İkinci Qarabağ müharibəsi iştirakçısı Fəqan İsayev üç aydır bel yırtığı xəstəliyi üzündən hərəkət etməkdə çətinlik çəkir. F.İsayev 1994-cü il noyabrın 9-da Göyçay rayonunun Mırtı kəndində dünyaya gəlib. Ailədə üç övladdırlar. Hər üçü evlidir. F.İsayev iki qardaşı və valideynləri ilə birgə köhnə, yarımçıq tikilidə yaşayırlar.

Bu barədə aidiyyəti qurumlardan kömək istəyən müharibə iştirakçısı bildirir ki, 2020-ci ilin 21 sentyabrından təlimə qatılıb və 31 dekabr tarixinə qədər müharibə iştirakçısı olub. Bel nahiyəsindən ağır zədəni döyüşdə alıb. Həmin zədədən indi çox əziyyət çəkir.

Fəqan İsayev Ağdərə, Talış, Suqovuşan istiqamətində döyüşüb: “Birinci əməliyyatda Ağdərədə çox itkilər verdik. İkinci əməliyyatda özüm də xəsarət aldım, partlayış nəticəsində yaxınlıqdakı qayalığa çırpıldım. Başımdan və belimdən zədə aldım. Zərbədən huşumu itirmişəm. Sanitar köməkçilər ilkin tibbi yardım ediblər, iynə vurublar. Nəticədə özümə gələ bildim. Zədə alsam da, Vətənə olan borcumu ödəməliydim. Çünki onda sağlamlığımı düşünmürdüm, oğullara birgə torpağı almağı düşünürdük. İndi də asqıra, öskürə, yata-dura bilmirəm. Ailə üzvlərimin, bir də əl ağacının köməyi ilə yeriyirəm. Bu, nə vaxta qədər olacaq? Ağrılarım getdikcə kəskinləşir”.

F.İsayev bildirir ki, son üç aya qədər müxtəlif işlərdə çalışıb. İndi isə belindəki yırtıq ona hər cür fiziki və psixoloji çətinliklər yaradır: “Nə müstəqil hərəkət edə, nə də əvvəlki tək işləyə bilirəm. Əlimdəki ağaca, valideynlərimin köməyinə möhtac qalmışam. Kəskin sinir pozuntusu da əsəblərimi tarıma çəkib. Belimdə, kürəyimdə şiddətli ağrılarım olur. Ağrı sağ, sol ayaqlarıma, böyrəyimə vurur. Sinirlərimi iflic edib, çevrilə, əyilə bilmirəm. Yatanda belə üzü üstə yatıram, çox vaxt ağrıdan gözümə yuxu getmir. Həmişə işləyən adam olmuşam, indi işə həsrətəm. Özüm özümə əsəbiləşirəm ki, niyə bu vəziyyətə düşdüm? Tikintidə usta yanında çalışmışam, təsərrüfatda, meyvə bağlarında mövsümü fəhlə kimi işləmişəm. Bir az torpağımız var, kiçik qardaşımla birgə orda istixana salmışdım. Əkdiyimiz yaxşı qiymətə getmədi. Evimiz köhnə, yarımçıq tikilidir. Yağış yağanda evə tökülür. Otaqların heç təmiri, divarı, qapısı, pəncərəsi yoxdur. İki otaq müvvəqqəti yaşamaq üçündür”.

Öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edən F.İsayevin dərdinə orda əlac tapılmayıb. Həkim bel nahiyəsində 6 mml ölçüdə yırtıq olduğunu bildirib. Əməliyyat üçün min manatdan yuxarı vəsaiti tapmadığı üçün ucuz müalicə metoduna, türkəçarəyə əl atıb: “Bakıda əməliyyat üçün 1200 manat istədilər. İmkanım olmadı. Borc-xərclə Qubaya getdim. Belimə çəkilən qır bir müddət ağrılarımı azaltsa da, ancaq sağaltmayıb. Həkimin yazdığı aylıq 15 manatlıq resepti belə almaq imkanında deyiləm. İstəyim dövlət xəstəxanalarında ciddi müayinə və müalicə olunmaqdır. Nə ev istəyirəm, nə maşın, müalicə olunmağımı istəyirəm. Səhhətimin əvvəlki kimi olmasını istəyirəm. Rahat yeriyə, iş görə bilim, öz qabarlı əllərimlə halal çörəyimi qazanım”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN