General Auqusto Pinoçet: ”Dövlət təhlükədə olanda insanlar Allahı və hərbçiləri köməyə çağırırlar, təhlükə sovuşandan sonra isə Allahı unudarlar, hərbçiləri isə ittiham edərlər”

 Kimsəsiz, internat evində böyümüş, qohum-əqraba adına qardaşından başqa bir kimsəsi olmayan şəhid Səbuhi Əhmədovun adı haqlı olaraq KİV-lərin gündəmindən düşmür. Qardaşı Sənan Əhmədovun şəhid qardaşı kimi ona və ailəsinə göstərilən laqeyd, soyuq münasibət barədə KİV-lərə və sosial şəbəkələrə danışdıqlarını ürək ağrısız oxumaq mümkün deyil. Necə yəni qardaş şəhidin ailəsi statusuna düşmür? Bu idiot qanunu kim hazırlayıb, kim təşəbbüs göstərib vicdansız qanunun qəbul olunmasına? Bu qanuna səs verəndə o deputatların vicdanları ağrımadı? Barmaqları titrəmədi? Fikirləşmədilər ki, şəhidin ailəsi deyəndə, onun atası, anası və bacı,qardaşları nəzərdə tutulur? Qardaş şəhidin ailəsi sayılmırsa, bəs onda niyə güc strukturlarına işə qəbul ediləndə nəinki qardaş-bacının özü və həyat yoldaşı, onların qynatasının,qaynanasının, baldızının, qaynının, hətta yeddi arxa dönəninin rəsmi arayış şəkilində məlumatlarını tələb edirlər? Bu suala rəsmi qurumlardan kimsə cavab verə bilərmi?

Şəhidin qardaşı onun ailəsi sayılmır deyən məmurun yaxınlarından bircə nəfər Qarabağ döyüşlərində iştirak edibmi? Övlad, qardaş itkisinin acısını yaşayıbmı? Əlbəttə yox! Yaşasaydı belə gülünc doğuran, eyni zamanda ağlamalı, həmçinin ürək parçalayan belə axmaq qanunu qayırmazdılar. Bir toyu 10, 15, həttə 20 min manata oxuyan abırsız şou əhlinə dövlət tərəfinfən, heç bir ehtiyac olmadan 3-4 otaqlı mənzil hədiyyə edilir, vətən uğrunda canından keçən şəhidin ailəsinə 2-3 otaqlı mənzili çox görürlər. Görəsən, Azərbaycan gəncliyinin mənəviyyatına sağalmaz  zərbələr vuran,  səhnədə soyunub, lütlənməklə babat pullar qazanan və şəhidin, qazinin, veteranın toyunda bircə dəfə də pulsuz oxumayan bu şou əhlinə ev verilməsi hansı qanunda yazılıb? Yox bir, şəhidin qardaşına ev vermək qanunda yoxdur. Yalansa, təpənə elə o şəhid boyda daş düşsün...

Bu günlərdə fedai.az saytında, dəyərli ziyalı, I Qarabağ döyüşünün qazisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)-nin mətbuat xidmətinin rəhbəri, araşdırmaçı alim və jurnalist Xəqani Ədəboğlu şəhid statusun verilməsi haqqında qanunun başına nə oyunlar açılması barədə çox gözəl araşdırma yazını, rəhbəri olduğu saytda dərc edib. Aktuallığını və maraqlı olduğunu nəzərə alıb, ohəmin yazı ilə tezadlar.az saytının oxucularını da tanış etmək istədim. Bu yazını oxuyandan sonra biləcəksiniz ki, şəhidlərə, qazilərə, veteranlara qənim kəsilənlər kimlərdir? Yazını olduğu kimi təqdim edərəm. 

***

Həmişə deyirəm ki, xalqımız əlillərə, şəhid ailələrinə, veteranlara və əsgərlərimizə qarşı səmimi deyillər. Buna yetərincə, hətta bir ömürlük səbəblərim var. Bunu öz həyatımda görmüşəm və müşahidə etmişəm. Yazası olsam onlarla əsərə sığmaz. Bu qəbildən olan insanların umduğu şey isə yalnız səmimiyyətdir.

 Elə ona görə də tez-tez təkrarlayıram ki, General Auqusto Pinoçet bu sözlərində necə də haqlıymış: “Dövlət təhlükədə olanda insanlar Allahı və hərbçiləri köməyə çağırırlar, təhlükə sovuşandan sonra isə Allahı unudarlar, hərbçiləri isə ittiham edərlər”.

 Son günlər kimsəsiz, yetim şəhidimiz Səbuhi Əhmədov və onun qardaşı Sənan Əhmədovla bağlı baş verənləri izləyirəm. Ortada məmur həyasızlığı və qisasçılığı, xalqımızın biganə şəkildə susqunluğu var. Yetimin göz yaşlarını mirvari bilən bir zehniyyət, yetimdən aldığını təkzib etdirir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi qanun şərh edir. 1999-2019-cu illər ərzində ölkənin Nazirlər Kabinetində “gizli əl(lər)” (əslində isə aşikardır-X.Ə.) bu təbəqəyə aid bütün qanun və qərarlara zərərli bir şəkildə düzəlişlər və müdaxilələr ediblər. Ümuniyyətlə, hərbçilərin əmək haqları və pensiyaları haqqında, “Şəhid adlarının əbədiləşdirilməsi haqqında”, “Veteranlar haqqında”, “Müharibə əlillərinin reablitasiyası haqqında”, “Əlilliyin təyin olunması meyarları haqqında”, qaunlara məqsədli şəkildə ziyanlı düzəlişlər edilib. Xüsusən də müharibə ilə bağlı xəsarətlərin yox edilməsi, “Şəhid statusunun verilməsi haqqında” qanunu tamam bərbad hala salınması olduqca maraq doğurur.. Bunu kim(lər)in etdiyi niyə araşdırılmır?

 Şəhidimiz barədə rəsmi məlumata diqqət edin. “Şəhidimiz Səbuhi Əhmədovla bağlı mediada yayılmış arayışla əlaqədar bildiririk ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış formasıdır”.

  Sosial Xidmətlər Agentliyindən verilən xəbərə görə, arayışda şəhidin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.

 “Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı; valideynləri; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

 Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunvericiliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olanı – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.

 Bu mövzunu kontekstdən  çıxaran, səhv mövqedən tirajlayan, şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik”, — məlumatda bildirilib.

 Buna deyərlər ki, gör bizim necə də «şəhidsevər» məmurcuqlarımız var.

 Əslində isə, 1999-2019-cu illər ərzində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarına diqqət edin və onun necə dəyişdirilərək bu günkü vəziyyətə salındığına ürək ağrısı ilə baxaq.

 1994-cü il 15 yanvar tarixli 10 saylı qərar:

 Şəhid ailəsi

 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

 2.1.1. arvadı (əri);

 2.1.2. valideynləri;

 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

***

2 iyun 2003-cü il tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342).

 Şəhid ailəsi

 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

 2.1.1. arvadı (əri);

 2.1.2. valideynləri;

 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

***

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 295-VIQD nömrəli Qanunu.

 Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı

 Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

 Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

 ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş və 18 yaşından yuxarı əlilliyi olan övladları,  peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr.

 İndi isə bir nüansı diqqətinizə çatdırıram. Köhnə Qanunlarda olan 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; maddəsi çıxarılıb. Amma bu gün böyük qardaş onun ailəsinin faktiki olaraq əvəz edir. Çünki şəhidimizin “ailə” deyə üz tutduğu tək ünvan qardaşı olub. Qanunda göstərilən “qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr” nəzərdə tutulur. Bəs nənələr və babalar yoxdursa, necə olsun?.. Bunlar bizi bizdən çox “istəyirlərmiş”. Bunlar bizim olan dövlətin qəpikləri üstündə guya əsir, amma bu əsməcəlilərin özləri haram yolla Dövlət babanın milyonlarını udarlar.

 Bircə xatırlatma edirəm: Yetimin göz yaşıyla yığılan sərvət, cəhənnəm atəşinin kösövləridir. Bunu unutmayın…

 Xəqani Ədəboğlu,

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

 Hazırladı və təqdim etdi: Elçın Məmmədli

P.S. Aldığımız məlumata görə, ictimaiyyətin xəbəri olmadan, heç bir ictimai müzakirəsi keçirilmədən, yəni gizli şəklildə şəhid statusunun verilməsində edilən bütün ziyanlı dəyişiklərin müəllifi Baş nazirin müavini Eyyub Yaqubovdur. Baş nazirin müavini bunu nə məqsədlə edir, hələ ki, bilmirik.  Məsələyə aydınlıq gətirilməsi  məqsədi ilə E.Yaqubovla əlaqə yaratmaq istədik, lakin  cəhdimiz nəticə vermədi. Buna baxmayaraq, bu ağrılı mövzu ilə bağlı  E.Yaqubovun mövqeyini dərc etməyə hazırıq. Bu barədə araşdırmamız olacaq.

 
 
 
 
 
 
 
 
 
BİZİM HAQQIMIZDA

Bakıda Nizami Metrosu yaxınlığında olan Kaspian plazada yerləşən Oksford və Qafqaz Təhsil Mərkəzləri dil, xaricdə təhsil və beynəlxalq sertifikatlara hazırlıq (IELTS, TOEFL)üzrə ixtisaslaşmış şirkətdir. Şirkətimiz 2016ci ildə fəaliyyətə başlamışdır. 40 nəfərdən ibarət komandamızda təcrübəli, təhsilini həm ölkə daxilində, həm də ölkə xaricində almış, xarici sertifikatlara malik peşəkar müəllimlər təşkil edir. Tələbələrimizin əksəriyyətini isə yuxarı sinif məktəb şagirdləri, müxtəlif universitetlərin bakalavr, magistr tələbələri və həmçinin xaricdə yaşamaq, təhsilini orada davam etdirmək niyyətində olan şəxslər təşkil edir.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN