İkram Abdullayev, vəkil  

...Xətrini çox istədiyim, lap çox eeey istədiyim, hazırda təqaüddə olan hakim dostum danışırdı ki, Qubada məhkəmə sədri olanda bir hadisə baş vermişdir. Belə ki, Qubada Qırmızı Qəsəbədə yaşayan yəhudi qardaşlarımızla polis, prokururluq və məhkəmə orqanlarında işləyən əməkdaşlar arasında çooox maraqlı münasibət vardır. Qəsəbədən olanların hər hansı biri barədə bu orqanlarda şikayət ərizəsi olanda hamı çırtıq çalıb oynayırdı ki, pullu ərizədir. Çünki yəhudi qardaşlarımız pul verəndilər...

Bir gün polisdən məhkəməyə narkotiklə bağlı bir cinayət işi daxil olmuşdur. Deyir: “...Mən cinayət işinin materiallarını öyrənərkən gördüm ki, istintaq orqanı, yəni polislə prokuror əlbir olaraq cinayət törətmiş şəxslərdən birini tutub həbs edərək məhkəməyə verib, amma Qırmızı Qəsəbədən olan və narkotiklə məşğul olan Xanuka adlı oğlanı məsuliyyətə cəlb etməmiş onu məhkəməyə şahid qismində göndərmişdir...

Mən də 3-4 məhkəmə iclası keçirmişəm, Xanukanı şahid kimi məhkəməyə çağırıram, amma gəlmir. Həm bu məni əsəbiləşdirir, həm də Xanukadan örtü yanıma gələn də yoxdur. Yəni, bu o deməkdir ki, bu  zalım oğlu məhkəməyə pul saxlamayıb. Ona görə də Xanuka barəsində məcburi gətirmə qərarı verdim. Qırmızı Qəsəbənin sahə inspektoru Xanukanı məcburi qaydada məhkəməyə gətirdi və mənə məruzə etdi ki, Xanukanı gətirib. Dedim ki, gətir onu içəri. Sahə inspektoru Xanukanı mənim kabinetimə gətirdi, gördüm ki, Xanuka keflidir. Ondan soruşdum ki, niyə məhkəmənin çağırışına gəlmirsən? Xanuka təəccüblə sahə inspektorunun üzünə baxdı ki, yəni, bu nə deyir?! Onda mən sahə inspektoruna dedim ki, apar bunu 5 sutka sal içəri, qərarını verəcəm. Sahə inspektoru Xanukanı qatdı qabağına aparanda Xanuka sol qulağının dibini ovxalaya-ovxlaya dedi ki, “Ada Mamedov, ləçənnik dəgişib bəgəəəm???”. Sahə müvəkkili Mamedov koridorda gedə-gedə Xanukanı başa salmağa çalışırdı ki, bura polis şöbəsi deyil, məhkəmədir. Xanuka da arxaya, mən tərəfə baxa-baxa gedirdi. Onda bildim ki, Xanuka bu rayonda polisdən başqa heç bir idarəni tanımır...”.

Bu yaxında mənim də başıma belə əhvalat gəldi. Qubanın Zərdabi Bələdiyyəsinin sədri vətəndaş Aşkari Əzizə qarşı bir saxtakarlıq etmişdi. Biz də onun hərəkətindən Baş Prokurorluğa şikayət vermişdik, amma nəticə yox idi. Aşkari Əziz mənə zəng edib belə sual verdi: “İkram müəllim, Baş Prokuror dəgişib bəgəəm?” Dedim Əziz, xəbərim yoxdur, dəyişsəydi bilərdim”. Əziz dedi ki, yox dəgişib, Məmməd Əliyev kimdir, onu Baş Prokuror qoyublar... Dedim Əziz, məlumatı haradan bildiriblər? Dedi ki, “Facebook” səhifəsində özüm oxumuşam ki, “Məmməd Əliyev Baş Prokuror”. Dedim ki, Əziz, qoy baxım sənə zəng edərəm.

Telefonu qurdaladım, gördüm ki, bir neçə yerdə prokurorluq geyimində olan bir adamın müxtəlif formada şəkli var və altından yazılıb ki, “Məmməd Əliyev Baş Prokurorluq”. Baxdım ki, bu mənim çox hörmət etdiyim Məmməd müəllimdir. Əzizə zəng etdim ki, Əziz, yaxşı oxumamısan “Məmməd Əliyev Baş Prokuror” yazılmayıb, “Məmməd Əliyev Baş Prokurorluq” yazılıb. Əziz dedi ki, İkram müəllim, deməli o kişi “Baş Prokurorluqdur”, yəni bütöv Baş Prokurorluq o kişinindir, Baş Prokuror da onun tabeçiliyindədir? Bir də dedim ay Əziz yoox, Baş Prokurorluq deyəndə bütün Baş Prokurorluğun binası, onun içində işləyən əməkdaşlar, texnika, maşın, avadanlıq nəzərdə tutulur, orada hasardan içəri nə varsa o Baş Prokurorluğa aiddir. Əziz dedi, ay sağool, deməli, Baş Prokuror da o binada oturursa, o kişiyə tabedir də, İkram müəllim, burada nə anlaşılmazlıq var ki?

Gördüm Əziz deyir ki, əgər “Məm məd Əliyev  “Baş Prokurorluq” yazılırsa Baş Prokurorluqda nə varsa Məmməd Əliyevindir. Amma fikirləşirəm ki, Əziz düz demir. Əgər Məmməd müəllim şəkillərinin altından “Məmməd Əliyev Baş Prokurorluq” yazırsa, burda dərin bir məzmun var, sadəcə olaraq biz başa düşmürük ki, bu nə deməkdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN