Redaksiyamıza Lənkəran-Lerik şose yolunun 23-cü kilometrliyində fəaliyyət göstərən "Çənlibel" istirahət mərkəzinin direktoru Elxan Hacıyevin şikayət məktubu daxil olub. E.Hacıyev "Sahibkarlıq və Hüquq" adlı MMC-nin cənub sahəsi üzrə səlahiyyətli nümayəndəsi Abid Məhərrəmovdan şikayətçidir.

Məktub müəllifi yazır: "Lənkəran rayonununn Sütəmurdov kənd sakini Abdin Cəlal oğlu Məhərrəmovu çoxları tanıyır. Bu adam, necə deyərlər, yaşının ahıl çağında dinc oturmur, özü də "Sahibkarlıq və Hüquq" MMC-nin cənub sahəsi üzrə səlahiyyətli nümayəndəsidir. Görün o, sahibkarların hüquq və mənafeyini necə müdafiə edir?

2022-ci il iyul ayının 16-da özündən başqa 3 nəfər həmkarı ilə rəhbərlik etdiyim Lənkəran-Lerik şose yolunun 23-cü kilometrliyində yerləşən "Çənlibel" istirahət mərkəzinə gəliblər. Əvvəlcə özlərinə çay gətizdirib və sonra "əməliyyat"a başlayıblar. Abid Məhərrəmovun "yoxlaması" düz 4 saat çəkib. O, istirahət mərkəzinin xidmətçilərini çək-çevir edib, işin gedişini pozub. Bu, qısa video görüntüdə də öz əksini tapıb.

Sonra Abid Məhərrəmov xidmətə görə çek tələb edib. Onlara kassa çeki verilib, eyni zamanda mədəni xidmət göstərilib, tərəfimizdən heç bir qeyri-etik hərəkətə yol verilməyib.

Həmin gün atamın vəfatının il mərasimi olduğu üçün mən Bilnə kəndində olmuşam. Bu səbəbdən də mən iş yerində olmadığıma görə Abid Məhərrəmovla görüşə bilməmişəm. Abid Məhərrəmov və onunla gələn 3 nəfər heç nəyə məhəl qoymadan qərəzçilik edərək istirahət mərkəzinin normal fəaliyyətinə maneçilik törədiblər, işin ahəngini pozublar, xidmətçilərə hədə-qorxu gəliblər, onların səlahiyyətinə aid olmayan işlərə qarışıblar.

Halbuki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azad sahibkarlığı, turizm-istirahət mərkəzlərini inkişaf etdirmək barədə qərarlar, göstərişlər verib. Belə olan halda, Abid Məhərrəmov kimilərinin Prezidentin adından sui-istifadə edərək sahibkarlıq fəaliyyətinə maneçilik törətməsi hansı məntiqə sığır? İnanıram ki, 15 il ərzində heç bir qanun pozuntusuna yol verməyən "Çənlibel" istirahət mərkəzinin fəaliyyətində nöqsan axtaran "Sahibkarlıq və Hüquq" adlı MMC-nin nümayəndəsi Abid Məhərrəmovun qanunsuz əməlləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görüləcək".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN