na düşüb.

Ona görə də onların adları hələ ki, heç yerdə gözə dəymir. Müdafiə Nazirliyindən verilən hazır siyahını təsdiq edib “DOST” mərkəzinə göndərmək niyə belə böyük bir problemə çevrilib? Necə olur ki, 76 mindən çox veteranın 80 manat təqaüdü 2 ay ərzində verilir, amma 12 min 500 nəfərdən çox veteranın təqaüdü 7 aydır ki, öz həllini tapa bilmir?

Aldığımız məlumata görə, Nazirlər Kabinetində kimi təklif edib ki, əvvəlcə hər biri haqqında hərbi hissədən arayış təqdim edilsin, başqa birisi deyib ki, bir arayışla 12 min 500 nəfərin döyüşdüyünü təsdiq etmək olar, digəri isə veteranların pulunu gecikdirmək üçün bildirib ki, gəlin təqaüdü əvvəlcə zonalar üzrə verək. Yəni əvvəlcə döyüş Füzuli istiqamətində başladığı üçün o zonada döyüşənlərə birinci verək. Sonra Cəbrayil, Hadrut, Suqovuşan, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın, və Şuşa istiqamətində döyüşənlərə verilsin. Görünür, bu məmurların xəbəri yoxdur ki, ilk döyüş Kəlbəcər-Murov istiqamətində başladı və Ömər aşırımının azad olunması təmin edildi. Maraqlıdır ki, 12 min 500 nəfər veteranın arasında xeyli sayda insan Kəlbəcər-Murov istiqamətdə döyüşənlərdir. Daha və ən maraqlısı odur ki, bu 12 min 500 nəfərin arasında əsgər və zabitlə bərabər, polkovnik, general rütbəli döyüşçülər də var. Belə rütbəli insanlar da, hələ də 80 manatlıq veteran pulunu ala bilmirlər.

Çox istərdik bu məsələlər barədə Nazirlər Kabinetinin hər hansı bir rəsmisi açıqlama versin ki, bu, belə deyil. Jurnalist olaraq dəfələrlə cəhd etmişik ki, Nazirlər Kabinetinin hansısa bir rəsmisindən bu barədə bir məlumat alaq. İnanın ki, zənglərimiz də sanki “Bermud üçbucağı”na düşüb itir və heç kəsdən bir cavab ala bilmirik. Bizə müraciət edən veteranlara da hər hansı bir məlumat verməkdə acizik.

İnanmaq istərdik ki, hörmətli baş nazir Əli Əsədov, nəhayət, Prezidentin sərəncamına laqeyd yanaşanlara yerini göstərərək, veteranların siyahısını tez bir zamanda “Zəfər” alt sisteminə daxil edilməsinə göstəriş verəcək.

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN