Müsavat Partiyasının sabiq başqan müavini Yadigar Sadıqlı partiyadan istefa verib.

O, bu barədə sosial şəbəkə hesabında bildirib.

Y.Sadıqlı üzvü olduğu partiyanın fəaliyyətinin zəifliyindən, nüfuzdan düşməsindən narazılıq edib, buna görə partiyanın sabiq və hazırkı rəhbərlərini qınayıb. 

"...Son qurultaydan keçən 4 il ərzində partiyada fəaliyyətim yox idi. Ondan əvvəlki 19 il ərzində isə bütün varlığımla, bütün qabiliyyətimlə Müsavatın faydasına çalışmışam. Qarşıma çıxan bütün yolayrıcılarında Müsavatı seçmişəm, tələb olunan bütün məhdudiyyətləri tərəddüdsüz qəbul etmişəm, bütün qurbanları tərəddüdsüz vermişəm. Bunların heç birinə peşman deyiləm. Əksinə, qürur və məmnunluq duyuram və duyacam. Mən Müsavatdan istefa verirəm, amma müsavatçı kimi qalmaq üçün istefa verirəm. Yaranan vəziyyətin bir acı istehzası da budur. Siyasi fəaliyyətimə sırf III Respublika Platformasında davam edəcəm", - deyə Yadigar Sadıqlı vurğulayıb.

 Xatırladaq ki, Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. O, BDU-nin tarix fakültəsini bitirib. 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb.

2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004-2011-ci illərdə "Müsavat"ın Lənkəran şəhər təşkilatının sədri olub. 2011-2014-cü illərdə "Müsavat"da başqan müşaviri, 2014-2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014-2019-cu illərdə, həm də Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacalı qalib gəlib.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN