“Prezident Aparatında Ramiz Mehdiyev idi. O, millətin xeyri üçün nə göstəriş verə bilərdi?”

***

Diaspora siyasətimizin yarıtmazlığı barədə hər zaman bəhs etmişəm. Qonşu Gürcüstanla bağlı siyasət nə oldu? 8 ildir ki, Zəlimxan Məmmədli Gürcüstana gedə bilmir. Bu bizim həmin qurumun başçısının deskruktiv fəaliyyətinin nəticəsidir. Söhbət Nazim İbrahimovdan gedir.

Bu fikri Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli TEZADLAR.TV-nin efirindən Fransa Senatının qarşısında etiraz etmək üçün gedənlərin rəqs etməsi biabırçılığına münasibət bildirərkən deyib.

“İndi səfirimiz fədakarlıq edir - müəyyən layihələr həyata keçirir, təqdir edirəm onu, amma bununla biz uzağa gedə bilmərik. Dünyanın siyasi mərkəzləri ilə oyun qaydalarını müəyyən etmək üçün yetkin siyasi xadimlər lazımdır, çevik qərarlar verən diplomatlar lazımdır. Diplomatlarımız siyasəti bilməlidirlər: status da verdik, vəzifə də verdik, rütbə də verdik. Yetərli deyil! İngilis dilini də bilir, fransız dilini də bilir, ispanca da bilir. Yetərli deyil!  Millətin ruhunun daşıyıcısı olmalıdır. Yoxsa biz səngiyəcəyik. Yalnız Prezident Aparatından zəng olmalıdır ki, “belə oturmayın, elə oturun”. Olmaz belə şeylər. Sənin azadlığın var, sənin səlahiyyətlərin var. Ortada bir Azərbaycan var. Bunu sənə veriblər ki, Fransada, Almaniyada... Azərbaycanı təmsil et! Sən bütün vasitələrlə nə qədər senatoru, nə qədər konqresmeni, nə qədər iş adamını... ələ keçirdin, dost etdin, nə qədər media ilə əlaqə qurdun, nə qədər nüfuzlu ağsaqqallarla əlaqə yaratdın?... Bunlar gözləyirlər ki, görək hardan gələcək göstəriş. Prezident Aparatında Ramiz Mehdiyev idi. O, millətin xeyri üçün nə göstəriş verə bilərdi? Bu bizim acı reallığımızdır. Amma Fransanın oturuşmuş bir siyasəti var. Onlar vaxtilə Xomeynini yetişdirib, bəsləyib, təmtəraqla İrana göndərdilər. Mahiyyətcə İranda hakimiyyətdə olan fars mollalarının təfəkkürü ilə Makronun təfəkkürü eynidir – türkə qarşı düşmən mövqe, ermənipərəst mövqe. Onların fikri regionda türk nüfuzunun və türk ədalətinin hakim olmasını əngəlləməkdir”, - deyə siyasətçi bildirib.

O, qeyd edib ki, Fransa Senatı qəbul etdiyi qətnamə ilə Aİ-nin vermiş olduğu qərarını, nüfuzunu şübhə altına salıb:

 “Senat nə etdi - Avropa İttifaqının Qərarını şübhə altına salan bir addım atdı. İndi Şarl Mişel kifayət qədər pozitiv bir obrazla prosesə girişib və normal da bir proses gedir. Lakin Putin pozur... İndi Fransanın nə qədər pozucu olduğu üzə çıxdı. Nə yaxşı ki, bizə calaq edilmiş ATƏT-in Minsk qrupu o 44 günlük savaşda iflasa uğradı. Fransa artıq Aİ –nin Qafqaza yönəlik siyasətində uzlaşdırıcı olmayacaq. Demək, Fransa özünü dışlayır”, - deyə siyasətçi diqqətə çatdırıb.

Qeyd edək ki, Zəlimxan Məmmədli 17 iyul 1957- ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub.

1981-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) Stomatologiya fakültəsini, 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirib.

1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır.

Hazırda Haqq Ədalət Partiyası Ali Məclisinin sədridir, Borçalı İctimai Cəmiyyətinin, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədridir, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavinidir.

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN