Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranan Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin yaranmasının 35 illiyi yüksək səviyyədə keçirildi…

Oktyabrın 13-də Müharibə Əmək və Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin baş ofisində bu qurumun yaranmasının 35 illiyi münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə qurumun sədri, Prezident təqaüdçüsü, ikinci dünya müharibəsi və Əmək veteranı, 101 yaşı gələn ilin yanvarında tamam olacaq Fatma Səttarova, onun müavini polkovnik Cəlil Xəlilov, qurumun rəhbər heyətində olan Timoşenko Vladimir Vasilyeviç, Azərbaycanın bütün rayonlarının regional bölmələrinin sədrləri və üzvləri, bir çox nazirliklərin nümayəndələri, ikinci Qarabağ döyüşünün qaziləri, veteranları, şəhid ailələri, Müdafiə Naziliyinin əsgər və zabitləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, həmçinin dünyasını dəyişən Müharibə və Əmək Veteranlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Bir dəqiqəlik sükutdan sonra Azərbaycanın dövlət himni səsləndi. Sonra A.Qurbani Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin yaranmasında Ulu Öndər Heydər Əliyevin xidmətini xüsusi olarar qeyd elədi. Heydər Əliyevin veteranlara həmişə diqqət və qayğısının olduğunu, onlarla tez-tez görüşdüyünü bildirən A.Qurbani daha sonra dedi: “Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlarına Ali Baş Komandan Prezident cənab İlham Əliyev bu gün də diqqət göstərir. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük ikinci Qarabağ savaşında Ali Baş Komandan kimi Prezident İlham Əliyev tarixi Zəfərə imza atdı. Azərbaycanın rəşadətli ordusu məhz İlham Əliyevin rəhbərliyi altında 30 illik torpağımızın işğalına son qoydu və başımızın uca tutulmasına səbəb oldu. Bu yolda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyirik. Qazilərimizə Allah tezliklə şəfa versin. Bir vaxtlar müharibə veteranı deyəndə ikinci dünya müharibəsinin ağsaqqal insanları yada düşürdü. İndi isə bu adı gənclərimiz daşıyır. Çünki bu gənclər ikinci Qarabağ savaşında sinələrini düşmənə sipər edərək böyük qəhrəmanlıqlar göstərmişlər. Bu gün veteranların bayramıdır. Bayram münasibətilə hər bir veteranı ürəkdən təbrik edirik və onlara cansağlığı, uzun ömür arzulayırıq”.

A.Qurbani çıxış üçün ilk sözü qurumun sədri Fatma Səttarovaya verdi. Fatma xanım öz çıxışında veteranlara göstərilən diqqət və qayğı üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov bu qurumun yaranmasından, 44 günlük mühaıribədə veteranların cəbhədə göstərdiyi fəaliyyətindən söz açaraq qeyd etdi ki, təşkilat Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb: “Təşkilatımız həmişə dövlətçiliyimizin keçiyində dayanıb və həmişə də dayanmaqda davam edəcək».

Tədbirdə iştirak edən Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş Sektorunun məsul əməkdaşı Samir Məmmədov vaxtilə babasının da ikinci dünya mühalribəsinin veteranı olduğunu, onun döyüş xatirələrini çox maraqla dinlədiyini diqqətə çatdıraraq dedi: “İndi çox şadam ki, öz Vətənimiz uğrunda döyüşən gənc veteranlarla bir sıradayam. Biz gənclər yaşlı veteranlardan həmişə Vətənə necə xidmət etməyi, dövləti necə sevməyi öyrənirik. Biz gənclər də ikinci Qarabağ müharibəsində olduğu kimi həmişə Vətənin keşiyində durmağa və Ali Baş Komandan Prezident cənab İlham Əliyevin əmrini yerinə yetirməyə həmişə hazırıq”.

Tədbirdə Müdafiə Naziri Zakir Həsənovun, Gənclər və İdman Naziri Fərid Qayıbovun, Respublika Həmkarlar Təşkilatları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Əmək və Əhalinin Sosial Müdalfiəsi Naziri Sahil Babayevin veteranlara təbrik məktubu oxundu.

Tədbirdə təşkilatın yaranmasının 35 illiyini əks etdirən videoçarx nümayiş edildi və hərbi vətənpərvəlik mahnıları səsləndirildi. Veteranlara həsr edilən mahnı isə xüsusilə diqqətəlayiq idi.  

Müharibə Əmək və Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin rayon şöbələrinin sədrləri çıxış edərək Vətənə, dövlətə və onun Prezidentinə sadiq olduqlarını, öz bilik və təcrübələrini gənc veteranlarla bölüşməyə həmişə hazır olduqlarını bildirdilər .

Tədbirdə birinci Qarabağ müharibəsinin veteranı, oğlu ikinci Qarabağ döyüşünün iştirakçısı kimi Nizami rayon Veteranları Təşkilatı adından bu sətirlərin müəllifinə söz verildi. Mən öz çıxışımda bunları dedim: “Mən həm birinci Qarabağ müharibəsinin veteranı, həm də ikinci Qarabağ müharibəsi veteranının atası kimi təşkilatın yaranmasının 35 illiyi münasibətilə Nizami rayon Veteranları Təşkilatı adından hər kəsi təbrik edirəm. Mən istəyirəm bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin bir cümləsini xatırladım: “44 günlük müharibədə qazandığımız qələbəyə görə şəhidlərə, qazilərə və veteranlara borcluyuq”. Göründüyü kimi prezident bu üç qardaşı bir-birindən ayırmır. Ona görə də xahiş edirəm hər kəs öz çıxışında şəhid və qazilərlə bərabər, qələbədə böyük pay sahibi olan veteranları da yada salsınlar. Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin Nizami rayon Təşkilatının sədri Yəhya Ağayev gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında həmişə xüsusi fəaliyyətilə seçilib. Ona görə də işində fərqləndiyinə görə Fəxri fərmanla təltif olunan  bir çox təşkilat rəhbərləri və fəalları sırasında Yəhya Ağayev də var. Bu gün də bu tədbirdə təşkilatın bir çox tanınmış üzvləri iştirak edir. Fürsətdən istifadə edib təşkilatın rəhbərliyinə bir təklif vermək istəyirəm. Xahiş edirəm yuxarı instansiyalarda məsələ qaldırılsın ki, Qarabağ veteranlarına verilən 80 manat təqaüd artırılsın və bu insanlar heç olmasa kommunal xidmətlərdən azad olunsunlar, həmçinin onların nəqliyyatdan pulsuz istifadə edilmə hüququ tanınsın. Bütün bunlar düşünürəm ki, veteranların əməyinə verilən qiymət kimi çox dəyərli olacaq. Bir daha bütün üzvləri təşilatın yaranmasının 35 illik yubiley münasibətilə təbrik edirəm”.

 Mənim çıxışımdan söz alan təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov bunları bildirdi: “Etdiyiniz bu təkliflər üçün təşəkkür edirəm. Onu da diqqətə çatdırmaq istəyirəm ki, sizin qaldırdığınız bu məsələlər barədə biz Milli Məclisə müraciət etmişik. İnanıram ki, bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapacaq”.

Sonda Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov veteranlar adından Prezident İlham Əliyevə müraciəti səsləndirdi. Müraciətdə veteranlara göstərilən qayğıya görə Azərbaycan Prezidentinə təşəkkür edən veteranlar hər zaman olduğu kimi, gələcəkdə də dövlət başçısının hər bir çağırışını dəstələyəcəklərini, ölkəmizin inkişafı və tərəqqisi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

Tədbir böyük ziyafət məclisi ilə öz işini davam etdirdi.

Hazırladı: Elçin Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN